Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1006/2025 18.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337742 saylı aktın etibarsız hesab edilərək, hesablanmış 379 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu Birinci-Udulu kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Belə ki, 2024-cü ilin iyul ayında baş vermiş sel-daşqını ilə əlaqədar "xxxx" ASC-nin əməkdaşları tərəfindən evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, həmin sayğacın təbii fəlakət nəticəsində yararsız hala düşməsi və yenisi ilə əvəz olunması ilə bağlı 337742 saylı akt tərtib edilmişdir. Sonradan sayğaca yenidən baxış keçirilmiş və sayğacın işlək vəziyyətdə olduğu ona bildirilmişdir. Bundan sonra iddiaçıya mütəmadi olaraq hər ay sərf etdiyi enerji borcu ilə bağlı bildiriş gəlmiş və o, həmin bildiriş üzrə ödəniş etmişdir. 2025-ci ilin sentyabr ayında o, sentyabr ayı üzrə olan borcunu ödəyərkən adına 379 manat artıq borcun hesablandığını öyrənmişdir. Verilmiş sorğu əsasında öyrənmişdir ki, xx.xx.2024-cü il tarixli, 337742 saylı aktı tərtib edilmişdir, hesab edir ki, qeyd olunan akt qərəzli və qeyri-qanunidir. Çünki, akt tərtib edilərkən enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Ona görə də, aidiyyəti üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddianı dəqiqləşdirmə ərizəsi verərək bildirmişdir ki, iddia tələbinə borcun silinməsi hissəsində baxılmasını və 379 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcunu hər ay vaxtı-vaxtında ödəyir. 2024-cü ilin iyul ayında kənd ərazisində baş vermiş subasmadan sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edilsə də, həmin akt barədə məlumatı olmamış, habelə hadisənin üzərindən 1 ildən çox müddət keçməsinə baxmayaraq, abonent hesabına hesablanmış 379 manat məbləğindəki borc yaxın dövrdə tətbiq edilmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 337742 saylı aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00817 nömrəli abonent kodu) Hacıqabul rayonu Birinci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, təbii fəlakət (subasma) nəticəsində sayğac yararsız vəziyyətə düşmüşdür. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd DVD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca elektrik təchizatçısının əməkdaşları baxış keçirilmişdir. 2024-cü ilin iyul ayında keçirilmiş baxış zamanı Hacıqabul rayonu Birinci Udulu kəndi ərazisində baş vermiş təbbi fəlakətin (subasmanın) nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin elektrik sayğacı istismara yarasız vəziyyətə düşdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə aktdan və abonentin saldosundan müəyyən edilir ki, İddiaçı məxsus olan və Hacıqabul rayonu Birinci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın istismara yararsız vəziyyətə düşməsi nəticəsində sonuncuya məxsus abonent hesabına 379 manat məbləğində borc hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 337742 saylı akta əsasən İddiaçı məxsus (**********00817 nömrəli abunə kodu) Hacıqabul rayonu Birinci Udulu kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı sayğacın istismara yarasız vəziyyətdə olmasının aşkar edildiyi qeyd olunmuşdur. Eyni zamanda qeyd edilir ki, sayğac təbii fəlakət, yəni subasma nəticəsində nasaz vəziyyətə düşmüşdür. Belə ki, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacın istismara yararsız vəziyyətə salınmasının iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, bunun əksinə cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş aktın məzmunundan və 01 ədəd DVD diskdən görünür ki, sayğac təbii fəlakət nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, abonent İddiaçı (abonent kodu: **********00817) məxsus Hacıqabul rayonu Birinci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın istismara yararsız vəziyyətə düşməsi ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337742 saylı akt əsasında hesablanmış 379 (üç yüz yetmiş doqquz) manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent İddiaçı (abonent kodu: **********00817) məxsus Hacıqabul rayonu Birinci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın istismara yararsız vəziyyətə düşməsi ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 337742 saylı akt əsasında hesablanmış 379 (üç yüz yetmiş doqquz) manat borc məbləği silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-1006/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1006/2025
18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver