Məhkəmə qərarları › İş №2(071)-25/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-25/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-25/2023 17.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X53 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdehlər X23, X16 və X1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X23, X16 və X4 qarşı “özgəsinin qanunsuz sahibliyindən fərdi yaşayış evinin geri tələb olunması və fərdi yaşayış evinə köçürülmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X23, X16 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz sahibliyində olan Hacıqabul rayonu, Pirsaat qəsəbəsində olan 0,25 ha. torpaq sahəsində yerləşən 6 otaqlı yaşayış sahəsi və əlavə olaraq həmin sahədə yerləşən qeyri-yaşayış sahələrinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunması, cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi, 210 manat hüquqi xidmət üçün ödənilmiş haqqın və 21 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-cı ildə X17 ilə qeyri-rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra Hacıqabul rayonu Pirsaat kəndində yerləşən 0,25 ha torpaq sahəsində yerləşən 6 otaqlı evdə yaşamışlar və birgə nikahlarından xx.xx.1982-ci ildə X34, xx.xx.1983-cü ildə X24, xx.xx.1985-ci ildə X26 adında üç övladları anadan olmuşdur. 10 nömrəli təsərrüfatbaşına kitabda Navahı kənd inzibati ərazi vahidi üzrə 1980-1985, 1986-1990, 1991-1995, 1996-2000, 2001-2005-ci illər üçün Hacıqabul rayon Dövlət Arxivinin müdiri V.T.Nağıyevin verdiyi çıxarışla təsdiq olunur ki, xx.xx.1957-ci il təvəllüdlü X17 5 nəfərdən ibarət ailə tərkibi ilə, özü, həyat yoldaşı - X12, övladları - X34, X24 və X26 ilə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən həmin evdə qeydiyyatda olmaqla yaşamışlar. Təsərrüfatbaşına kitabda həmin evdə yalnız onların adları yazılmışdır. Lakin cavabdehlərin adı həmin evdə qeyd olmamışdır. Onların faktiki nikahı xx.xx.2010-cu ildə rəsmiləşdirilmişdir. Onlar bir müddət Ukrayna Respublikasının Çerkassı vilayətinin Çerkassı şəhərində müvəqqəti olaraq yaşamışlar və X18 09 may 2011-ci il tarixində, 54 yaşında Ukrayna Respublikasının Çerkassı vilayətinin Çerkassı şəhərində vəfat etmişdir. Buna baxmayaraq cavabdehlərin Hacıqabul rayonu Pirsaat qəsəbəsində 2 hektara yaxın torpaq sahələri və 3 ayrı-ayrı, çox otaqlı, tam şəraitli yaşayış evləri olsa da onların müvəqqəti olaraq Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən evdə yaşamamalarından istifadə edərək, cavabdehlər həmin evə girmiş və oradan istifadə etməyə başlamışlar. Hazırda ona və ailə üzvlərinə birlikdə qeydiyyatda olduqları Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən evlərinə gedərək orada yaşamalarına cavabdehlər müxtəlif bəhanələrlə maneçiliklər törədirlər. Onlara məxsus olan bütün əmlaklar həmin evdə yerləşsə də, cavabdehlərin təqsirindən şəxsi əmlaklarından istifadə etmək hüququndan məhrum olmuşlar. Hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalı və onun əmlakları cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun mülkiyyətinə verilməlidir. Ona görə də, cavabdehlərin qanunsuz sahibliyində olan Hacıqabul rayonu, Pirsaat qəsəbəsində olan 0,25 ha torpaq sahəsində yerləşən 6 otaqlı yaşayış sahəsi və əlavə olaraq həmin sahədə yerləşən qeyri yaşayış sahələri cavabdehlərin qanunsuz sahibliyindən geri alınması, cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılması və onun həmin yaşayış sahəsinə köçürülməsi, 210 manat hüquqi xidmət haqqı və 21 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qaynatası X5 məxsus olmuşdur. 1982-ci ildə o, X19 ilə ailə həyatı qurmuş, onun atasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan onların üç uşaqları doğulmuş və həm özü, həm də uşaqları həmin evdə qeydiyyata alınmışdır. Birgə nikahda olduqları müddət ərzində onlar işləmək məqsədi ilə müvəqqəti Ukraynaya gedibgəlmişlər. 2011-ci ildə həyat yoldaşı X37 vəfat etmişdir. Yoldaşı vəfat edəndən sonra o, uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Azərbaycana qayıtdıqdan sonra o, Bakı şəhərində yaşamışdır. Lakin, 2011-ci ildən 2021-ci ilədək müddət ərzində o, dəfələlərlə Hacıqabul rayonundakı evə köçməyə cəhd etsə də, qaynının arvadı olan Mənsumə Zərbaliyeva və qaynının uşaqları Rüfət Zərbaliyev və Söhbət Zərbaliyev buna imkan verməmişlər. Halbuki, ona məxsus əşyaların bir hissəsi hazırda da Hacıqabul rayonundakı evdədir, özü həmin evdə qeydiyyatdadır. Cavabdehlərin isə Hacıqabul rayonu ərazisində özlərinə məxsus başqa evləri vardır. Belə olan halda hesab edir ki, qaynatası tərəfindən tikilmiş və qeydiyyatda olduğu evdə onun yaşamaq hüququ vardır. Cavabdehlər isə həmin evə qanunsuz olaraq sahiblik edirlər. Odur ki, iddianın təmin edilməsi, cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, 1964-cü Əhliman Zərbaliyevlə ailə həyatı quraraq onun atasına məxsus Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 7 uşağı doğulmuş və onlar birlikdə həmin evdə yaşamışlar. İddiaçı onun qaynı Vahidin arvadı olmuşdur. İddiaçı 1981-ci ildə qaynı Vahidlə ailə həyatı qurmuşdur. Vahid ailə həyatı qurduqdan sonra iki il onlarla birlikdə yaşamış, sonra isə Pirsaat qəsəbəsində torpaq sahəsi alaraq həmin torpaq sahəsində ev tikdirmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 1993-cü ildə Vahid ailəsi ilə birlikdə Ukraynaya köçüb orada yaşamışdır. Vahid Ukraynada yaşadığı müddətdə Pirsaat qəsəbəsində olan evini başqa bir şəxsə satmışdır. 2011-ci ildə Vahid vəfat etmiş, onun dəfn və yas mərasimlərə onların evində keçirilmişdir. Vahid vəfat etdikdən sonra Fəridə uşaqları ilə birlikdə Bakı şəhərində yaşamışdır. Həmin vaxtdan sonra Fəridə ilə əlaqələri olmamışdır. Mübahisə predmeti olan ev ona məxsusdur və onun mülkiyyətindədir. Bu səbəbdən hesab edir ki, iddiaçının həmin evə köçüb yaşaması və onların evdən çıxarılması mümkün deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X23 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o mübahisə predmeti olan ev babası Zülfüqar Zərbaliyevə məxsus olmuşdur. Onlar hamısı birlikdə həmin evdə yaşamışlar. İddiaçı onun əmisi Vahidin arvadıdır. Əmisi ailəsi ilə birlikdə Ukraynada yaşamışlar. Onlar arada bir Azərbaycana gəlirdilər. 2011-ci ildə əmisi Vahid vəfat edəndən sonra iddiaçı Bakı şəhərində qızının yanında yaşamış, arada bir qonaq kimi Hacıqabula gəlmişdir. 10 il müddət ərzində iddiaçı heç bir həmin evə köçüb yaşamaqla bağlı onlara müraciət etməmişdir. Həmin ev hazırda anası Mənsumə Zərbaliyevanın mülkiyyətindədir. İddiaçının həmin evə hər hansı hüququ yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 cavabdeh X23 ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********32-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində olan 0,12 ha torpaq sahəsi X6, X13, X20, X23, X7, X8, X9, X25 və X10 birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən 186,6 kv.m olan fərdi yaşayış evi isə X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş **********32-10301 reyestr nömrəli texniki passportdan görünür ki, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində 0,12 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X2 adına texniki passport tərtib edilmişdir. İş materiallarında olan Nəvahi kənd inzibati ərazi dairəsinin 2001-2005-ci illər üçün 10 nömrəli təsərrüfatbaşına kitabının təsdiq edilmiş surətindən görünür ki, X17, X12, X34 və X35 həmin təsərrüfatbaşına kitabda qeydə alınmışdırlar. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ 549876 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X21 ilə İddiaçı nikahı xx.xx.2010-cu il tarixdə Hacıqabul Rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Azadəliyev”, arvada “Azadəliyeva” soyadı verilmişdir. İş materiallarında olan 10 may 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2011-ci il tarixdə Ukrayna Respublikasının Çerkassı vilayətinin Çerkassı şəhərində ölmüşdür, bu barədə ölüm qeydiyyatı kitabında 2011-ci ilin may ayının 10-cu günündə 1130 saylı müvafiq akt qeydi aparılmışdır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Pirsaat qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 117 saylı arayışında qeyd olunur ki, X6 həqiqətən bu günə kimi Hacıqabul rayon Pirsaat qəsəbəsində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Pirsaat qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 118 saylı arayışında qeyd olunur ki, X23 həqiqətən bu günə kimi Hacıqabul rayon Pirsaat qəsəbəsində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Pirsaat qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 119 saylı arayışında qeyd olunur ki, X16 həqiqətən bu günə kimi Hacıqabul rayon Pirsaat qəsəbəsində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Pirsaat qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 120 saylı arayışında qeyd olunur ki, X13 həqiqətən bu günə kimi Hacıqabul rayon Pirsaat qəsəbəsində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/642 nömrəli rəyindən görünür ki, 10 nömrəli təsərrüfatbaşına kitabda Navahı kənd inzibati ərazi vahidi üzrə 1980-1985, 1986-1990, 1991-1995, 1996-2000, 2001-2005-ci illər üçün Hacıqabul rayon Dövlət Arxivi tərəfindən X11 və 5 nəfərdən ibarət ailə üzvünə verilmiş və çıxarışla təsdiq olunmuş torpaq sahəsi ilə iddia ərizəsində iddia olunan cavabdehlərin yaşadığı qeydiyyat tarixi 02 fevral 2021-ci il tarixli, reyestr nömrəsi **********32-10301, qeydiyyat nömrəsi ********** olan Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 otaqlı yaşayış sahəsi ilə hüdudları üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında iddiaçının iddia etdiyi torpaq sahəsinin, 6 otaqlı yaşayış sahəsinin və ********** qeydiyyat nömrəli çıxarışın cizgiləri və döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. İş materiallarında olan 21 mart 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar aparılmış təqdiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X17 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı quraraq 1982-ci ildə sonuncunun atası Zülfüqar Zərbaliyev tərəfindən inşa edilmiş Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından üç uşaqları doğulmuş və bütün ailə üzvləri həmin evdə qeydiyyata alınmışlar. Daha sonra Vahid Zərbaliyev ailə üzvləri ilə birlikdə işləmək məqsədi ilə Ukraynaya getmiş və orada yaşamışlar. xx.xx.2010-cu il tarixdə X21 ilə İddiaçı rəsmi nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə “Azadəliyev”, arvada “Azadəliyeva” soyadı verilmişdir. X22 xx.xx.2011-ci il tarixdə Ukrayna Respublikasının Çerkassı vilayətinin Çerkassı şəhərində ölmüşdür. O, öldükdən sonra arvadı İddiaçı uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və həmin müddətdən sonra Bakı şəhərində yaşamışdır. Ekspertiza rəyi ilə müəyyən edilir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi ilə cavabdehlərin yaşadıqları fərdi yaşayış evi eynidir. Mübahisə predmeti olan həmin fərdi yaşayış evi iddiaçının qaynatası Zülfüqar Zərbaliyev tərəfindən inşa edilmişdir, lakin xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində cavabdeh X3 mülkiyyət hüququ qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi isə Mənsumə Zərbaliyeva ilə yanaşı digər şəxslərin birgə mülkiyyətindədir. İddiaçının isə həm torpaq sahəsi, həm də fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evində gəlin kimi uzun müddət yaşamasını, həmin evdə qeydiyyata alınmasını əsas gətirərək, qeyd edilən fərdi yaşayış evinə köçürülməsini və cavabdehlərin həmin evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası – Zülfüqar Zərbaliyev tərəfindən inşa edilmiş və iddiaçı 1982-ci ildə həmin evə gəlin kimi köçüb orada yaşamışdır. İddiaçı və onun ailə üzvlərinin adları həmin evə dair təsərrüfatbaşına kitabda qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı 1982-ci ildən mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaqla, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 vəya123-cü maddəsinin tələbi baxımından onun həmin fərdi yaşayış evində yaşamaq (istifadə etmək) hüququ yaranmış olsa da, o, həmin evdə ən azından 2011-ci ildən bu yana yaşamamaqla və özünə daimi olaraq başqa yaşayış yeri seçməklə, mübahisəli fərdi yaşayış evi ilə əlaqəsini kəsmişdir. İddiaçı məhkəmə iclasında 2011-ci ildən iddia ərizəsinin məhkəməyə verildiyi 2021-ci ilədək olan müddət ərzində dəfələrlə mübahisəli fərdi yaşayış evinə köçməyə cəhd etdiyini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının 10 il ərzində mübahisəli evdə yaşamaması, həmin evə köçmək üçün real cəhdlər etməməsi onu deməyə əsas verir ki, iddiaçı artıq özünə başqa daimi yaşayış yeri seçmişdir. Bununla da onun həmin evdən əvvəllər yaranmış olan yaşamaq (istifadə) hüququ artıq itirilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarı). Bundan başqa qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası tərəfindən inşa edilmiş olsa da, xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində cavabdeh X3 mülkiyyət hüququ qeydə alınmış və digər cavabdehlər Söhbət Zərbaliyev və Rüfət Zərbaliyev isə Mənsumə Zərbaliyevanın övladları olmaqla, onunla birlikdə həmin fərdi yaşayış evində yaşayırlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə cavabdeh Mənsumə Zərbaliyevanın adına qeydə alınmışdır. Yəni, yaşayış sahəsinin mülkiyyət forması həmin tarixdən dəyişdiyindən, Konstitusiya Məhkəməsinin Plenum qərarındakı mövqeyə əsasən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh Mənsumə Zərbaliyevaya münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ yarana bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdeh Mənsumə Zərbaliyevanın mülkiyyətində olan fərdi yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. İddiaçı ərizəsində və məhkəmə iclasında izahatında qeyd etmişdir ki, o, hal-hazırda da Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Bu səbəbdən onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin dəlili də əsassızdır. Belə ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Məhkəmə, iddia tələbinin cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh X3 xüsusi mülkiyyətindədir və digər cavabdehlər onun övladları olmaqla, mülkiyyətçi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayırlar və birgə təsərrüfat aparırlar. Mülki Məcəllənin 152.1 və Ailə Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından həmin şəxslər mübahisəli fərdi yaşayış evinə sahiblik etmək və istifadə hüquqlarına malikdir. Bu səbəbdən cavabdehlərin qeyd olunan fərdi yaşayış evindən çıxarılmaları qeyrimümkündür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilmiş 20 manat dövlət rüsumu və 210 manat vəkil xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X23, X16 və X4 qarşı “özgəsinin qanunsuz sahibliyindən fərdi yaşayış evinin geri tələb olunması və fərdi yaşayış evinə köçürülmə tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 210 manat vəkil xərci iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X15, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X54

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar