Məhkəmə qərarları › İş №2(071)-249/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-249/2023

27.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-249/2023 27.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış smart tipli qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. 09 avqust 2022-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış itron tipli, G-4 markalı 1002AQ**********8 saylı qaz sayğacının açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. O, qaz sayğacının istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyi zaman iştirak etmiş və şahidi olmuşdur ki, yeni qaz sayğacı quraşdırıldı. Sonradan Cavabdeh işçiləri onun evinə gələrək təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona borc yazıldığını bildirmişlər. Dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 10 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Onun və ailə üzvlərinin sayğaca heç bir müdaxiləsi olmamışdır. Buna baxmayaraq, ona əsassız olaraq cərimə hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, çıxarılan smart tipli sayğac 2012-ci ildə quraşdırılmış, 10 il sonra isə mexaniki sayğacla əvəzlənmişdir. Onlar sayğaca heç bir müdaxilə etməmişlər və onlara əsassız olaraq borc yazılmışdır. Odur ki, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında onun abonent hesabına hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09 avqust 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1002AQ**********8 nömrəli G- 4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********8 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-03146- 1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********8 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90=8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Atbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin oktyabr ayı üçün qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 09 avqust 2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1036,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar