Məhkəmə qərarları › İş №2(071)-172/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-172/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-172/2023 07.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş 15 mart 2018-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında onun abonent hesabına əlavə edilmiş 1384,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış smart tipli qaz sayğacı anası X1 adına rəsmiləşdirilmişdir. Yaşadığı evdə quraşdırılmış smart tipli qaz sayğacı vasitəsilə qazdan istifadə etmişlər. Belə ki, karta 5 manatdan 100 manatadək pul vəsaiti yükləyərək bunun müqabilində qaz işlətmişlər. O, sonuncu dəfə karta yüklədiyi pulun tez qurtardığından şübhələnərək Hacıqabul Qaz İdarəsinə getmiş, qaz idarəsində hesabını yoxlayan zaman ona 2018-ci ilin mart ayında 1384,80 manat cərimə yazıldığını bildirmişlər. O, qaz idarəsində həmin cərimə aktını yaşayış evindən çıxarılmış giriş və çıxış boğazı deformasiyaya uğramış qaz sayğacına görə yazıldığını öyrənmişdir. Belə ki, qaz idarəsinin əməkdaşları qaz sərfini 180 günlük hesabat aparıb 20 qəpiyə vurmaqla ona 1384,80 manat cərimə hesablamışlar. Cərimə yazılan vaxtdan sonrakı illərdə, təzə sayğaca yüklədiyi ödənişlər və ya ondan əvvəlki sayğaclara yüklənən ödənişlər hesablansa belə heç 3-4 il ərzində bu məbləğdə qazı işlədilmir. Bundan başqa, Hacıqabulda heç bir abonentin 6 ay ərzində 1384,80 manat dəyərində qaz işlətmir. Akt qanunsuz yazılmışdır, sayğac qaz idarəsinin quraşdırdığı yerdə, həyətdən çöldə gözlərinin qabağında olmuşdur, sayğac hər ay qaz sərfini qeydə almış və pul ödəyərək müqabilində qaz işlətmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 15 mart 2018-ci il tarixli, ******* nömrəli akt əsasında onun yaşadığı ünvan üzrə abonent hesabına hesablanmış 1384,80 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11 may 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1102AQ**********1 nömrəli G-4 markalı qaz sayğacı yeni İtron tipli, G4 markalı 1702AZ**********56 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi deformasiya nəticəsində sayğacın çıxış yivli birləşməsində sızma aşkar olunmuş çıxış plastmas borusu sındırılmış gövdəsinin üst hissədən korroziyaya uğraması göstərilmişdir. Akt abonent tərəfindən imzalanmamış və abonentin iştirakı göstərilməmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 mart 2018ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1102AQ**********1 nömrəli G-4 markalı sayğacın deformasiya nəticəsində sayğacın çıxış yivli birləşməsində sızma aşkar olunmuş çıxış plastmas borusu sındırılmış gövdəsinin üst hissədən korroziyaya uğraması göstərilərək dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı yaşadığı Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış itron tipli, G-4 markalı 1102AQ**********1 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Beləliklə qaz işlədicilərindən 2 gözlü qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, qış aylarında orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 170 gün yay aylarında orta günlük iş rejimi 4 saat hesabat müddəti 10 gün, 2 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 1,6 m3/saat, qış aylarında orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 170 gün, QSSQ maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, qış aylarında orta günlük iş rejimi - 10 saat, hesabat müddəti 170 gün, yay aylarında orta günlük iş rejimi 4 saat hesabat müddəti 10 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, 2018-ci ilin mart ayı üzrə həmin yaşayış yeri üzrə abonent Fatma Şıxıyevanın abonent hesabına qalıq və aktlar üzrə 1384,80 manat borc hesablanmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-217A seriyalı, 91007027 nömrəli şəhadətnamədən görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 04 avqust 2017-ci il tarixli 21 saylı qərarına əsasən X3, X4, X8 və X5 mülkiyyətinə fərdi yaşayış evinin tikilməsi üçün 0,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 29 mart 2008-ci il tarixli, AZ-İ 290143 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X3 26 mart 2008-ci il tarixdə Pnevmaniya səbəbindən vəfat etmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin Qubalıbalaoğlan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Hacıqabul rayon Qubalıbalaoğlan kəndində qardaşı X8 və onun ailə üzvləri ilə birlikdə yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı ev onunla yanaşı, anası Şıxıyeva Fatma və qardaşları Azad Şıxıyev və Azər Şıxıyevin mülkiyyətində olan torpaq sahəsində tikilmişdir və həmin fərdi yaşayış evinə dair təbii qazdan istifadəyə görə cavabdeh ilə onun anası Fatma Şıxıyeva arasında müqavilə mövcud olmuş, bu səbəbdən həmin ünvan üzrə abonent Fatma Şıxıyeva olmuşdur. Lakin, Fatma Şıxıyeva xx.xx.2008-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra qızı Tamella Şıxıyeva (iddiaçı) qardaşı və onun ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. İddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 11 may 2017-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, deformasiya nəticəsində sayğacın çıxış yivli birləşməsində sızma aşkar olunmuş, çıxış plastmas borusu sındırılmış və gövdəsi üst hissədən korroziyaya uğramışdır. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1384,80 manat pul tələb edilir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının cavabdehə qarşı borcun silinməsi barədə hazırki tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə onun yaxın qohumlarının (anası və qardaşları) mülkiyyətindədir. Digər tərəfdən, cavabdeh ilə müqavilə münasibətində olan abonent Fatma Şıxıyeva 2008-ci ildə ölmüş olsa da, həmin ünvanda iddiaçı yaşamaqda və təbii qazdan istifadə etməkdə davam etmişdir. Qeyd edilən ünvan üzrə sayğacın çıxarılması və borcun hesablanması da məhz iddiaçının həmin ünvanda yaşadığı dövrə təsadüf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcuddur. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına 1384,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, deformasiya nəticəsində sayğacın çıxış yivli birləşməsində sızma aşkar olunması, çıxış plastmas borusu sındırılması və sayğacın gövdəsinin üst hissədən korroziyaya uğraması ilə əsaslandırmışdır. İddiaçı isə sayğac yenisi ilə əvəz edildiyi zaman onun iştirakı olmadığını, quraşdırıldığı sayğacın fasiləsiz işlədiyini, sayğaca hər hansı müdaxilənin olmadığını və borcun necə yaranmasından xəbərinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman tərtib edilmiş aktda X7 əməkdaşları tərəfindən deformasiya nəticəsində sayğacın çıxış yivli birləşməsində sızma aşkar olunması, çıxış plastmas borusunun sındırılması və sayğacın gövdəsinin üst hissədən korroziyaya uğraması göstərilsə də, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımadığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun yaşadığı ünvan üzrə abonent hesabına hesablanmış 1384,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayon Qubalıbalaoğlan kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə X1 (abonent kodu: **********00000) abonent hesabına 15 mart 2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1384,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar