Məhkəmə qərarları › İş №2(068)-318/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-318/2023

11.12.2023 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-318/2023 11.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi MMC-nin (maraqlı şəxs "xxxx" QSC) əmlakın sahibsiz hesab edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi MMC lilə Səftər qızı xüsusi icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, ("xxxx" QSC maraqlı şəxs kimi göstərməklə) Xızı rayonu, Yaşma və Şorabad qəsəbəsinin Şimal-Şərq istiqamətində Xəzər dənizi sahilindən təxminən 300 metr məsafədə atılmış vəziyyətdə qalmış gəminin və həmin ərazidə olan dəmir estakadanın sahibsiz hesab edilməsi və həmin əşyalar üzərində ərizəçinin mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Müəyyən edilmişdir ki, ərizədə daşınar əmlakın sahibsiz hesab edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi öz əksini tapmışdır. Belə olan halda qeyd edilən tələblə bağlı ərizə ərizəçinin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilməli idi. Belə ki, torpaqla əlaqədar olmayan, ona təhkim olunmayan, daşınmaz əmlakın əksi olan əmlak daşınar əmlaka aid edilirlər. Pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, borc şəhadətnamələri, icra vərəqələri daşınar əmlak hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu da ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Məcəllənin 152.1, 152.1.1, 152.1.5-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçinin ünvanı Bakı şəhəri, Xətai rayonu olduğu üçün Xızı Rayon Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi MMC-nin əmlakın sahibsiz hesab edilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar