Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1169/2023 05.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 031899 saylı aktın ləğv edilməsi əsasında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O istifadə etdiyi bütün kommunal xərcləri vaxtı-vaxtında ödəmiş. Bu günə qədər də, heç bir problemi olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə xəbəri olmadan yaşadığları evin elektrik sayğacına enerjitəchizat müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş guya onun sayğacdan kənar vasitəsi ilə elektrik enerjisindən istifadə etməyi müəyyən olunmuşdur. Yaşadığı ünvana elektrik enerjisinin ölçü sayğacı quraşdırılmış və o istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmiş. Bununla əlaqədar onunla elektrik şəbəkəsi arasında heç bir problem yaşanmamışdır. Bundan əlavə həmin əraziyə nəzarət edən mühəndislər vardır ki, bu qüsur olsa idi onlar ən son ayda sayğaca baxış keçirərkən bu barədə ona və ya evdə yaşayan digər ailə üzvlərinə məlumat vermiş olardılar. Sayğaca da iştirakları olmadan baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin akt tərtib olunarkən onun və ya digər ailə üzvlərinin iştirakı təmin olunmamış və hüquqları pozulmuşdur. Hesab edir ki, xx.xx.2023-cü il tarixli 031899 saylı akt ciddi qanun pozuntuları olunaraq tərtib olunmuşdur və aşağıda göstərilənlərə əsasən həmin akt ləğv olunmalıdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 031899 saylı akt əsasında onun abunə hesabına yazılmış 1350 manat cərimənin silinməsini xahiş edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında İddiaçı məhkəməyə teleqram vuraraq bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçıya məxsus fərdi yaşayış evində əlavə xətt aşkar olunduğuna görə iddiaçıya cərimə hesablanmışdır. Lakin o, "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edilərkən videoçəkiliş olunub olunmamasını bilmir. Belə ki, X1 əməkdaşları A.Hüseynov və İ.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli 031899 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları A.Hüseynov və İ.Əliyev xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus (**********00021 nömrəli abunə kodu) Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, sayğac dövrədən kənarlaşdırımış və işlədicilər dövrəyə bir başa qoşulmuşdur. Belə ki, sayğacın giriş faza yuvasından kənar xətt bir başa enerji daşıyıcıya və mənbə kənar xətdən istifadə edilir. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus (abunə kodu **********00021) abunə hesabına heç bir əsaslı səbəb olmadan 1139,58 manat, 63 manat və 112 manat olmaqla ümumilikdə 1314,58 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 031899 nömrəli akt tərtib edilərkən İddiaçı məxsus (**********00021 nömrəli abunə kodu) Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabına ümumilikdə 1314,58 manat borc hesablanmasına baxmayaraq iddiaçı iddia ərizəsində 1350 manat borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1314,58 manat pul İddiaçı məxsus **********00021 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 031899 nömrəli akt əsasında hesablanmış 1314,58 manat cərimə İddiaçı məxsus **********00021 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1169/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1169/2023
05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver