Məhkəmə qərarları › İş №2(071)-103/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-103/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-103/2024 25.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 308877 saylı aktın ləğv edilməsi əsasında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0, xx.xx.1955-cü ildə Sabirabad rayonunun Abdulyan kəndində anadan olmuşdur. Hal-hazırda Hacıqabul rayonunun Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı fərdi yaşayış evi, mərhum əri X1 adına olduğu üçün komunal xidmətlərdə ərinin adına olmuşdur. O, cümlədən yaşadığı hazırkı fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən işıq xətti çəkilərək sayğac əri X1 adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və hər ay nə qədər borcu varsa onu vaxtı-vaxtında ödəyir. Əri, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin gündən bu günə qədər onların heç bir borcu olmamışdır. Qeyd edir ki, 17 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun xəbəri olmadan istifdəsində olan sayğaca protokol yazmışlar və onun həmin protokoldan heç bir xəbəri olmamışdır. Daha sonra o terminalda pul ödiyərkən bilmişdir ki, istifadəsində olan, sayğac üzrə abonent koduna cərimə yazılmışdır. Bu barədə "xxxx" ASC-nin Hacıqabul və Şirvan filiallarına gedərək bu protokolun yazılmasına etirazını bildirmiş və onların isə cavabı ona belə olmuşdur ki, ona yazılan cəriməni ödəməsə işıq xətti açılacqdır.Halhazırda, o ailə üzvləri ilə həmin ünvanda yaşayırlar. Bu vaxta qədər o elektrik enerjisindən qanuna uyğun formada istifadə edib borcunu vaxtı-vaxtında ödəmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş 17 noyabr 2023-cü il tarixli, 308877 nömrəli akt qanunsuz və əsassız hesab edir ona görə ki, oda belə bir qanunsuz hərəkət olmamış və o, qədər cəriməni hansı əsaslarla hesablayıblar. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə zalında izahatında bildirdi ki, sayğac yoldaşının adınadır. Sayağaca baxış zamanı onların orda olmadığını və həmin evdə o və yoldaşı yaşadığını bildirdi. Halhazırda yoldaşı rəhmətə getdiyi üçün tək yaşadığını və evə başqa xətt çəkilmədiyini bildirdi. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 308877 saylı akt əsasında onun abunə hesabına yazılmış 1645,78 manat cərimənin silinməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, X2 əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və A.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 308877 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və A.Əliyev xx.xx.2023-cü il tarixdə İddiaçı əri X3 məxsus (**********1 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, Abonent sayğacdan kənar xətdən istifadə edir. Akt tərtib edilərkən abunəçinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il 221 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı əri X3 məxsus (abunə kodu **********1) abunə hesabına heç bir əsaslı səbəb olmadan 1645,78 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh X2 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 308877 nömrəli akt tərtib edilərkən İddiaçı əri X3 məxsus (**********1 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən "xxxx" ASC tərəfindən İddiaçı əri X1 abunə hesabına 1645,78 manat borc hesablanmışdır. İddiaçı iddia ərizəsində 1645,78 manat borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1645,78 manat pul İddiaçı əri X3 məxsus **********1 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əri X3 məxsus Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 308877 nömrəli akt əsasında hesablanmış 1645,78 manat cərimə İddiaçı əri X3 məxsus **********1 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar