Məhkəmə qərarları › İş №2(071)-298/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-298/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-298/2024 18.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Quliyev Elşadın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RETŞİ əməkdaşları tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli AKT RN 229274 nömrəli 600 manat cərimə aktının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayında “Azərişıq" ASC-NİN şirvan RETŞİ idarəsinin əməkdaşları onların Hacıqabul raonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirərkən guya kənar xətt aşkar edilmiş və onun haqqında cərimə protokolu tərtib edərək işıq kartını bloklamışlar. Bununla bağlı bildirir ki, onlar heç vaxt kənar xəttdən istifadə etməmişlər. Şirvan RETŞİ əməkdaşlarının “kənar xətt” kimi çəkilişi etdiyi həmin naqil hal-hazırda olduğu kimi qalmaqdadır. Belə ki, bu “kənar xətt" əslində küçədə təhlükəli vəziyyətdə olan digər elektrik dirəyinin tarazlığını saxlamaq üçün Hacıqabul PEŞ əməkdaşları tərəfindən çəkilərək digər işıq dirəyinə bağlanmışdır və sadəcə digər işıq dirəyinin tarazlığını saxlayır, onu yıxılmağa qoymur. Bunu Hacıqabul PEŞ işçiləri də, yerli işıq nəzarətçiləri də yaxşı bilir. Amma Şirvan RETŞİ əməkdaşları video çəkiliş edən zaman bütün bunları görməzdən gəlmiş, çəkilmiş bu xəttin tək olmasını onun dövriyyəyə qoşulu olmamasını qulaq ardına vuraraq onların ailəsinin adına cərimə protokolu yazmışlar. Digər məsələ də ondan ibarətdir ki, onların əlavə xəttə ehtiyacları da yoxdur. Belə ki, o çörək pulu qazanmaq üçün ilin çoxunu Rusiyada olur, həmin evdə anası tək yaşayır, atası isə onlar uşaq olarkən dünyasını dəyişmişdir. Anası da tək olduğu üçün təbii ki, böyük təsərffüfat işləri ilə məşğul ola bilmir. Aylıq karta pul yükləmək onlara kifayət edir. Bunun sübutu olaraq onu da qeyd edir ki, bu vaxta qədər bu cərimə Protokolu istisna olmaqla bir manat da olsun işıq pulu borcları olmamışdır. Yuxarıda qeyd etdiyi kimi anası tək yaşayır. Şirvan RETŞİ əməkdaşları qeyd edib, protokol yazan zaman evdə olmayıb. Bu vaxta kimi də tərtib olunmuş cərimə protokolunun surəti onlara təqdim olunmamışdır. Uzun müddətdir ki, pandemiya səbəbi ilə ölkəyə qayıda bilmədiyi üçün bu məsələnin həlli ilə məşğul ola bilməmişdir. Ölkəyə yenicə gəlmiş və çətinliklə də olsa Şirvan RETŞİ-də cərimə protokolunun surətini əldə edə bilmişdir. Ötən ilin iyul ayında bununla bağlı məhkəməyə müraciət etsə də, müəyyən səbəblərdən iş baxılmamış, saxlanmışdır. Odur ki, yenidən iddia ərizəsi ilə müraciət edir. Xahiş edir ki, onun bu iddiası icraata qəbul edərək araşdırılsın. Lazım gələrsə cərimə protokolu yazılmış “əlavə xəttinə təzədən yerindəcə baxış keçirilə bilər. İddiaçı məhkəməyə telegram vuraraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Quliyev Elşad məhkəmə zalında izahatında "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, X1 əməkdaşları E.Qayıbov, V.Şəfiyev, S.Həşimov və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 229274 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları E.Qayıbov, V.Şəfiyev, S.Həşimov və İddiaçı xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus (**********5 nömrəli abunə kodu) Hacıqabul raonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki,abonentin evində kənar xətt aşkar edilmişdir. Baxış zaman video çəkiliş aparılmışdır. Kənar xətt dayaqda olduğu üçün ölçü aparmaq mümkün olmamışdır. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus (abunə kodu **********5) abunə hesabına heç bir əsaslı səbəb olmadan 600 manat cərimə yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 229274 nömrəli akt tərtib edilərkən İddiaçı məxsus (**********5 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabına cərimə borcunun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 600 manat İddiaçı məxsus **********5 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 229274 nömrəli akt əsasında hesablanmış 600 manat cərimə İddiaçı məxsus **********5 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar