Məhkəmə qərarları › İş №2(071)-264/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-264/2023

03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-264/2023 03.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq onun abonent hesabına hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Nəvahı kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, qazın dəyərini vaxtı-vaxtında ödəyir. 29 aprel 2021-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış, G-4 markalı 1002AQ**********69 saylı qaz sayğacının açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib etmişlər və sayğacı mexaniki sayğacla əvəz etdilər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacına nəsə etdiklərini gördü və soruşduqda bildirdilər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yəni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O, şahidi olmuşdur ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdır və həmin aktı o, imza etdi. Təxminən 1 ay sonra evinə gəldilər və xəbərdarlıq etdilər ki, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacın plasmas borusu dəşilib. Dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz işləmiş və hər ay qaz idarəsinin işçiləri tərəfindən yoxlanılmışdır. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq 216 manat borc hesablamışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 aprel 2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli 1002AQ**********9 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, G4 markalı 1002AQ**********9 nömrəli G-4 markalı sayğacın plasmas borusunun deşilməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Atbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2021-ci ilin sentyabr ayı üçün qalıq və aktlar üzrə 216 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yeni Zenner tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 216 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın plasmas borusunun deşilməsi ilə əsaslandırmışdır. Sayğacın dəyişdirilməsinin səbəbi isə onun istismar müddətinin bitməsi olmuşdur. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə sayğaç çıxarıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 29 aprel 2021-ci il tarixli aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərildiyindən və həmin hala görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, həmçinin həmin akta əsasən abonentə 216 manat borc hesablandığından, iddia təmin edilməli, iddiaçının abonent hesabına akt əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu Navahi kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar