Məhkəmə qərarları › İş №2(071)-1018/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1018/2024

20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1018/2024 20.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Hacıqabul rayon əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 613 manat borcun və 87 manat 08 qəpik sayğacın dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O istifadə etdiyi bütün komunnal xərcləri vaxtı-vaxtında ödəmişdir. Bu günə qədər də, heç bir problemi olmamışdır. Cavabdeh İB-nin Hacıqabul rayon əməkdaşları 2024-cü ilin aprel ayında yaşadığı ünvanda yerləşən və istifadədə olan sayğaca baxış keçirmişlər, baxış keçirildikdən sonra sayğacda nəyinsə aşkar edildiyini qeyd edərək ona 613 manat cərimə yazılmış və yazılan cərimə əsassız olmuşdur. Cavabdeh İB-nin Hacıqabul rayon əməkdaşları tərəfindən yazılmış akt və hesablanmış cərimə qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşdirmə ərizəsi verərək onun abonent hesabına yazılmış 518 manat 40 qəpik cərimə borcunun silinməsini və sayğacın dəyəri olan 87 manat 8 qəpik pul məbləğinin cavabdehdən tutullması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli HXS SQİX ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli G4 markalı **********1 nömrəli qaz sayğacı yeni Zenner tipli, G4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi əvəzetmə göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının ön hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2024-cü il tarixli 0393 nömrəli rəyinə əsasən G4 markalı **********1 nömrəli sayğaca baxış keçirtmək üçün 12154051 nömrəli plomb kəsilərək qutu açılmışdır. Sayğacın hesablama mexanizminin plastmas qapağının ön hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir. Sayğac istismara yararsızdır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evə quraşdırılmış Zenner tipli, G4 markalı **********1 nömrəli qaz sayğacı Zenner tipli G4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi kimi əvəzetmə göstərilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının ön hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518 manat 40 qəpik pul tələb edilir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Zenner tipli, G4 markalı **********1 nömrəli elektron qaz sayğacı xx.xx.2024-cü il tarixdə əvəzolunması səbəbindən Zenner tipli G-4 markalı **********4 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş aktda sayğacın dəyişdirilməsi səbəbi kimi əvəz olunması göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qeyd edilməlidir ki, iddiaçı akt əsasında ona 613 manat borcun və 87 manat 08 qəpik borc yazıldığını iddia etsə də, abonentin soldosundan məlum olur ki, akt əsasında onun abonent hesabına ona 518,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2024-cü il tarixli, ******* saylı aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərildiyindən və həmin hala görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, həmçinin həmin akta əsasən abonentə 613 manat borcun və 87 manat 08 qəpik deyil, 518,40 manat borc yazıldığından, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabına hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat (beş yüz on səkkiz manat qırx qəpik) borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar