Məhkəmə qərarları › İş №2(071)-1247/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1247/2025

11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1247/2025 11.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək abonent kodu **********00123 olan istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2500 (iki min beş yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizədə göstərilən yaşayış ünvanı abonent olaraq Azərişıq ASC-nin struktur bölməsi olan X1 İddiaçı adına qeydiyyatdadır, (ab-t kodu: **********00123) və həmin yaşayış evində sayğac üzrə istifadə etdiyi elektrik enerjisi dəyərini vaxtı-vaxtında ödəmişdir. Bundan əlavə işiylə əlaqədar olarq son bir neçə ildə sözü gedən yaşayış evində yaşayış olmamış, iddiaçı ailəsiylə birlikdə Bakı şəhərində ticarətlə məşğul olaraq yaşamışdır. Lakin, müəyyən vaxtlarda həm nəzarət olması üçün, həm də həftənin istirahət, bayram günlərində kəndə gələrək istirahət etmişdir. Belə ki, hər dəfə evə gələndə evdə işığının sönülü olmasını görür və Hacıqabul şəbəkə əməkdaşlarından soruşduqda ona ödənilməmiş 3300 manat borcunun olduğunu bildirməklə həmin borcun dərhal ödənilməsini tələb edirlər. O da buna əsasən hər dəfə 100-300 manat məbləğində ödənişlər edir, lakin borc yenə də olduğu kimi qalır. Sonradan iddiaçıya məlum olmuşdur ki, 2017-ci il tarixdən 2025-ci ilədək, müxtəlif tarixlərdə Hacıqabul şəbəkə əməkdaşları tərəfindən, ard-arda, demək olar ki, hər ay ona guya elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə aktlar yazılmışdır. Həmin borcun yaranmasının araşdırılması üçün Şirvan Regional İdarəsinə və Hacıqabul EŞ-nə gedərək borcunun haradan yaranmasını soruşanda ona bildirdilər ki, həmin borc aktlar üzrə yaranmış borcudur və onun bu borcun elektrik enerjisindən qanunsuz istifadəyə görə, aktlar əsasında yaranmışdır. Bu zaman iddiaçı onlara etiraz edərək bildirdi ki, o, elektrik enerjisindən istifadə edir, lakin bu qədər pozuntu etməyi, bu qədər qanusuz elektrik enerjisindən istifadəsi qeyri-mümkündür. Necə ola bilər axı bir abonentə hər ay, 300-500 manat dəyərində elektrik enerjisindən qanunsuz istifadəyə görə akt tərtib edilə bilər. Bu tamamilə yalnışdır və hesab edir ki, enerji təchizatı müəssisəsi müəyyən enerji itkisinin qarşısını almaq üçün iddiaçıya müxtəlif dövrlərdə aktlar tərtib etmişlər. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2026-cı il tarixdə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək abonent kodu **********00123 olan istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2500 (iki min beş yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. Tərtib edilən cərimə aktı qanunsuz və əsassızdır. Borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh tərəf iddianı qismən qəbul edir. Belə ki, şəxs barəsində tərtib edilən cərimə aktı 2500 manat məbləğində olmuşdur. Odur ki, borcun bu hissədə silinməsinə etirazı yoxdur. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, Abonent kodu **********00123 olan istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar sayğaca "xxxx" ASC tərəfindən 2500 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, iddiaçı şəxs elektrik enerjisindən istifadə etmədiyi halda ona elektrik sərfiyyatından istifadəyə dair əsassız olaraq borc hesablanmışdır. Sözügedən halı "xxxx" ASC-nin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatda təsdiq etmiş və borcun silinib-silinməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəfindən iddiaçının ərizəsini əsaslandırdığı hallar, tərəflərin təqdim etdiyi sübutlar və məhkəmə iclasında verdiyi izahatlar nəzərə alınaraq dəqiqləşdirmə ərizəsində göstərilən həddə iddianın təmin edilməsini mümkün hesab etmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Abonent kodu **********00123 olan istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2500 (iki min beş yüz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 45 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent kodu **********00123 olan istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2500 (iki min beş yüz) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 45 (qırx beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar