Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1091/2023 25.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2073 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayırlar. Həmin fərdi yaşayış evi mərhum X2na məxsusdur, lakin dövlət qeydiyyatından keçməmişdir. Buna qədər evin bütün komunal xidmət sənədləşməsi də mərhum atasının adına rəsmiləşdirilmişdir. X2 xx.xx.2021-ci il tarixdə Respublikada COVİD 19 virusu olduğu bir vaxtda, həmin virusa yoluxduğu üçün İmişli şəhər xəstəxənasında vəfat etmişdir. Yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı uzun müddət istifadə olunduqdan sonra, sayğacı dəyişdirmək qərarına gəliblər və həmin sayğac yenisi ilə əvəz edilib. Qaz sayğacı aparıldıqdan bir müddət sonra onlara borc barədə bildiriş təqdim edilib. Daha sonra bilib ki, xx.xx.2023-cü il tarixdə, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktı aldıqdan sonra 2073 manat məbləğdə borcun hardan yaranmasını öyrənmək məqsədilə X12 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsinə müraciət edib. Müraciətindən sonra ona xx.xx.2023-cü il tarixdə, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edilib. Halbuki evdə istifadə etdikləri təbii qaza görə heç vaxt borcu olmamış və təbii qazın haqqını həmişə vaxtı-vaxtında ödəmişdir. Ona görə də evdə təbii qazdan daima qənaətlə istifadə etmişdir ki, pulunu ödəməyə imkanı çatsın. Həmin aktın tarixindən açıq-aşkar görünür ki, yay aylarıdır və qazdan çox az istifadə edilir, qışa nisbətən. Bəs bu qədər yüksək məbləğdə borc hardan yaranıb. Qeyd edir ki, nümunəvi təbii qaz istehlakçısı olmuş, istifadə etdiyi təbii qazın haqqını həmişə vaxtı-vaxtında ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdehin əməkdaşları iddiaçının yaşadığı evə gələrək evin hasarından bayırda divarın üzərində quraşdırılmış sayğacı çıxarıb yenisini quraşdırmışlar. Sayğac çıxarılan zaman iddiaçı və ya onun ailə üzvlərindən heç biri iştirak etməmişdir. İddiaçı və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı formada müdaxilə olunmamışdır. Bu barədə aktda yazılanlar tamamilə əsassızdır. Digər tərəfdən, qanunvericiliyə görə qaz sayğacının yararlılığına görə cavabdehliyi abonent deyil, qaz təchizatçısı daşıyır. Belə olan vəziyyətdə iddiaçının yaşadığı evə quraşdırılmış sayğacda olan yararsızlığa görə abonent məsuliyyət daşımamalıdır. Akt sadəcə formal olaraq yazılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-ci il tarixli ******* nömrəli aktdan görünür ki, X3 adına qeydə alınmış İtron G4 markalı **********1 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi kənar təsir nəticəsində çıxış borusunun deşilməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı **********1 nömrəli sayğacın çıxış plastmas borusunda kənar təsir nəticəsində deşik aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının G-4 markalı **********1 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusunda kənar təsir nəticəsində deşik aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan iddiaçının X2nun adına olan yaşadığı ünvan 2 ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin iyun ayı üçün qalıq və aktlar üzrə 2073,60 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ 146571 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Hacıqabul rayon İH-nin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə əvvəlki abonent Zaidağa Rzayevlə cavabdeh arasında müqavilə bağlanmışdır. Zaidağa Rzayev xx.xx.2021-ci il tarixdə öldükdən sonra onun oğlu – hazırki iş üzrə iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa və cavabdeh ilə təbii qazdan istifadəyə görə münasibətləri davam etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadəyə görə abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Qaz sayğacı dəyişdirilərkən tərtib edilmiş aktda kənar təsir nəticəsində sayğacın çıxış borusunun deşilməsi qeyd edilmişdir. Lakin, həmin akt abonentin ailə üzvlərinin iştirakı olmadan tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. İddiaçının yaşadığı fərdi yaşayış evi üzrə qaz sayğacın küçə tərəfdə quraşdırılmışdır və cavabdeh tərəf qaz sayğacına məhz qaz abonentinin ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonentin hesabına 2073,60 manat borc hesablansa da, iddiaçı həmin borcun 2073 manat hissəsinin silinməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə edilməsi X7 əməkdaşları tərəfindən aşkar olunmadığından, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, iddia tələbindən kənara çıxmadan iddiaçının yaşadığı ünvan üzrə abonentin hesabına həmin akt əsasında hesablanmış borcun 2073 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonentin hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2073 manat (iki min yetmiş üç manat) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(071)-1091/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1091/2023
25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver