Məhkəmə qərarları › İş №2(071)-135/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-135/2023

28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-135/2023 28.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Qurbanov Fikrət Əli oğlunun, Cavabdeh “Azərişıq” ASC-nin nümayəndəsi Quliyev Elşad Eldar oğlunun iştirakı ilə, İddiaçı Qurbanov Fikrət Əli oğlunun cavabdeh “Azərişıq” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qurbanov Fikrət Əli oğlu cavabdeh “Azərişıq” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq” ASC tərəfindən 02.11.2022-ci il tarixli, 030309 saylı aktın ləğv edilməsi əsasında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin evə “Azərişıq” ASC tərəfindən işıq xətti çəkilərək, sayğac onun adına rəsmiləşdirilmişdir. Bu günə qədər onun “Azərişıq” ASC-nə borcu olmamışdır. “Azərişıq" ASC-nin əməkdaşları onun xəbəri olmadan işıq sayğacına müdaxilə edərək sayğacın 10 noyabr 2022-ci il tarxdə 030309 saylı akt əsasında ona 670 manat borc yazmışlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Qurbanov Fikrət Əli oğlu iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o işıq xəttinə müdaxilə etməmişdir, akt tərtib edilən zaman Quba rayonunda olmuşdur, Azərişıq ASC-nin əməkdaşları onun həyətinə hasardan girmişlər, bu günə kimi borcdan ödəniş etməmişdir və iddianın təmin olunmasını xahiş edir. İddiaçı Qurbanov Fikrət Əli oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, “Azərişıq” ASC tərəfindən 02.11.2022-ci il tarixli, 030309 saylı akt əsasında onun abunə hesabına yazılmış 706,72 manat cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında ddiaçı Qurbanov Fikrət Əli oğlu iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Azərişıq” ASC tərəfindən ona qanunsuz olaraq 706,72 manat cərimə yazılmışdır. Belə ki, o, işdə olarkən evdən ona xəbər edərək həyətyanı sahəsində əsas xəttə qoşulmayan işıq naqilinə görə cərimə yazıldığını bildirmişlər. O, Azərişıq” ASC-nin nümayəndəsi ilə söhbət edərək həmin işıq xəttinin oğlu üçün tikilən evə çəkdiyini, oğlu vəfat etdikdən sonra əsas xəttə birləşdirmədiyini, ümumiyyətlə həmin xətdən heç vaxt istifadə etmədiyini bildirsə də, Azərişıq” ASC-nin əməkdaşları tərəfindən ona borc yazılmışdır. O, həmin xətt barədə nəzarətçiyə xəbər verdiyini və yazılan cərimənin əsassız olduğunu göstərərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərişıq” ASC-nin nümayəndəsi Quliyev Elşad Eldar oğlu iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçıya məxsus fərdi yaşayış evində əlavə xətt aşkar olunduğuna görə iddiaçıya cərimə hesablanmışdır. Lakin o, “Azərişıq” ASCnin əməkdaşları tərəfindən akt tərtib edilərkən videoçəkiliş olunub olunmamasını bilmir. Belə ki, Hacıqabul Elektrik Şəbəkəsinin əməkdaşları R.Mehtiyev, İ.Qasımov və M.Paşalı, tərəfindən tərtib edilmiş 02.11.2022-ci il tarixli R 030309 nömrəli aktda göstərilmişdir ki, “Azərişıq” ASC-nin əməkdaşları İ.Qasımov, R.Mehtiyev və M.Paşalı 02.11.2022-ci il tarixdə iddiaçı Qurbanov Fikrət Əli oğluna məxsus (240391001700295 nömrəli abunə kodu) Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, Abonent 0 xətti vasitəsi ilə sayğacı sxemdən kənarlaşdıraraq birbaşa elektrik enerjisindən istifadə etmişdir. Aktda sayğacın sxeminin bərpa edilməsi və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Akt tərtib edilərkən abunəçinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, 22.11.2022-ci il tarixdə Qurbanov Fikrət Əli oğluna məxsus (abunə kodu 240391001700295) abunə hesabına heç bir əsaslı səbəb olmadan 194,64 manat, 402,35 manat və 109,53 manat olmaqla ümumilikdə 706,52 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh Hacıqabul Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02.11.2022-ci il tarixli R 030309 nömrəli akt tərtib edilərkən iddiaçı Qurbanov Fikrət Əli oğluna məxsus (240391001700295 nömrəli abunə kodu) Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən “Azərişıq” ASC tərəfindən Qurbanov Fikrət Əli oğlunun abunə hesabına ümumilikdə 706,52 manat borc hesablanmasına baxmayaraq iddiaçı iddia ərizəsində 670 manat borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 706,52 manat pul iddiaçı Qurbanov Fikrət Əli oğluna məxsus 240391001700295 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qurbanov Fikrət Əli oğluna məxsus Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02.11.2022-ci il tarixli R 030309 nömrəli akt əsasında hesablanmış 706,52 manat cərimə iddiaçı Qurbanov Fikrət Əli oğluna məxsus 240391001700295 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar