Məhkəmə qərarları › İş №2(071)-306/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-306/2022

18.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-306/2022 18.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 14.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş 21.04.2015-ci il tarixli ******* saylı təbi qazdan istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. Buna baxmayaraq o, 2021-ci ilin son aylarında "Azəriqaz” istehsalat Birliyinə borcunun olduğunu öyrənmişdir. Daha sonra bu borc barədə maraqlandıqda isə ona 2015-ci il tarixdə heç bir sübut əsas olmadan özlərinin xeyrinə tərtib etdikləri ******* saylı aktı təqdim etmişlər. Həmin akt 2015-ci ildə tərtib edilmişdir, tərtib edilmiş aktın üstündən nə az, nə çox 6 il müddət keçmiş və 29.11.2021ci il tarixdə ona təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında borc yazmışlar. O, dəfələrlə bu barədə Cavabdeh məsul şəxslərinə öz iradını bildirsə də, ona heç bir cavab verilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, “ümumilkdə nümunəvi təbii qaz istehlakçısı olmuş, istifadə etdiyi təbii qazın haqqını həmişə vaxtlıvaxtında ödəmişdir. Odur ki, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1302AZ**********95 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 21.04.2015-ci il tarixdə göstərilən qaz sayğacı, İtron tipli G-4 markalı mexaniki 1402AZ**********33 nömrəli sayğac ilə əvəz edilmişdir. X5 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.04.2015-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi 42 nömrəli fərdi yaşayış evinə quraşdırılmış İtron topli, G4 markalı 1302AZ**********95 nömrəli sayğac İddiaçı atası X2 adına rəsmiləşdirilmişdir. X3 10.05.2004-cü ildə vəfat etdiyindən İddiaçı İtron tipli G-4 markalı mexaniki 1402AZ**********33 nömrəli sayğacı öz adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi 42 nömrəli fərdi yaşayış evində quraşdırılmış sayğacın qoruyucu örtüyünün üzərindəki plomblar kənar təsir nəticəsində deşilmişdir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 30.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının 29.10.2021-ci il tarixli MSK 29/1710-04225-1 nömrəli rəyinə əsasən İtron topli, G4 markalı 1302AZ**********95 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın qoruyucu örtüyünün üzərindəki plomblar kənar təsir nəticəsində deşilmişdir. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. 18.04.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən edilir ki, İddiaçı 625,80 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1302AZ**********95 nömrəli elektron qaz sayğacı 21.04.2015-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən İtron tipli G-4 markalı 1402AZ**********33 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 21.04.2015-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, 29.11.2021ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri M.Hüseynzadə küçəsi 42 nömrəli fərdi yaşayış evinə hesablanmış cərimə - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar