Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-301/2025 10.03.2026 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs kimi göstərməklə) oğlu – 22 mart 1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ailəsi ilə birlikdə Xızı şəhərində yaşayır. Oğlu - X5 22 mart 1997-ci il tarixdə Xızı rayonunda doğulmuşdur, hazırda ağır dərəcəli əqli gerilik, doğuş travması nəticəsində əmələ gələn kəskin təzahür edən imbesillik dərəcəsi diaqnozu ilə İ qrup əlildir. Oğlu öz hərəkətlərinin mənasını tam anlaya və ikinci bir şəxsin köməyi olmadan hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, oğlunun daim qayğıya və qulluğa ehtiyacı vardır. Hal-hazırda, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun üzərində qəyyum təyin edilməsi məqsədi üçün lazımdır. Ona görə də, oğlu - Səyyar Mürsəlovun məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Xızı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Xızı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XİX ЖГ seriyalı, 387601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi, anası X2 olan X5 22 mart 1997-ci il tarixdə Xızı rayonu, Xızı şəhərində doğulmuşdur. İşdə olan Xızı rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş V- ЖГ seriyalı, 466741 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X3 arasında nikah bağlanmışdır. Ərə Mürsəlov, arvada isə Mürsəlova soyadları verilmişdir. İşdə olan AZ-İ seriyalı 158944 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2007-ci ildə ölmüşdür. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Ərizəçi X1 atasıdır. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin 13 saylı tibbi sosial ekspert komissiyasının müayinəyə dair məlumatından görünür ki, 22 mart 1997-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Xızı Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli, 18-1-83/3-550/2025 nömrəli arayışdan görünür ki, 22 mart 1997-ci il təvəllüdlü Xızı rayonunda qeydiyyatda olan X5 həqiqətən də uşaqlıqdan xəstədir. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2015-ci il tarixli 1886/2015 nömrəli epikrizinə əsasən “Orta debillik dərəcəsində anadangəlmə kəm ağıllıq” (F71.0) diaqnozu ilə “Xızı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə psixiatrik dispanser müşahidəyə götürülmüşdür. İşdə olan Xızı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən də Xızı rayonu, Xızı şəhəri, Məhəmməd ünvan 1 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş 25 dekabr 2025-ci il tarixli, 4447 nömrəli rəydən görünür ki, 22 mart 1997-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MM-nin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 22 mart 1997-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 320, 321, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. ünvan 2 ünvanında qeydiyyatda olan, 22 mart 1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-301/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-301/2025
10.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver