Məhkəmə qərarları › İş №2(071)-217/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-217/2022

31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-217/2022 31.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı Heydər qızının Cavabdehnə qarşı “20.09.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər qızı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 31.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20.09.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Heydər qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmlış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Verilmiş bildirişlərə əsasən hər ay qazın dəyərini ödəyir. 20.09.2021-ci ildə qaz idarəsinin işçiləri gəlib onun evini qazla təmin edən 1002AQ**********1 saylı qaz sayğacını açaraq özləri ilə aparmışlar. Eyni zamanda qaz sayğacının istismarı, quraşdırılması və çıxarılması haqqında akt tərtib etmişlər. O, və ailə üzvləri aktın tərtib edilməsində iştirak etməmişlər. Həmin akta onun adından imza atılmışdır. Sonradan ona sayğaca müdaxilə etməsi barədə bildiriş gəlmişdir. Həmin aktda sayğaca baxış keçirilən zaman sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, nəticədə sayğacın ALARM-1 rejimində olması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın yaddaş arxivi oxunması və sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması göstərilmişdir. O, və ailə üzvlərinin sayğaca heç bir müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 9 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı Heydər qızının yaşadığı Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinə təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********1 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 20.09.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********3 nömrəli sayğac ilə əvəz edilmişdir. X1 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı Heydər qızına qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20.09.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Aktda smart tipli sayğacın istismar müddəti bitdiyinə görə sayğacın dəyişdirildiyi və yeni mexaniki sayğac qoyulduğu göstərilmişdir. Dövlət yoxlaması nəticəsində 29.10.2021-ci tarixli 29/1710-04121-1 nömrəli akta əsasən sayğacın ALARM 2 rejimində olduğu, elementinin bitmək üzrə olduğu, sayğacın keçən qazın həcmini qeyd etmədiyi, sayğacın klapanının işlək olmadığı və yivli birləşmələrin işlək olmadığı göstərilmiş və bu səbəbdən də, məişət tipli G-4 markalı 1002AQ**********1 nömrəli sayğacın dəyərinin ödənilməli olduğu göstərilmişdir. İddiaçı Heydər qızı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron qaz sayğacı 20.09.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********3 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 20.09.2021-ci il tarixli ******* nömrəli aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə pul təldəb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin kənarında, yəni iddiaçının evindən kənarda küçədə quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, sayğacın dəyişdirilməsinə görə hesablanmış borc istehlakçı İddiaçı Heydər qızının (abunə kodu **********04980) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Heydər qızının yaşadığı Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış borc (dəyişdirilmiş məişət tipli G-4 markalı 1002AQ**********1 sayğacın dəyəri) istehlakçı İddiaçı Heydər qızının (abunə kodu **********04980) hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar