Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-145/2023 08.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 may 2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun anası X1 adına olmuşdur. Anası vəfat etdikdən sonra qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən işlətdiyi qazın dəyərini ödəyir. 13 dekabr 2017-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış 1202AQ**********9 saylı qaz sayğacını açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. Həmin vaxt o, qaz idarəsinin əməkdaşlarında nə iş gördüklərini soruşduqda, ona sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyi bildirilmişdir. O, yeni qaz sayğacının quraşdırılmasının və aktda növbəti dövlət yoxlaması yazıldığının şahidi olmuş, bu səbəbdən də, aktı imzalamışdır. Sonradan evinə gələn bildirişlərdən ona məlum olmuşdur ki, ona təbii qazdan istifadə qaydalarının pozulması barədə 31 may 2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. O, bu aktı imzalamaqdan imtina etmişdir. O, və ailə üzvlərinin sayğaca heç bir müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, 31 may 2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1353,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 dekabr 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli 1202AQ**********9 nömrəli G-4 markalı qaz sayğacı yeni İtron tipli 1702AZ**********78 nömrəli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi sayğacın mexaniki göstəricisinin sərfiyyatı qeyd etməməsi göstərilmişdir. İş materiallarında olan 31 may 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktdan müəyyən edilir ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxış borusunun deşilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş 31 may 2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələblərdən müəyyən edilir ki, qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat qış aylarında orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 180 gün (1.2x6x180=1296 m3); radiator maksimal saatlıq qaz sərfi 0,8 m3/ saat qış aylarında orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 180 gün (0,8x18x180=2592 m3); QSC maksimal saatlıq qaz sərfi 2 m3saat qış aylarında orta günlük iş rejimi - 8 saat, hesabat müddəti 180 gün (2x8x180=2880 m3) olmaqla itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, X2 2018-ci ilin iyun ayında ******* saylı akt əsasında 1353,60 manat məbləğində borc yazılmışdır. Həmin vaxtdan İddiaçı Azəriqaz İB-nə etdiyi ödənişlərin yarısı borcuna tutulmuş və 2023-cü ilin fevral ayında onun Azəriqaz İB-nə 570,10 manat borcu qalmışdır. İş materiallarında olan AZ-İ 898414 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 31 yanvar 2018-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 fevral 2018-ci il tarixdə 30 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2017-ci ildə yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış borusu deşilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1353,60 manat pul tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı ev üzrə abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1353,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2018-ci il tarixli akt əsasında sayğacın çıxış borusunun deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun yaşadığı ünvanın abonent hesabına akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə qaz sərfinə görə abonent hesabına 31 may 2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1353,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-145/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-145/2023
08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver