Məhkəmə qərarları › İş №2(068)-98/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-98/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-98/2023 30.05.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 409,14 manat əsas borc, 222,24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316,39 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 260 manat olmaqla, cəmi 1207,77 manat borcun və ödənilmiş 32,08 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli MAS-4324 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323291 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh illik 24,5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə 14 dekabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis mərkəzi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 260 manat təşkil edir. Eyni zamanda, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli MAS-4324 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 dekabr 2022-ci il tarixə ümumilikdə 947.77 manat gecikmə borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh verilmiş iddianı qismən qəbul etdiyini, iddia tələbinin ancaq dəbbə pulu hissəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli MAS-4324 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323291 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini, illik 24,5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 03 sentyabr 2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323291 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan İddiaçı MMC tərəfindən 24 yanvar 2023-cü il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Cavabdeh istifadəsində olmuş 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 260 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən 10 mart 2023-cü il tarixdə tərtib edilmiş, 724 nömrəli arayışdan görünür ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə borcu, əsas məbləğ üzrə 409,14 manat, mükafat məbləği üzrə 222,24 manat, cərimə 316,39 manat olmaqla, cəmi 947,77 manat təşkil edir. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 31 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 32,08 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, daxili lizinq müqaviləsinin əlavəsinə əsasən, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil illik 24,5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24864 manat ödənilməsi şərti ilə Cavabdeh lizinqə verilmiş, cavabdeh həmin müqavilə üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.1.4-ci maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas, gecikdirilmiş mükafat borcunun və dəymiş zərərin tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında daxili lizinq müqavilənin 7. 2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 409,14 manat əsas borc məbləğinə 316,39 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı, əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 40 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 409,14 manat əsas borc, 222,24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 40 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 260 manat olmaqla, cəmi 931,38 manat borc və ödənilmiş 32,08 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 409,14 manat əsas borc, 222,24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 40 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 260 manat olmaqla, cəmi 931,38 (doqquz yüz otuz bir manat otuz səkkiz qəpik) manat borcun və ödənilmiş 32,08 (otuz iki manat səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar