Məhkəmə qərarları › İş №2(071)-186/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-186/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-186/2023 14.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kirayə müqaviləsinə görə 52000 manat, onun əvəzinə komunal xidmətlərə görə ödənilmiş 3562 manat, elektrik enerjisindən istifadəyə görə ödənilmiş 1430 manat ,dövlət rüsumu üçün ödənilmiş 261 manat və vəkil xidmətinə görə ödənilmiş 210 manat olmaqla, ümumilikdə 57463 (əlli yeddi min dörd yüz altmış üç) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı X1 ailəsi ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşamaları üçün qardaşı ilə kirayə müqaviləsi bağlamışdır. X5 onun doğma qardaşı olduğuna görə müqavilə şifahi formada bağlanmış və onlar müqavilənin şərtləri barədə razılığa gəlmişlər. Şifahi kirayə müqaviləsinə görə X5 ona hər ay 1000 manat dəyərində kirayə haqqı verməyi və kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Onlar kirayə müqaviləsinin müddətini müəyyənləşdirməmiş, mənzil ona lazım olana kimi istifadə etmələri barədə razılığa gəlmişlər. X5 şifahi kirayə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirmişdir. Kirayə haqqını və komunal xərcləri ödəmişdir. İş üzrə cavabdeh X6 onun qardaşı Ceyhunun keçmiş həyat yoldaşıdır. Ailə vəziyyəti dözülməz həddə çatdığından qardaşı 2014-cü ildə həmin evi tərk etmişdir. Qardaşı həmin evi tərk etdikdən sonra uşaqlarının məktəb dəyişməməsi və dərsə davamiyyəti pozulmasın deyə ailəsinin həmin evdə yaşamasını xahiş etmiş və hər ay şifahi razılaşmaya əsasən 1000 manat kirayə haqqı ödəmişdir. Cavabdehlə qardaşı arasında olan nikah qeydi Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6594/2018 qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan qardaşı uşaqlarına yardım etdiyinə və aliment ödədiyinə görə artıq kirayə haqqını ödəməyəcəyini bildirmişdir. Bundan sonra o, Könül Fətiyevadan evi tərk etməsini tələb etsə də, Könül Fətiyeva evi tərk etməmiş və onu təhqir etmişdir. O, barışıq olar və cavabdeh ona məxsus evi tərk edər deyə bir müddət gözləsə də, tərəflər arasında nəinki barışıq olmamış, hətta münasibətləri daha da kəskinləşmişdir. Hazırda da qardaşı ilə cavabdeh arasında müxtəlif predmetli məhkəmə çəkişmələri olur. Buna görə də, o, xx.xx.2019-cu il tarixdə Yasamal rayon Məhkəməsinə evdən çıxarılma tələbi ilə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 2(004)-4963/2019 saylı qətnaməsinə əsasən X3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Lakin, qisas almaq məqsədi ilə cavabdeh 3 ildən artıq müddətdir ki, qətnamənin icrasını ləngidərək mənzildən çıxmır. O, 2-ci qrup əlil olduğunu, ürək xəstəsi olduğu üçün əmək qabiliyyətinin məhdud olduğunu, mənzilini kirayə verməklə dolandığını, 4 ildən artıqdır ki, mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyini, 2018-ci ilin iyul ayından (52 ay) bu günə kimi cavabdehin ona məxsus mənzildə yaşadığından mənzilini kirayə verə bilmədiyini, bu günə kimi keçən 52 ay ərzində cavabdeh ona hər ay kirayə puluna görə ayda 1000 manat olmaqla, 52000 manat ziyan vurduğunu, eyni zamanda bu müddət ərzində cavabdehin əvəzinə 1430 manat elektrik enerjisindən istifadəyə görə, 3562 manat komunal xərclərə görə və 246 manat suya görə pul ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin hazırda yaşadığı ev iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qardaşı Bağırov Ceyhunla yaşadığı müddətdə həmin evin kirayə haqqı və komunal xərcləri ödənilsə də, sonradan Ceyhun evi tərk etmişdir. Həmin vaxtdan cavabdeh evin kirayə haqqını və kommunal xərclərini ödəməmişdir. İddia tələbində göstərilən kommunal xidmətlər dedikdə, yaşayış binasının saxlanılması üçün nəzərdə tutulan və bütün mənzil istifadəçilər tərəfindən ödənilməli olan lift pulu, zibil pulu, mühafizə pulu və s. başa düşülür. Cavabdehin yaşadığı 2018-ci ildən bugünədək binanın saxlanılması üçün kommunal xərcləri iddiaçı ödəmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən evin kommunal xərclərini ödəməsini, evdə yaşadığı müddət ərzində ödəməli olduğu kirayə haqqını və elektrik enerjisinə görə ödədiyi vəsaiti tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X6 iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, ünvan 2 ünvanda yerləşən mənzil iddiaçının adına rəsmiləşdirilsə də, mənzil iddiaçının qardaşı Ceyhun ilə birgə nikah dövründə onlar tərəfindən alınmışdır. İddiaçının mənzil almağa maddi cəhətdən imkanı olmamışdır. Bundan başqa ev onların olduğundan iddiaçı ilə aralarında hər hansı bir kirayə müqaviləsinin bağlanılmasından söhbət belə gedə bilməzdi. Belə ki, o, öz evində qalması üçün kirayə pulu ödəməli deyil. Digər tərəfdən, elektrik, qaz və su pulunu həmişə evlilik dövründə iddiaçının qardaşı olan keçmiş həyat yoldaşı Bağırov Ceyhun ödəmişdir, ayrıldıqdan sonra isə həmişə özü ödəmişdir. Lakin, etiraf edir ki, Ceyhun Bağırovla aralarında olan nikah pozulduqdan sonrakı müddət ərzində o, binanın saxlanılması üçün nəzərdə tutulan kommunal xərclərdən heç bir ödəniş etməmişdir. Həmin pulu iddiaçı ödəmişdirsə, binanın saxlanılması ilə bağlı ödənilən kommunal xidmət haqqının dəyərini artıqlaması ilə ödəməyə hazırdır. Odur ki, iddianın qismən - kommunal xidmət haqqı kimi 3562 manat pulun tutulması hissəsində təmin edilməsini, qalan hissədə isə rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06-05301-093038 olan RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən ümumi sahəsi 127,70 kv.m olan 20 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MTK-nın sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi məbləği 3562 manat olan komunal pulu İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, 20 iyul 2018-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilə elektrik enerjisindən istifadəyə görə 1430 manat pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6594/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixdə Hacıqabul rayon VVADQ şöbəsində bağlanmış 226 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. İş materiallarından görünür ki, Bağırov İddiaçı (Fətiyeva) Könül Aydın qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, həmin qətnamənin 2(004)-4963/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bağırova (Fətiyeva) Könül Aydın qızı (yetkinlik yaşına çatan uşaqları ilə birlikdə) ünvan 3 ünvanında yerləşən 20 nömrəli mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(103)-76/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qardaşı Ceyhun Bağırovun arvadı olmuşdur. Cavabdeh ilə iddiaçının qardaşı birgə nikahda olduqları müddətdə iddiaçıya məxsus qeyd edilən mənzildə yaşamışlar. Cavabdeh ilə iddiaçının qardaşı arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bundan sonra, iddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən iddia təmin edilmişdir. Buna baxmayaraq, nikah pozulduqdan sonra da cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam etmişdir. İddiaçı tələbində mülkiyyətində olan mənzili qardaşının ailəsinə aylıq ödəniş 1000 manat və əlavə olaraq kommunal xərclərin ödənilməsi şərti ilə kirayə verdiyini, bu barədə onlar arasında şifahi razılıq əldə olunduğunu, qardaşının cavabdehlə nikahları pozulduqdan sonra ona məxsus mənzildə cavabdehin uşaqları ilə birlikdə yaşamaqla kirayə münasibətlərini davam etdirdiyini, bu səbəbdən 2018-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər keçən 52 ay müddət üçün cavabdehin ona 52000 manat pul ödəməli olduğunu, bundan başqa cavabdehin mənzildə yaşadığı bu müddət ərzində binanın saxlanılması üçün nəzərdə tutulan kommunal xidmətlərin dəyərini və elektrik enerjisindən istifadə görə ödənişləri özünün həyata keçirdiyini qeyd edərək, həmin pul vəsaitlərinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə, əvvəla iddia tələbinin kirayə pulunun tələb edilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranması üçün əvvəlcə onlar arasında sözügedən mənzilə dair kirayə müqaviləsi bağlanmış olmalıdır və qanunvericiliyin tələbləri baxımından əmlak kirayəsi müqaviləsi yazılı və ya şifahi formada bağlanıla bilər. Lakin, iş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzili cavabdehin keçmiş həyat yoldaşı olan qardaşına və ya cavabdehin özünə kirayə verməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında isə cavabdeh həmin mənzilin onlara kirayə verilməsini etiraf etməmiş və mənzilin kirayə verilməməsini təsdiq edən başqa bir mülki mübahisə üzrə iddiaçının iddia ərizəsinin surətini və məhkəmə aktlarını sübut kimi məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş həmin iddia ərizəsinin surətindən və məhkəmə aktından görünür ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilin iddiaçı tərəfindən cavabdehin ailəsinə kirayə verilməsi qeyd edilməmişdir. Əksinə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6586/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində İddiaçı izahatında Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilin qardaşına və onun ailəsinə müvəqqəti istifadə etmələri üçün verilməsi qeyd edilmişdir. X5 isə izahatında həmin mənzildə faktiki olaraq yaşadıqlarından mənzilə dair bütün komunal xərcləri öz adından ödədiyini göstərmişdir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında mənzilin kirayəyə verilməsinə görə kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliyin yaranması məhkəmə iclasında sübuta yetirilmədiyindən, iddiaçı tərəf bu barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi kirayə haqqının tələb edilməsi hissəsində əsassızdır. Məhkəmə, iddia tələbinin elektrik enerjisindən istifadəyə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsini də araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin mənzildə yaşamaqla istifadə etdiyi elektrik enerjisinin dəyərinin məhz iddiaçı tərəfindən ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı, cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə 1430 manat pul ödədiyini iddia etsə də, məhkəmə iclasında cavabdeh iddianı həmin hissədə etiraf etməmiş və izahatında bu günə kimi mənzildə təbii qaz, su və elektrik enerjisindən istifadə nəticəsində yaranmış bütün borclarını özünün ödədiyini göstərmişdir. İddiaçı, iddianın həmin hissəsi ilə bağlı məhkəməyə Azərişıq ASC tərəfindən verilmiş abonentin saldosunu təqdim etmişdir. Həmin sənəddən görünür ki, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilin abonent hesabına 2018-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddət ərzində 1430 manat borc hesablanmış və ödənilmişdir. Lakin, iddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcun həqiqətən özü tərəfindən ödənilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər. Göründüyü kimi, istehlakçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcu bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Eyni zamanda işin faktiki hallarından görünür ki, 2018-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddət ərzində iddiaçıya məxsus mənzildə cavabdeh uşaqları ilə birlikdə yaşamışdır. Həmin dövr ərzində istifadə edilmiş elektrik enerjisinin dəyərinin ödənilməməsi halında isə elektrik enerjisinin verilməsinin dayandırılması halı ilə cavabdeh üzləşə bilərdi. Həmin müddət ərzində elektrik enerjisinin verilməsinin dayandırılması hər hansı formada iddiaçının mənafeyini pozmur və onun cavabdeh tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərini ödəməyə sövq edən hər hansı hal olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən dövr ərzində tərəflər arasında münasibətlərin gərgin olması, onlar arasında məhkəmə mübahisələrinin olması nəzərə alındıqda, iddiaçıya məxsus olan və cavabdehin yaşadığı mənzildə elektrik enerjisindən istifadə görə yaranmış borcun iddiaçı tərəfindən ödənilmiş olması ağlabatan görünmür. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin kommunal xidmətlərə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzilin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi məbləği 3562 manat olan komunal pulunu İddiaçı tərəfindən ödənilməsi göstərilmiş, cavabdeh X6 da iddianın yalnız həmin hissəsini qəbul edərək məhkəmə iclası zamanı verdiyi izahatında yaşadığı Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 126 ünvanında yerləşən 20 nömrəli mənzil üzrə binanın saxlanılması üçün nəzərdə tutulan kommunal xidmətlərin dəyərini heç vaxt ödəmədiyini, həmin xidmətlərinin dəyəri iddiaçı tərəfindən ödənilmişdirsə, həmin məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsində göstərilir ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-cü maddəsində isə göstərilir ki, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Məhkəmə hesab edir ki, işin faktiki halları ilə 2018-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddət ərzində iddiaçıya məxsus mənzildə cavabdehin yaşaması və bu müddət ərzində binada göstərilən kommunal xidmətlərdən (zibil, lift, mühafizə və s.) cavabdeh yararlandığı halda, onun tərəfindən heç bir ödəniş edilməməsi, əksinə kommunal xidmətlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edildiyindən, iddiaçı kommunal xidmətlərə görə ödənilmiş vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia qismən təmin edilməli, kommunal xidmətlərdən istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 3562 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 16,31 manat dövlət rüsumu və 13,12 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 3562 (üç min beş yüz altmış iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 16,31 manat (on altı manat otuz bir qəpik) pul, vəkil xərcinə görə 13,12 manat (on üç manat on iki qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar