Məhkəmə qərarları › İş №2(071)-1159/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1159/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1159/2023 25.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın və xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına hesablanmış 4559,20 manat borcun silinməsi, onun balansından tərtib edilmiş aktlara əsasən çıxılmış 473 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, 2-ci Meyniman kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, xx.xx.2018ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G- 4 markalı 1702AZ**********60 saylı qaz sayğacını açaraq, sayğaca baxış keçirdiblər. Eyni zamanda da Qaz sayğacının açılması və yoxlanılması haqqında akt tərtib ediblər. Aktda sayğacın klapanın işlək olmadığı, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, plastmast boruda deşik aşkar olunduğunu və dəymiş ziyanın hesablanaraq ödənilməsini qeyd edərək onun abonent hesabına 1448,80 manat məbləğində borc əlavə etmişər ondan hər ay əsassız yerə o borca görə tutulmalar apararaq 473 manat vəsaiti ondan tutmuşdurlar. Daha sonra, xx.xx.2023-cü il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış eyni sayğacı G-4 markalı 1702AZ**********60 saylı qaz sayğacı yenidən açaraq, sayğaca baxış keçirdiblər. Eyni zamanda da Qaz sayğacının açılması və yoxlanılması haqqında akt tərtib ediblər. Daha sonra, sayğacın klapanın işlək olmadığı, yivli birləşmənin gövdəyə birləşən hissələrinin korroziyaya uğradığı, element qapağının alt hissədən istilik nəticəsində deformasiyaya uğradığı, sayğacın yaddaş arxivinin oxunduğu və xx.xx.2018-ci il tarixdə ALARM-1 rejminin aşkar olunduğu, xətaların normadan artıq olduğu və sayğacın istismara yararsız olduğu xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona bildirilib. Onu da qeyd edir ki, sayğacın istismar müddəti 10 ildir və quraşdırıldığı gündən fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq itirilmiş qazın bərpası məqsədi ilə qeyd edildiyi iki akta əsasən ümumilikdə 4559,20 manat məbləğində borc hesablamışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1468,80 manat borcun və xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu, 2-ci Meyniman kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G4 markalı **********656 nömrəli sayğacın klapanı işlək deyil. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Daxili plastmas boruda deşik aşkarlanıb. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı adına qeydə alınmış İtron G4 markalı 1702AZ**********60 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********656 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1702AZ**********60 nömrəli sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Xətalar normadan artıqdır. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-5251/Q003 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrin gövdəyə birləşən hissələri korroziyaya uğrayıb. Elemnt qapağı alt hissədən istilik nəticəsində deformasiyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2018-ci il tarixində ALARM- 1 rejimi aşkar olundu. Sayğac istismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı adına olan yaşadığı Hacıqabul rayonu 2-ci Meyniman kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2018-ci ilin may ayı üçün qalıq və aktlar üzrə 1468,80 manat və 2023-cü ilin iyun ayı üçün qalıq və aktlar üzrə 3110,40 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının abonent hesabına iki dəfə xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən 1468,80 manat borc və xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 3110,40 manat borc hesablanmışdır. Həmin borc məbləğləri isə sayğacın yararsız olması, klapanının işlək vəziyyətdə olmaması, sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğaclar çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacların istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacların fasiləsiz işlədiyini və sayğaclara hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğaclarına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləğləri iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaclara hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacların zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğaclar çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacların kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaclara iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu 2-ci Meyniman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə onun abonent hesabına (abonent kodu: **********00049) xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1468,80 manat borc və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar