Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-79/2022 06.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) torpağın mükliyyətə verilməsinə dair JN-164F seriyalı, kod 30602016 saylı şəhadətnamədə torpağın mülkiyyətçisinin o, yəni Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-983/2022 saylı, 03.03.2022-ci il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən olunması” haqqında ərizəsinə dair 2(007)-983/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır (37). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir (309.1). Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, torpağın mükliyyətə verilməsinə dair JN-164F seriyalı, kod 30602016 saylı şəhadətnamədə ərizəçinin adı “Cəmil” kimi qeyd edildiyindən, yəni ərizəçinin soyadı və atasının adı göstərilmədiyindən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən ərizəçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bu səbəbdən ərizəçi həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. MPM-də göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir (307.2.5.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Göründüyü kimi hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə ərizəçinin yaşayış yeri üzrə məhkəmədə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair işlərə isə həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Hazırkı ərizə isə hüquq müəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının tanınması ilə bağlı olduğundan işə ərizəçi yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Bakı şəhər Nizami Rayon Məhkəməsi ərizənin mahiyyətinin torpaq sahəsinin ərizəçiyə məxsus (sahibliyində) olmasının müəyyən edilməsi mənasına gəlməsi əsası ilə işi baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərmişdir. MPM-ə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisəyə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. (45.4). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-79/2022
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-79/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver