Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-289/2025 23.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən tərtib edilmiş 337836 saylı xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi barədə və həmin akta əsasən hesablanmış 899,89 manat məbləğində cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, H.Aslanov küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayır. Hacıqabul şəhəri, H.Aslanov küçəsi 6, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə alqı-satqı yolu ilə almış və şəxsi mülkiyyətinə keçirmişdir. "xxxx" ASC tərəfindən həmin fərdi yaşayış evinə **********3 nömrəli sayğac quraşdırılmışdır. 14 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçının xəbəri olmadan istifadəsində olan sayğaca (abonent kodu **********3) protokol yazmışlar və həmin protokoldan heç bir xəbəri olmamışdır. Daha sonra o, terminalda pul ödəyərkən bilmişdir ki, istifadəsində olan sayğac üzrə abonent koduna 822,89 manat borc yazılmışdır. Məhkəmə iclasında İddiaçı əvvəlcə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları 2024-cü ilin iyul ayında onu güya kənar xəttdən istifadə etdiyini aşkarlayıblar və 899,89 manat cərimə yazıblar. Məhkəmə iclası zamanı CD disk tədqiq edildikdən sonra iddiaçı bildirmişdir ki, audio-video materialda göstərilən sayğac onun yaşadığı evə məxsusdur. Həmin audio-video materialda görünən kənar xəttin onun təqsiri ucbatından deyil, mülkiyyətində olduğu evdə əvvəllər yaşamış olan kirayəçi tərəfindən çəkilmiş ola biləcəyini qeyd etmişdir. O, ifadəsinin sonunda iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları K.Hüseynov, A.Talıbov və İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 337836 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları Ə K.Hüseynov, A.Talıbov və İ.Qasımov xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********3 nömrəli abunə kodu) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Cavabdeh "xxxx" ASC tərəfinən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə əlavə edilmiş audio-video material məhkəmə iclası zamanı tədqiq edilərkən müəyyən edildi ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna borc hesablamaqda haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edildiyi, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edilmiş, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-289/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-289/2025
23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver