Məhkəmə qərarları › İş №2(071)-101/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-101/2024

11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-101/2024 11.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent hesabına hesablanmış 3907,69 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə su idarəsinin işçiləri gəlib onun evinə su təminatı məqsədilə su təchizatı və su sayğacı qovşağının vəziyyətini yoxlamaq üçün onun ünvanına gələrək, ünvana baxış keçirdiblər. Həmin gün onun su idarəsinə 3907,69 manat məbləğində borcu olduğunu bildirərək onun evinin su təminatını heç bir akt tərtib etmədən, ediblərsə belə ona həmin akta imza etməyi təklif etmədən dayandırıblar. O, bu qədər böyük məbləğdə borcun necə və hansı halda yarandığını onlardan soruşduğu zaman ona əlavə su sərfiyyatı nəticəsində 2018-ci il tarixdən bu günədək ödəniş etmədiyi üçün bu qədər borcun yarandığını bildiriblər. Bu sözlər ona bildirildiyi zaman onlara etirazını bildirib və 2018-ci il tarixdə onun evinə su təminatı üçün quraşdırılmış elekton kart sistemi ilə çalışan su sayğacının xarab olduğunu və həmin 2018-ci il tarixdən bəri onun ünvanına içməli suya görə hər ay verilən bildirişlərin belə gəlmədiyini 2021-ci il tarixdə yeni mexaniki su sayğacının quraşdırıldığı, lakin ondan sonra da ona bildirişlərin gəlmədiyini, onun abonent hesabına əlavə edilən 3907,69 manat borcun iki nəfərin sərfiyyatı üçün ağılasığmaz dərəcədə çox hesablandığını bildirib. Daha sonra o, su təminatı olmadığı üçün ağır çətinliklər çəkdiyinə görə 220 manat ödəniş etmişdir ki, su təminatı bərpa olunsun. Məhkəmənin baxışı iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun yaşadığı evə su sayğacı ilk dəfə 2013-cü ildə qoyulmuşdur. Həmin sayğac kart vasitəsi ilə işləmişdir. Belə ki, karta pul mədaxil etmiş və həmin dəyərdə də sudan istifadə etmişdir. 2021-ci ildə kartla işləyən sayğac çıxarılmış və yerinə mexaniki sayğac quraşdırılmışdır. Lakin, sayğacın quraşdırıldığı vaxtdan onların evinə sudan istifadə ilə bağlı bildiriş gəlməmişdir. Bu səbəbdən 2021-ci ilin oktyabr ayından etibarən sudan istifadəyə görə pul ödəməmişdir. 2023-cü ilin oktyabr ayında cavabdehin əməkdaşları onun yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmiş və nəticədə onun abonent hesabına 3907 manat borc hesablamışdır. O etiraf edir ki, 2021-ci ilin oktyabr ayından sudan istifadəyə görə pul ödəməmişdir, lakin bu müddət ərzində 3907 manat məbləğində borcun hesablanması da absurddur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə 2013-cü ildə smart tipli sayğac qoyulmuşdur. Həmin sayğac kartla işləyib və sayğacın klapanı bağlandığı üçün 2021-ci il tarixdə yeni mexaniki sayğacla əvəz edilmişdir. 2021-ci ildə qoyulmuş sayğac 2023-cü ilin oktyabr ayında baxış keçirilən dövrə kimi 1507 kub metr sudan istifadə edildiyini qeyd etmişdir. İddiaçı sayğacın quraşdırıldığı vaxtdan yoxlama keçirilən vaxtadək heç bir ödəniş etməmişdir. Bu səbəbdən iddiaçının abonent hesabına 904,20 manat borc hesablanmışdır. Bundan başqa, iddiaçı 2021-ci ildə sayğac quraşdırıldığı vaxtadək də sudan istifadə etmiş, lakin sudan istifadəyə görə ödənişlər etməmişdir. Bu səbəbdən hesablamalar aparılmaqla müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ildə sayğac quraşdırıldığı vaxtadək 5600 kub metr su sərf etmişdir. Bu səbəbdən onun abonent hesabına 2511,19 manat əlavə borc hesablanmışdır. İddiaçının abonent hesabında göstərilən 827 kub metr həcmində su sərfiyyətı, yəni 496,20 manat borc texniki səhv olaraq onun abonent hesabına hesablanmışdır. Həmin borcun öz tərəflərindən silinməsi təmin ediləcəkdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zeynalova X1 şəhəri D.Ağamaliyev küçəsi, ev 39 ünvanında yaşayır. İş materiallarında olan İddiaçı adına olan abonent kartından görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə ilk dəfə xx.xx.2013-cü il tarixdə su sayğacı quraşdırılmışdır. 2018-ci il də daxil olmaqla, onun sudan istifadəyə görə borcu olmamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı ev üzrə su sayğacı sökülmüş və yerinə yeni sayğac quraşdırılmışdır. Abonent kartında 2019-cu ildən 2023-cü ilin oktyabr ayınadək olan dövrdə iddiaçının istifadəyə etdiyi suyun həcmi, sudan istifadəyə görə yaranmış borc barədə məlumatlar göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının abonent hesabına 1507 kub metr sudan istifadəyə görə 904,20 manat borc, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5600 kub metr sudan istifadəyə görə 2511,19 manat borc və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə 496,20 manat borc hesablanmışdır. İş materiallarında olan 53483 nömrəli, xx.xx.2023-cü il tarixli və 164543 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən sudan istifadəyə görə müvafiq olaraq 200 manat və 20 manat ödənişlər edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmə ilə bağlı xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Həmin dövrdə iddiaçının yaşadığı fərdi yaşayış evinə su təminatı xx.xx.2013-cü il tarixdə quraşdırılmış sayğac vasitəsi ilə həyata keçirilirdi. xx.xx.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən həmin sayğac sökülmüş və yerinə mexaniki tipli yeni sayğac quraşdırılmışdır. İddiaçının abonent kartında olan məlumatlara əsasən 2018-ci ilin yekununa iddiaçının sudan istifadəyə görə borcu olmamışdır. İddaçının abonent kartında 2019-cu ilin əvvəlindən 2023-cü ilin oktyabr ayına qədər olan məlumatlar isə göstərilməmişdir. xx.xx.2021-ci il tarixdə yeni sayğac quraşdırıldıqdan iki il ərzində iddiaçı sudan istifadə görə hər hansı ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirən zaman sayğacın göstəricisinin 1507 kub metr olmasını müəyyən etmiş və həmin sərfiyyata uyğun olaraq iddiaçının abonent hesabına 904,20 manat borc hesablamışdır. Həmçinin iddiaçının abonent hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5600 kub metr sudan istifadəyə görə 2511,19 manat borc və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə 496,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 5.1.5-ci bəndinə əsasən istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Göründüyü kimi, qaydalara əsasən abonentin yaşadığı evə smart-kart tipli olmayan suölçən cihaz quraşdırıldıqda, ona ötən ay ərzində verilmiş suyun həcmini və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim edilməlidir. Smart-kart tipli suölçən cihaz quraşdırıldıqda isə istehlakçı yalnız kartına mədaxil etdiyi vəsait həddində sudan istifadə etdiyindən, istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi tələb edilmir. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, onun yaşadığı evə ilk dəfə quraşdırılmış sayğac smart tipli sayğac olmuş, karta pul mədaxil etmiş və həmin dəyərdə də sudan istifadə etmişdir. 2021-ci ildə kartla işləyən sayğac çıxarılmış və yerinə mexaniki sayğac quraşdırılmışdır. Lakin, sayğacın quraşdırıldığı vaxtdan onun evinə sudan istifadə ilə bağlı bildiriş gəlməmişdir. Bu səbəbdən 2021-ci ilin oktyabr ayından etibarən sudan istifadəyə görə pul ödəməmişdir. Məhkəmə iclasında da cavabdeh tərəf mexaniki sayğacın quraşdırıldığı vaxtdan etibarən iddiaçıya qaydalara uyğun olaraq hər ay əvvəlki aya dair hesab təqdim edilməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixdə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın göstəricisinin 1507 kub metr olması müəyyən edilmiş və həmin həcmdə sudan istifadəyə görə iddiaçının abonent hesabına 904,20 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacın quraşdırıldığı tarixdən baxış keçirildiyi tarixədək olan iki il ərzində cavabdeh tərəfindən iddiaçıya sudan istifadəyə dair hesab təqdim edilməsə də, bu müddət ərzində sayğacın göstəricisinə əsasən iddiaçının 1507 kub metr sudan istifadə etməsi müəyyən olunduğundan, həmin həcmdə sudan istifadə etməyə görə cavabdeh iddiaçının abonent hesabına 904,20 manat borc hesablamaqda haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5600 kub metr həcmdə sudan istifadəyə görə 2511,19 manat borcun hesablanması əsassız olmuşdur. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, bir aylıq müddət ərzində iddiaçının 5600 kub metr həcmdə sudan istifadə etməsi ağlabatan görünmür. Digər tərəfdən, məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borcun iddiaçının yaşadığı evə quraşdırılmış əvvəlki sayğac üzrə müəyyən edilmiş su sərfiyyatına görə hesablandığını bildirsə də bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf etirazının əsası kimi isnad etdiyi halları sübut etməlidir. İddiaçının abonent kartından görünür ki, 2018-ci ilin yekununa onun sudan istifadəyə görə borcu olmamışdır. Həmin vaxtdan 2023-cü ilin oktyabr ayınadək olan müddət üzrə hesabat isə abonent kartında qeyd edilməmişdir. İddiaçı özü isə məhkəmə iclasında bildirmişdir ki, əvvəlki sayğac smart-kart tipli sayğac olmuş, yəni karta pul mədaxil etmiş və həmin dəyərdə də sudan istifadə etmişdir. Belə olan vəziyyətdə cavabdehin iddiaçının abonent kartına qeyd edilmiş 5600 kub metr həcmdə əlavə sərfiyyatı (eləcə də 2511,19 manat borcun) nəyə görə və hansı qaydada müəyyən etməsi məlum deyil. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının abonent hesabına həmin borc əsassız hesablanmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının abonent kartına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə 496,20 manat borcun hesablanması da əsassız olmuşdur. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi özü izahatında bildirmişdir ki, həmin borc iddiaçının abonent hesabına səhvən hesablanmışdır və həmin borcun öz tərəflərindən silinməsi təmin ediləcəkdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 5600 kub metr sudan istifadəyə görə əsassız hesablanmış 2511,19 manat borc və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 827 kub metr sudan istifadəyə görə əsassız hesablanmış 496,20 manat borc olmaqla, cəmi 3007,39 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı abonent hesabına (abonent kodu **********000:********) Cavabdeh ASC tərəfindən artıq hesablanmış 3007,39 manat (üç min yeddi manat, otuz doqquz qəpik) borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar