Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-95/2021 17.06.2021 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 28 dekabr 2020-ci il tarixli, ******* saylı aktın ləğv olunması, həmin akt əsasında hesablanmış 216 manat pulun silinməsi və sayğacın dəyəri 91,21 manat pulun cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, əri Məmmədov Hicran Əlipaşa oğlu 26 oktyabr 2011-ci ildə vəfat etdiyindən, 3 övladı ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbəsində yaşayır. 29 iyun 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək, qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. Bundan sonra, “Cavabdeh” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə 22 dekabr 2020-ci il tarixli aktına əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” rəyi verilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 dekabr 2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin rəyə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 2160 kub metr həcmində, yəni 216 manat dəyərində qaz itkisi hesablanaraq kod hesabına daxil edilmişdir. O, qaz nəzarətçilərinə bu məsələdən xəbərinin olmadığını və qaz sayğacına heç bir müdaxilə etmədiyini bildirmişdir. Onlar isə sayğacı çıxarıb laboratoriyaya göndərdiklərini və borcun həmin rəyə əsasən hesablandığını ona bildirmişlər. Sonradan qaz nəzarətçiləri gəlib ona məxsus sayğacı dəyişərək yeni qaz sayğacı quraşdırmışlar. Lakin, Cavabdeh İB-nin işçiləri tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə onun üzərində qalmışdır. Bu barədə dəfələrlə Cavabdeh İB-nin əməkdaşlarına müraciət etsə də, hərəsi bir bəhanə edərək, ona heç bir köməklik göstərməmişlər. Məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, əsassız olaraq cavabdeh tərəfindən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsində günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdeh təşkilata bildirsə də, hər hansı nəticə olmamışdır. Əksinə ona qarşı qərəzli mövqey saxlayan cavabdehin nümayəndələri onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. İlk növbədə bildirir ki, sayğac necə yararsızdır ki, Xaçmaz Qİİ-nin nəzarətçiləri ayda iki dəfə olmaqla sayğaca baxış keçirmiş, o, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm olaraq ödəmişdir. Həmçinin, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evinin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin sayğacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Belə ki, cavabdehin ona qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Bildirir ki, tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə bu cür müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Eyni zamanda, qaz sayğacının dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, ondan yeni quraşdırılan qaz sayğacının dəyəri olan 91,21 manatın ödənilməsinin tələb edilməsi də, əsassızdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış 01 iyul 2011-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 29 iyun 2020-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İşdə olan “Cavabdeh” İstehsalat Birliyinin qaz sayğacının yoxlanılması barədə 22 dekabr 2020-ci il tarixli, MSK-29/1710-04650-1 nömrəli aktından görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsindəki yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. İşdə olan “Cavabdeh” X1 X3 İdarəsinin əməkdaşları Elnur Allahverdiyev, Abas Abasov və Elsevər Abuşov tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunmuşdur. Müəyyən edilmiş qaz itkisinin dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan “Cavabdeh” İB Xaçmaz X3 İdarəsinin dəymiş ziyanın bərpasına dair tələbnamədən və hesablanmış dəymiş ziyanın ödənilməsi barədə bildirişdən görünür ki, 28 dekabr 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 2160 m3 - 216 manat təşkil etmişdir. Həmçinin, yeni sayğacın dəyəri olan 91,21 manat məbləğində vəsait iddiaçıdan tələb edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 29 iyun 2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən yaşayış evi üçün quraşdırılmış qaz sayğacı yoxlanılmış, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi və bu səbəbdən qaz itkisinin yarandığı aşkar edilərək 28 dekabr 2020-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. İstehlakçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 216 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Həmçinin, yeni sayğacın dəyəri olan 91,21 manat məbləğində vəsait iddiaçıdan tələb edilmişdir. Bundan sonra, iddiaçı, “Cavabdeh” X1 X4 İdarəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, “Cavabdeh” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən 28 dekabr 2020-ci il tarixdə tərtib olunmuş ******* nömrəli aktın ləğvi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin məhz istehlakçının təqsiri üzündən olması sübut olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bu Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Həmçinin, yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının düzgün işləməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bunun istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin, cavabdeh iddiaçıya məxsus sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsini və bu səbəbdən iddiaçı tərəfindən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus fərdi yaşayış evindən kənar ərazidə quraşdırılmış qaz sayğacının yararsız müddəti üçün hesablanmış 216 manat məbləğində borcun tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Çünki yuxarıda sadalanan normativ hüquqi aktların tələblərindən də, göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunması üçün müvafiq örtüklə örtülməsi və mühafizə olunması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, o cümlədən hazırda cavabdeh tərəfindən sayğacın dəyərinin ödənilməsinə dair tələbinin hüquqi əsası göstərilmədiyinə görə cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia bu hissədə də təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış, yəni sayğacın dəyəri olan 91,21 manat məbləğində vəsait cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” X1 X3 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2020-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməli və sayğacın dəyəri 91,21 (doxsan bir manat iyirmi bir qəpik) manat pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 dekabr 2020-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin və sayğacın dəyəri 91,21 (doxsan bir manat iyirmi bir qəpik) manat pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-95/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-95/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver