Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-187/2023 28.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 1100 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri Nəsimi küçəsi ev 44-də yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış smart tipli qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Beləki, 20 may 2022-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış itron tipli, G-4 markalı 1402AZ**********31 saylı qaz sayğacının açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. O, qaz sayğacının istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyi zaman iştirak etmiş və şahidi olmuşdur ki, yeni qaz sayğacı quraşdırıldı. Həmin hadisənin üstündən 6 ay keçdikdən sonra ona xx.xx.2022-ci il tarixdə ona məktub ünvanlanaraq 1100 manat borcu yarandığı bildirilmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmiş, işlətdiyi qaz smart kart ilə olduğu üçün ödədiyi pul miqdarında qaz işlətmişdir. Ona cərimənin nə üçün yazılması barədə məlumat verilməmişdir. Dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz işləmiş və hər ay qaz idarəsinin işçiləri tərəfindən yoxlanılmışdır. Halbu ki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq 1100 manat borc hesablamışlar. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 1036,80 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun evinə quraşdırılmış sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmiş və sayğac dəyişildikdən 6 ay sonra ona 1036,80 manat cərimə yazılmışdır. O, sayğaca müdaxilə etməmişdir, dəyişdirilən zaman özü iştirak etmişdir və borc ona əsassız olaraq yazılmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20 may 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1402AZ**********31 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********8 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1402AZ**********31 nömrəli G-4 markalı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin oktyabr ayı üçün qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1036,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın hesablama mexanizminin qoruyucu ekranının deşilməsi əsası ilə hesablamışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın qoruyucu şüşəsinin deşilməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-187/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-187/2023
28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver