Məhkəmə qərarları › İş №2(071)-1013/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1013/2022

07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1013/2022 07.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq onun abonent hesabına əlavə edilmiş 479 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. İstifadə etdiyi qaz sayğacının istismar müddəti bitdiyindən xx.xx.2021-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə quraşdırılmış qaz sayğacını açaraq özləri ilə aparmışlar və həmin sayğacın yerinə mexaniki qaz sayğacı quraşdırmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* nömrəli akt tərtib etmişlər. Mexaniki qaz sayğacı quraşdırıldıqdan 9 ay sonra o, qaz idarəsinə müraciət edərək sayğacın çox pul yazdığını bildirmiş və sayğacın dəyişdirilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə qaz idarəsinin işçiləri onun xahişini nəzərə alaraq, mexaniki qaz sayğacını dəyişdirmişlər. O, yeni sayğaca kart vasitəsi ilə pul yükləmək istəyən zaman ona əsassız olaraq 479 manat borc yazıldığını görmüşdür. O, və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtında ödəmişdir. Buna baxmayaraq ona 479 manat borc yazılmışdır. Mexaniki sayğac quraşdırılmamışdan əvvəl onun borcu olmamışdır. Mexaniki sayğacın olduğu zaman qazın sərfiyyatı düzgün göstərilməmiş, artıq sərfiyyat yazılmışdır. Hazırda mexaniki sayğac dəyişdirilmiş və sərfiyyat əvvəlki kimi düzgün göstərir. Hesab edir ki, mexaniki sayğacın olduğu dövrdə hesablanmış 479 manat pul onun abunə hesabından silinməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yerləşən fərdi yaşayış evinə təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı **********2 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli mexaniki **********4 nömrəli sayğac ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə quraşdırılan Zenner tipli mexaniki qaz sayğacı xx.xx.2022-ci il tarixdə Zenner tipli, G4 markalı **********025 nömrəli elektron qaz sayğacı ilə əvəz edilmişdir. X1 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* aktlar verilmişdir. xx.xx.2021-ci il tarixdə sayğac dəyişdirilərkən sayğacın sistem pozuntusu olduğu, xx.xx.2022-ci il tarixdə dəyişdirilərkən debetor borcunun olduğu göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, 2021-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək İddiaçı qaz sərfi fərqli olmuşdur. Belə ki, elektron qaz sayğacına nisbətən mexaniki qaz sayğacı 2 dəfə çox qaz sərfiyyatı hesablamışdır. Hazırda mexaniki sayğvacdan əvvəlki dövrdəki sərfiyyat təxminən eynidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, 2021-ci ilin avqust ayından əvvəllər və xx.xx.2022-ci il tarixdən sonra İddiaçı yaşadığı Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yerləşən fərdi yaşayış evində qaz sərfi stabil olmuş, həmin müddət ərzində İddiaçı təbii qazdan istifadəyə görə hər hansı borcu yaranmamışdır. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək quraşdırılan mexaniki qaz sayğacı dövründə İddiaçı yaşadığı Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yerləşən fərdi yaşayış evində qaz sərfi elektron qaz sayğacına nisbətən daha çox olmuş və bununla da İddiaçı Cavabdehnə borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, istehlakçı İddiaçı yaşadığı Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadəyə görə yazılmış 479 manat borc (abunə kodu **********00000) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İstehlakçı İddiaçı yaşadığı Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadəyə görə yazılmış 479 manat borc (abunə kodu **********00000) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar