Məhkəmə qərarları › İş №2(071)-295/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-295/2023

11.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-295/2023 11.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Hacıqabul rayonu, Meyniman kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı mərhum həyat yoldaşı X3 adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Verilmiş bildirişlərə əsasən qazın dəyərini ödəyir. Belə ki, xx.xx.2022-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış İtron tipli G-4 markalı **********2 saylı qaz sayğacının açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt tərtib ediblər. O evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görüb və soruşduqda bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğac ilə əvəzlənir. Özü də şahidi olub ki, yeni qaz sayğacı quraşdırılıb və aktda göstərilib ki, növbəti dövlət yoxlamasıdır və həmin akta o özü imza edib. Sonradan onun evinə gəlib xəbərdarlıq ediblər ki, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacınız hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmir və bu barədə ******* saylı akt tərtib ediblər. O bu aktı imzalamaqdan imtina edib. Onu da qeyd edir ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 10 il fasiləsiz yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməyib. Buna baxmayaraq, ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 06 yanvar 2023-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 1036,80 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda (abonent - X4) quraşdırılmış İtron tipli G4 markalı **********2 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********498 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı **********2 nömrəli G-4 markalı sayğacın deformasiya nəticəsində hesablayıcı mexanizminin iş pirinsipinə maneə törədildiyi göstərilmişdir. Aktda həmçinin sayğacın açılarkən qoruyucu şüşəsi alt hissədən istilik nəticəsində əridiyi, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X2 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-04917- 1 nömrəli rəyinə əsasən G4 markalı **********2 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən istilik nəticəsində əriyib və sayğacın hesablayıcı mexanizminin iş pirinsipinə maneə törədilib sayğac istismara yararsızdır. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90=8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 06 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Meyniman kəndində yerləşən fərdi yaşayış evinə dair abonent X1 görünür ki, abonentin hesabına 2022-ci ilin dekabr ayı üçün qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli, 276803 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı nikahı xx.xx.1986-cı il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə “Zeyniyev”, arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan JN-124A, KOD 91004038 nömrəli dövlət aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən X4 və İddiaçı, eləcə onların uşaqlarına fərdi yaşayış evinin tikilməsi üçün 0,66 ha torpaq sahəsi verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə X4 1986-cı ildə birgə nikaha daxil olmuşlar və birgə nikahda olduqları müddət ərzində onlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikib yaşamışlar. Birgə yaşadıqları fərdi yaşayış evinə dair təbii qazdan istifadəyə görə cavabdehlə iddiaçının əri – X4 arasında müqavilə bağlanmış, abonent hesabı sonuncunun adına açılmışdır. İddiaçının əri xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadə görə abonent hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən istilik nəticəsində əriyib. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonent hesabına 1036,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, deformasiya nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən istilik nəticəsində əriyib və sayğacın istismara yararsız olması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini, sayğacın plombunun qaz idarəsinin işçiləri tərəfindən qırıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda iddiaçı və ya ailə üzvləri tərəfindən hər hansı müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X6 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-ci il tarixli ******* saylı aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən istilik nəticəsində əridiyi göstərildiyindən və həmin hallara görə iddiaçı məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında da borc hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun yaşadığı ünvan üzrə abonent hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonentin hesabına (abonent kodu: **********00094) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar