Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-73/2023 11.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktının Ərizəçi1, Ərizəçi2 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onların ailəsinə Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən 1,60 ha torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Hal-hazırda isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ala bilmirlər. Belə ki, torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktında Ərizəçi1 soyadı və ata adı qeyd olunsa da, öz adı göstərilməmiş, həmçinin Ərizəçi2 adı “Xırdaxanım”, xx.xx.2015-ci il tarixində vəfat etmiş X1 adı “Xırda” kimi qeyd olunmuşdur. Bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktında yanlışlığa yol verilmişdir. Bu yanlışlığın düzəldilməsi və çıxarış alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etsələr də, 2 saylı Ərazi İdarəsinin bildiriş məktubu ilə torpaq sahəsinin onlara aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək, hüquqi faktın müəyyən olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmələrini tövsiyyə etmişlər. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, həmin torpaq sahəsi onların ailəsinə məxsus olmuşdur. Hazırda həmin torpaq səhəsini sənədləşdirmək istəyərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə bəzi yanlışlıqlar olmuşdur. Bu səbəbdən maraqlı şəxs ona imtina cavabı vermişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən 1,60 ha torpaq sahəsi Xızı rayonu, Sitalçay kənd sakinləri X7, Məmmədov Balağa oğlu və X4 mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı 720465 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə vəfat etmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı 010150 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü ildə doğulmuş X5 adını “Xanım”a dəyişdirmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli bildirişindən görünür ki, müraciətə əlavə edilmiş sənədlərin araşdırılması zamanı torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktında mülkiyyətçilərin ad, soyadlarında uyğunsuzluq aşkar olunduğundan Ərizəçi1 məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçilər Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 183 nömrə ilı qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktının onlara və xx.xx.2015-ci il tarixdə vəfat etmiş ailə üzvünə məxsus olması faktının müəyyən edilməsini xahiş edirlər. Qeyd edilən faktın müəyyən edilməsi isə onlara həmin torpaq sahələrinin sənədləşdirilməsi üçün lazımdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi1 məxsus olan şəxsiyyətini təsdiq edən sənəddə, doğum və nikah haqqında şəhadətnamələrdə ad, soyadı, ata adı tam göstərilsə də, torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktında sadəcə “Məmmədov Balağa oğlu” kimi, həmçinin anasına məxsus ölüm haqqında şəhadətnamədə anasının adı Xırdaxanım kimi göstərilsə də, torpağa mülkiyyət hüququna dair həmin dövlət aktında “Xırda” kimi qeyd edilmişdir. Eyni zamanda, digər Ərizəçi2 adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən “Xırdaxanım” adını “Xanım”a dəyişdirmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktında ərizəçinin adı “Xırdaxanım” kimi qeyd edilmiş, nəticədə bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər əsasında torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktının ərizəçilərə və xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 məxsus olması təsdiq edilir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, qeyd edilən dövlət aktının ərizəçilərə və vəfat etmiş ailə üzvünə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında verilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 183 nömrə ilı qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-183, kod 30600018 nömrəli dövlət aktının Ərizəçi1, Ərizəçi2 və xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-73/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-73/2023
11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver