Məhkəmə qərarları › İş №2(071)-163/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-163/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-163/2022 29.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı3, İddiaçı1 Ağamməd oğlunun vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Hacıqabul rayon Notariat ofisinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Hacıqabul rayon Notariat ofisinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən ümumi sahəsi 1.23 hektar torpaq sahəsinin satılması barədə 26.02.2021-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Ağamməd oğluna, İddiaçı2, İddiaçı5, İddiaçı4 və cavabdeh Hacıqabul rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə iclasına gəlməyən iddiaçıların, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Hacıqabul rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı1 Ağamməd oğlunun vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 8 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.15 hektar torpaq sahəsi iddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsinin 1.23 hektarını, yəni 270 metr uzunluğunda, 49 metr enində olan hissəsini 2015-ci ildə Cavabdeh2 aralarında olan şifahi razılaşmaya görə 2800 manata satmışlar. 26.02.2021-ci il tarixdə isə həmin torpaq sahəsinin alqı-satqısına dair notariat orqanında müqavilə bağlamışlar. Cavabdeh2 2015-ci ildən hal-hazıra kimi həmin ölçüdə olan torpaq sahəsindən heç bir etiraz və narazılıq olmadan istifadə etmişdir. Lakin torpaq sahəsinin alqısatqısına dair 26.02.2021-ci il tarixli müqavilə bağlanandan sonra cavabdeh aralarında olan razılaşmanı pozaraq 1.23 hektar torpaq sahəsinin hüdudlarının dəyişdirilərək ona verilməsini istəmişdir. Cavabdeh torpaq sahəsini aldıqdan sonra qonşu torpaq sahələrinə gedən yolu və suyu kəsmişdir. Bu səbəbdən qonşu torpaq sahələrinin sahibləri də, cavabdehdən narazılıq etmişlər. Hazırda Cavabdeh2 26 fevral 2021-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən 29.03.2021-ci il tarixli çıxarış verilmişdir. Çıxarış verilərkən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə deyil, iddiaçıların faktiki istifadəsində olan sahəyə verilmişdir. Çıxarış və plan sxem səhv verildiyindən, iddiaçılar reyestr xidmətinə birlikdə müraciət edərək, 29.03.2021-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündə koordinatlarında dəyişiklik etdirməyi cavabdehə təklif etsələr də, cavabdeh bundan imtina etmişdir. Odur ki, iddiaçılar cavabdehlə bağlanmış 26.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və cavabdehin adına verilmiş 29.03.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb edirlər. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, İddiaçı1 Ağamməd oğlunun vəkili X1 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, torpaq sahəsini cavabdehə 2.800 manata 2015-ci ildə faktiki satmışlar və 26 fevral 2021-ci il tarixdə notariusda müqavilə bağlamışlar. Cavabdeh2 2015-ci ildən hal-hazıra kimi həmin ölçüdə olan torpaq sahəsindən heç bir etiraz və narazıçılaq olmadan istifadə edir. Lakin 29.03.2021-ci il tarixdə çıxarış veriləndən sonra torpaq sahəsinin planı və ölçüsündə koordinatlar düzgün göstərilməmişdir. Onlar cavabdehin adına 29.03.2021-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündə koordinatlarında dəyişiklik etdirməyi cavabdehə təklif etsələr də, cavabdeh bundan imtina etmişdir. Odur ki, cavabdehlə onların arasında bağlanmış 26.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və cavabdehin adına verilmiş 29.03.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, 2015-ci ildə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Hacıqabul rayon Axtaçı-Şirvan kəndində yerləşən 1,232 ha torpaq sahəsini 2000 manata satın almışdır. 26.02.2021-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair notariat ofisində müqavilə bağlamışlar. Həmin müqaviləni reyest xidmətinə təqdim edərək öz adına 29.03.2021-ci il tarixdə çıxarış və torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddianı əsassız hesab edir. İddiaçılar onun adına 29.03.2021-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündə koordinatlarında dəyişiklik etdirməyi ona təklif etsələr də, o, buna razı deyil. Çünki, onun sənədləri faktiki istifadə etdiyi sahəyə aiddir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və notariat işini nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Hacıqabul rayon Notariat ofisində 26.02.2021-ci il tarixdə bağlanmış 4Ə-65 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, 26.02.2021-ci il tarixli 4Ə-65 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 06.01.2021-ci il tarixli çıxarışa əsasən paylı mülkiyyətlərində olan (hər birinin payı ¼ hissə) Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.232 ha torpaq sahəsini hər birinə 500 manat olmaqla, cəmi 2.000 manata Cavabdeh2 satmışlar. Torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsini satıcı İddiaçı1 Ağamməd oğlu özü və satıcılar İddiaçı2 və İddiaçı4 adından etibarnamə əsasında imzalamış, satıcı İddiaçı3 və alıcı Cavabdeh2 imzalayarkən səlahiyyətli olmuşdur. Cavabdeh2 torpaq sahəsinin razılaşdırılmış dəyərini 2.000 manat pulu iddiaçılara tam ödəmişdir. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən məhdudiyət və yüklülük qeydə alınmamışdır. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. 29.03.2021-ci il tarixli çıxarışdan və 29.03.2021-ci il tarixli AA 605405 nömrəli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.232 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 26 fevral 2021-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış verilərkən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə deyil, onların istifadəsində olan sahəyə verildiyini, çıxarış və plan sxem səhv verildiyini iddia etsələr də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd edir ki, cavabdeh 26 fevral 2021-ci il tarixdə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.232 ha torpaq sahəsini alqı-satqı müqviləsi əsasında iddiaçılardan satın almışdır. Həmin alqı-satqı müqaviləsinə İddiaçı1 Ağamməd oğlu özü və digər satıcılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi kimi, satıcı İddiaçı3 imza etməklə paylı mülkiyyətlərində olan torpaq sahəsinin üzərində sərəncam verməklə, torpaq sahəsini özgəninkiləşdirmişlər. Müqavilə əsasında həmin torpaq sahəsinə dair Cavabdeh2 adına 29.03.2021-ci il tarixdə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 adına 29.03.2021-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündə koordinatların düzgün göstərilməməsi barədə iddiaçıların dəlilli, tərəflər arasında 26.02.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və müqavilə əsasında verilmiş 29.03.2021-ci il tarixlı çıxarışın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu faktın mövcud olması təsdiq edildiyi təqdirdə, iddiaçılar həmin sənədi vermiş inzibati orqana müraciət etməklə düzəliş aparılmasını tələb etmək hüququna malikdirlər. İmtina edildiyi təqdirdə isə imtinanı inzibati məhkəmədə mübahisələndirə bilərlər. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Ağamməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Hacıqabul rayon Notariat ofisinə və Cavabdeh2 qarşı “Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən ümumi sahəsi 1.23 hektar torpaq sahəsinin satılması barədə 26.02.2021-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə ilə bağlı aparılmış reyestr qeydinin, razılıq ərizələrinin və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 Ağamməd oğluna aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar