Məhkəmə qərarları › İş №2(069)-91/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-91/2024

24.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-91/2024 24.09.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X7 RQİİ-nə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, “Azəriqaz” X7 RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və 776,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonu, Salakətin kəndindən məcburi köçkün düşmüş və Xocavənd rayon 500 ailəlik qəsəbə ev 361-də ailəsi ilə birlikdə yaşayır. Yaşayış evində qazdan istifadə edir və istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyir, heç bir vaxta qaza görə borcu qalmamışdır. X8 Qaz İstismar İdarəsinin Beyləqan Xidmət Sahəsinin əməkdaşları tərəfindən 27.10. 2023-cü il tarixində qazın sayğacını dəyişdirmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Buna baxmayaraq, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. X2, X6, X4 və X5 iştirakları ilə tərtib etdikləri aktda sayğacın daxili qulaqlıqlarında əzik və cızıqların olduğunu qeyd etməklə, ona qanunsuz olaraq 777,60 manat cərimə hesablanmışdır. Həmin aktla razı deyildir. Belə ki, sayğaca heç bir müdaxilə etməmişdir. Qaz İdarəsinin əməkdaşlarının həmin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozmuşdur. Qaz sayğacı hasardan çöldə quraşdırılmışdır. Sayğaca müdaxilə etməyə ehtiyacı da yoxdur. Ona görə də, “Azəriqaz” X7 RQİİ-nin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və 776,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” X7 RQİİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan çıxarışdan görünür ki, Xocavənd rayon sakini İddiaçı ilə Ağdam MQKS, Beyləqan, Xocavənd qəsəbəsi -2-52 arasında təbii qazdan istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00520 olan, ailə tərkibi 5, qaçqın sayı 5 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri (PQ-4)(1/1) vardır. İş materiallarında olan Azəriqaz Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktdan müəyyən edilir ki, “Azərqaz” İB-nin 14-2-2/3-5-13727/0001 saylı aktına əsasən, sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın daxili qulaqlıqlarında əzik və cızıq izləri vardır. Sayğac istismara yararsızdır. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən xx.xx.2016-cı il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Xocavənd rayonu, Salakətin kəndində doğulmuş, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatdadır. İş materiallarında olan 48267 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1991-ci ildən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 071387 saylı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Xocavənd rayon İHB-nın Salakətin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-52-9/2-17 №-li arayışdan görünür ki, Xocavənd rayonu, Salakətin kənd sakini İddiaçı həqiqətən məcburi köçkündür və hal hazırda Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsi ev 361-də müvəqqəti olaraq məskunlaşıb yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2024-cü il tarixli, 3-16-16/2-9/4288/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, 2(069)- 91/2024 №-li mülki iş üzrə ekspertizanın təyin edilməsi barədə 10 may 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və verilməsi aşağıdakı səbəblərə görə mümükün olmamışdır. Belə ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə məlumatların təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət (İddiaçı hesablanan 777,60 manat məbəlğində borcun (cərimənin) hesablanmasını təsdiq edən ilkin sənədlər (sayğac göstəriciləri, qaimələr, aktlar (oxunaqlı şəkilədə) və s.) göndərilmişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Ona görə də, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2.3-cü bəndinə əsasən, hazırkı ekspertizanın aparılmasından imtina edilmiş və iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində nəzərdə tutulur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yenə həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yenə həmin Qaydaların 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yenə həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 kubmetrdən (1200 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,20 manat, illik istehlak həcmi 2500 m3-dən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyən edilir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən, qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur - sayğacın daxili qulaqlıqlarında əzik və cızıq izlərinin olması cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın çıxış plastmas borusunun deşilməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Xocavənd rayonunun 500 ailəlik qəsəbəsində yerləşən 361 nömrəli evinin küçədə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğac çıxarılan zaman iddia üzrə iddiaçının cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, habelə X1 Tərtər RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-nin aktı əsasında sayğaca müdaxilə olunması aşkar olunduğu, lakin müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən olunması müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır, təmin edilməli, “Azəriqaz” X3 RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, “Azəriqaz” X3 RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-i tərəfindən Xocavənd rayonunun 500 ailəlik qəsəbəsində yerləşən 361 nömrəli fərdi yaşayış evində qaz sərfiyyatına dair İddiaçı adına əsassız olaraq hesablanmış 776,60 manat cərimə borcu silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. “Azəriqaz” X3 RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2024-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin. “Azəriqaz” X3 RQİİ-nin Beyləqan rayon üzrə TQQ və SX-i tərəfindən Xocavənd rayonunun 500 ailəlik qəsəbəsində yerləşən 361 nömrəli fərdi yaşayış evində qaz sərfiyyatına dair İddiaçı adına əsassız olaraq hesablanmış 776,60 manat cərimə borcu silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar