Məhkəmə qərarları › İş №2(071)-1171/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1171/2023

30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1171/2023 30.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent hesabına xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Qızılburun kəndində yaşayır. Yaşadığı evə qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Beləki, xx.xx.2021-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1002AQ**********6 saylı qaz sayğacını açaraq, sayğaca baxış keçiriblər. Eyni zamanda da Qaz sayğacının açılması və yoxlanılması haqqında akt tərtib ediblər. Daha sonra, sayğacdan qazın keçdiyi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona bildirilmişdir. Onu da qeyd edir ki, sayğacın istismar müddəti 10 ildir və quraşdırıldığı gündən fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbu ki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq 172,80 manat cərimə hesablamışlar. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 172,80 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 yaşadığı ünvan üzrə qeydə alınmış İtron G4 markalı 1002AQ**********6 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddəti bitdiyi üçün göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron G4 markalı 1002AQ**********6 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması, ödənilməsi təmin edilsin. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2021-ci il tarixli MSK 29/1710-04121- 1 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********6 nömrəli sayğaca baxış keçirildi. Sayğacdan qaz keçmir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan iddiaçı X2 yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin noyabr ayı üçün qalıq və aktlar üzrə 172,80 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 1 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X2 yaşadığı Hacıqabul rayonu Talış kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat (yüz yetmiş iki manat səksən qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar