Məhkəmə qərarları › İş №2(069)-19/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-19/2025

02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-19/2025 02.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 2006-cı il tarixdə anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonu, Əmirallar kənd sakini olmaqla, məcburi köçkün kimi Beyləqan rayon ərazisində salınmış Yeni Xocavənd qəsəbəsi 25 nömrəli evdə müvvəqəti olaraq məskunlaşmış və ailə tərkibi özü ilə birgə 5 nəfərdən ibarətdir. xx.xx.2006-cı ildə anadan olmuş övladı X4 orqanizminin funkisiyalarının pozulması 100 % təşkil edir. Ağır formalı kvadraplegik spastik serebral iflicdən əziyyət çəkdiyi üçün 1-ci dərəcəli əlilik təyin olunmuş, 18 yaşına kimi övladına və baxıcısına dövlət tərəfindən təyin olunmuş təqaüd verilmişdir. xx.xx.2024-cü ildən isə 18 yaşını tamam olmuş, ona və baxıcısına dövlət tərəfindən ayrılmış təqaüd dayandırılmışdır. Bununla bağlı Xocavənd Rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətinə baxılmış və təqdim etdiyi sənədlər arasında övladı X4 fəaliyyət qabiliyyətinin məhdud olması ilə bağlı məhkəmə qətnaməsinin olmaması bildirilmişdir. Fəaliyyət qabiliyyətinin məhdud olması ilə bağlı məhkəmə qətnaməsi olmadıqda şəxsin üzərində qəyyum və ya patronaj təyin olunmağı mümkün deyildir. Oğlu sərbəst hərəkət edə bilmədiyindən hərəkətinin mənasını düzgün dərk etmək qabiliyyətinə malik deyildir. Ona görə də, 02 noyabr 2006-cı il tarixdə anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının nümayəndəsi X14 izahatında göstərmişdir ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən 02 noyabr 2006-cı il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə rəy verildiyindən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İ seriyalı 851430 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X8r. İş materiallarında olan AA5885859 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 (fərdi identifikasiya nömrəsi 82SWRMP) xx.xx.2006-cı ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmov X6 rayonu, Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 439452 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan Xocavənd rayon İHB-nın “Yeni Xocavənd” qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 68 saylı arayışından görünür ki, Rüstəmov X6 rayonu, Əmirallar kənd sakinidir. Hal-hazırda Beyləqan rayon ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində 25 nömrəli evdə arvadı X12, oğlu X10, qızı X7, nəvəsi X11 ilə birlikdə müvəqqəti olaraq məskunlaşıb yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X2 xx.xx.2025-ci il tarixli, 166 saylı rəyindən görünür ki, X5 “Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olması, yoxlanılan şəxs doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, “G80.0 Serebral iflic, tetraparetik forma, nitq qüsuru, miopatiya” diaqnozu ilə Xocavənd MRX-da qeydiyyatda olması, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, əqli geriliyi, ara-sıra narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışına görə X10 xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Kvadraplegik spastik serebral iflic, (ağır formalı). Spastik tetraplegiya, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. (İQ-35%)” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X5 “Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 “tam fəaliyyət qabiliyyəti şəxs” hesab edilməlidir. X5 müəyyən edilən “uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə” əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X10 “Kvadraplegik spastik serebral iflic (ağır formalı). Spastik tetraplegiya, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. (İQ-35%)” diaqnozu ilə müddətsiz İ-ci qrup əlildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X10 anadangəlmə uşaq serebral iflici xəstliyi ilə doğulmuş, Xocavənd MRX-da qeydiyyata alınmış, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicə almışmış və “Kvadraplegik spastik serebral iflic, (ağır formalı). Spastik tetraplegiya, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. (İQ-35%)” diaqnozu ilə İ-ci qrup ömürlük əlillik təyin edilmişdir. Bununla bağlı məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X3 rəyinə əsasən, X5 müəyyən edilən “uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə” əlaqədar səhhəti onun məhkəmə iclasında iştirakına yol verməməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X2 xx.xx.2025-ci il tarixli, 166 saylı rəyinə əsasən, 02 noyabr 2006-cı il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 02 noyabr 2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 02 noyabr 2006-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar