Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-6/2025 23.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi (Xocalı rayon İcra Hakimiyyətinin başçısının Qəyyumluq və Himayəçilik orqanı maraqlı şəxs qismində göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Qəsəbə 2, 13-cü küçə, ev 136-da yaşayan qızı, 04 may 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, qəsəbə 2, 13-cü küçə, ev 136-da yaşayır. 04 may 2006-cı ildə anadan olmuş qızı X7 onun doğma qızıdır. Qızı İ qrup əlildir, anadangəlmə xəstədir. Qızına “Ağır dərəcəli əqli gerilik, F72.1” İQ-30 diaqnozu qoyulmuşdur. Qızı Gəncə şəhəri Psixoloji Dispanserində qeydiyyatdadır və Xocalı rayonundan məcburi köçkündür. Qızı öz-özünü idarə edə bilmir, yaza bilmir, hərəkətlərini idarə edə bilmir, lazım olan halda sənədlərə imza edə bilmir. Qızı ilə bağlı hər hansı bir iş olarkən onlar heç nə edə bilmirlər, onlardan qəyyumluq sənədi tələb olunur. Bu səbəbdən hazırda qızına qəyyum təyin olunmalıdır. O, Xocalı İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etmişdir. Ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir, məhkəmə qızının fəaliyyət qabiliyyətli şəxs olub-olmamasını müəyyən etməlidir. Qızı Nuray həqiqətən “Ağır dərəcəli əqli gerilik, F72.1” İQ-30 diaqnozu ilə xəstəxana qeydiyyatındadır, eyni zamanda serebral iflicdən əziyyət çəkir, özünü idarə etmək iqtidarında deyil. Məhkəmə istəsə qızının barəsində ekspertiza da təyin edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 142827 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 may 2006-cı il tarixdə Hacıkənd qəsəbəsində doğulmuşdur, anası Ərizəçidır; Forma 88 üzrə axtarışdan görünür ki, 04 may 2006-cı il təvəllüdlü X1 spastik serebral iflic, serebral iflic diaqnozu qoyulmuşdur və o, İ dərəcəli əlildir; Xocalı rayon İcra Hakimiyyətinin 11 oktyabr 2024-cü il tarixli, 5-51/2-617 nömrəli məktubundan görünür ki, Ərizəçi övladı, 04 may 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Pixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 778 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X4 “Ağır dərəcəli əqli gerilik uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F72.1) müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işdəki tibbi sənədlər, anamnestik məlumatlar (yaxınlarının deməsinə görə anadan olarkən doğuş travması ilə doğulması, ilkin psixofiziki inkişafına görə həmyaşıdlarına nisbətən xeyli geri qalması, kənar şəxslərin köməyinə ehtiyacının olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X5 xx.xx.2016-cı il tarixdə “Mərkəzi sinir sisteminin hipoksik xyi.Hipertenzion sindrom” diaqnozu qoyularaq sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2024-cü il tarixdə ona “Kvadroplegik spastik serebral iflic, Serebral iflic” diaqnozu qoyulmaqla əmək qabiliyyətsiz olduğu qeyd edilərək müddətsiz birinci dərəcəli əlillik təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Psixiatr Komissiyası tərəfindən ona “Ağır dərəcəli əqli gerilik F72.1” İQ-30 diaqnozu qoyulması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, xarici görünüşünə görə səliqəsiz olması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin müəyyən edilməməsi, stereotipik hərəkətlər etməsi, ünsiyyətə praktiki olaraq daxil olmaması, verilən sualların mənasını başa düşməməsi və onlara reaksiya verməməsi, qeyri-müəyyən səslər çıxarması, nitqinin tək bir sözlərdən ibarət olması və qeyri-aydın olması, söz ehtiyatının kasad olması, sadə göstərişləri icra edə bilməməsi, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin xeyli aşağı olması, maraq dairəsinin məhdud olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, ağır dərəcəli əqli gerilik əlamətləri müəyyən edilməsi, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Ekspert komissiyası mülki iş materiallarının, həmin mülki işdəki tibbi sənədlərin, toplanmış anammestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - yoxlanılan şəxs X4 “Ağır dərəcəli əqli gerilik uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə” xəstəliyi müəyyən edilir; - yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir; xx.xx.2024-cü il tarixli, 24222 nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin tələbinə dair qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, 04 may 2006-cı il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də 04 may 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 may 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-6/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-6/2025
23.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver