Məhkəmə qərarları › İş №2(071)-133/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-133/2022

25.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-133/2022 25.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə 09.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, qızı - 05.01.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanını iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Hacıqabul rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli 2(071)-133/2022 nömrəli qərardadı ilə 05.01.2003-cü il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 01.03.2022-ci il tarixli 682 nömrəli ekspert rəyi 11.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 31.03.2022-ci il tarixli 2(071)-133/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 25.04.2022-ci il tarixə 10:00-a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, 21.02.2002-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan onların 05.01.2003-cü il təvəllüdlü X6 adlı bir uşağı doğulmuşdur. X6 anadangəlmə xəstədir. Həkimlər ona “Serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Spastik Tetraparez. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik. (Anadangəlmə idiotiya) diaqnozu qoymuşdur. TSEK sonuncu müayənəsi zamanı 26.02.2021-ci il tarixdə X4 müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmiş və onun daimi kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Onlar uzun müddətdir ki, X1 üçün Azərbaycan Respublikasında yerlləşən çoxlu saylı klinika və xəstəxanalara müraciət etmişlər. Lakin həkimlər onu müayinə edərək onun xəstəliyinə əlac tapılmadığını bildirmişlər. Hal-hazırda qızının 18 yaşı var. Göstərilən xəstəlik nəticəsində o, öz hərəkətlərinin mənasını başa düşmür, özünü və hərəkətlərini idarə edə bilmir, onun fəaliyyət qabiliyyəti yoxdur. Bu səbəbdən də, onun qızının hüquqlarını müdafiə etmək üçün qəyyumu təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, qızı yataq xəstəsidir, onu bir yerdən başqa yerə aparılmasında çətinlik çəkir, qızını lazım olan yerə qucağında aparıb-gətirir, onu ekspertizadan keçirilməsi üçün Bakı şəhərinə aparması çox çətindir və maddi vəziyyəti də buna imkan vermir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 26.02.2021-ci il tarixli müayənə aytında göstərilir ki, 05.01.2003-cü il təvəllüdlü X4 “Serebral iflic. Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Spastik Tetraparez. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik. (Anadangəlmə idiotiya) diaqnozu qoyulmuşdur. X4 müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmiş və onun daimi kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 01.03.2022-ci il tarixli 682 nömrəli ekspert rəyindən görünür ki, X3 - dərin əqli gerilik uşaq serebral iflici nəticəsində qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərəkələrinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi əsasları vardır. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 05.01.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.01.2003-cü il təvəllüdlü X6 (FİN 83EN2ST) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar