Məhkəmə qərarları › İş №2(071)-319/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-319/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-319/2023 27.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə qaydalarının pozulması haqqında olan ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, qazın dəyərini vaxtı-vaxtında ödəyir. 27 yanvar 2020-ci il tarixində qaz idarəsinin işçiləri gəlib evinin qaz təminatı məqsədilə quraşdırılmış 1802AZ**********10 saylı qaz sayğacını açaraq, özləri ilə apardılar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etdilər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görmüş və soruşduqda bildirdilər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. Yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki. növbəti dövlət yoxlamasıdır. Sonradan evinə gələn bildirişdən ona məlum olmuşdur ki, təbi qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş və bu akt nəticəsində borc yazılmışdır. Aktda sayğacın çıxış borusunun deşilməsi göstərilmişdir. Halbuki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Buna baxmayaraq, ona əsassız olaraq borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 27 yanvar 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1802AZ**********10 nömrəli G-4 markalı qaz sayğacı yeni G4 markalı **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi sayğacın çıxış kamerasında deşik olması qeyd edilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1802AZ**********10 nömrəli G-4 markalı sayğacın çıxış plasmas borusu deşilib, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-02167- 2 nömrəli rəyinə əsasən G4 markalı 1802AZ**********10 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcudur, sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini ilişərək qeyd edir. Kamera vasitəsilə sayağacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 6 x 90=2160 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan iddiaçının yaşadığı fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2020-ci ilin iyul ayı üçün qalıq və aktlar üzrə 216 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2020-ci il tarixdə yeni sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 216 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın çıxış plastmas borusu deşilməsi və sayğacın yararsız olması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini, sayğaca hər hansı müdaxilənin olmadığını və sayğacda problemin öz-özündən yarandığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 216 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 216 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar