Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-33/2023 11.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızının cavabdehlər Cavabdeh1 və “X12 Təsərrüfatı” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı cavabdehlər Cavabdeh1 və “X12 Təsərrüfatı” MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “X12 Təsərrüfatı” MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçıların tanışıdır, onlar eyni kənddə yaşayırlar. Bir-birilərini tanıdıqları üçün aralarında inam yaranmışdır. İddiaçılar kənd sakinləridir və Hacıqabul rayonunda yerləşən 5,98 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır (JN 0049 nömrəli 91004028 kodla xx.xx.1997-ci ildə torpağa mülkiyyət hüququna X11 əsasən). İddiaçılar həmin torpaq sahəsinin icarəyə verilməsi üçün cavabdeh Natiq Dostəliyevə etibarnamə vermişlər. Natiq Dostəliyev hələ etibarnamə verməmişdən daha əvvəllər də iddiaçılara məxsus torpaq sahəsini müxtəlif şəxslərə icarəyə vermiş, daha sonra Natiq Dostəliyevin təklifi ilə iddiaçılar ona etibarnamə vermişlər. Lakin iddiaçılar birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair çıxarış almaq üçün müvafiq orqana müraciət etmiş, bu zaman onlara məlumat verilmişdir ki, qeyd edilən torpaq sahəsi N.Dostəliyev tərəfindən onların xəbəri və məlumatı olmadan dəyərindən çox aşağı qiymətə "X12 Təsərrüfatı" MMC-yə satılmışdır. Üstəlik, N.Dostəliyev həmin torpaq sahəsinin alınmasında əldə edilmiş pulu belə iddiaçılara verməmişdir. Buna görə də, iddiaçılar mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsini cavabdeh Natiq Dostəliyevə 10 il müddətinə icarəyə vermişlər və 5400 manat icarə haqqı almışlar. Bu barədə iddiaçılar cavabdehə notariusda xx.xx.2012-ci ildə 80 il müddətinə etibarnamə vermişlər. Həmin etibarnaməni digər iddiaçılar imzalasa da, İddiaçı5 etibarnaməni imzalamamış, həmin gün o ümumiyyətlə notariusa getməmişdir. Etibarnamədəki imza İddiaçı5 məxsus deyildir. Natiq Dostəliyev iddiaçıların etibarından sui-istifadə edərək ona icarəyə verilmiş torpaq sahəsini xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “X12 Təsərrüfatı” MMC-yə satmışdır. İddiaçı1 2022-ci ildə Natiq Dostəliyevə müraciət edərək torpaq sahəsini özü əkmək istədiyini bildirmiş və geri qaytarılmasını xahiş etmişdir. Yalnız bundan sonra müəyyən etmişdir ki, onlara məxsus torpaq sahəsi xəbərləri olmadan Natiq Dostəliyev tərəfindən satılmışdır. Natiq Dostəliyev həmin torpaq sahəsinin satılmasından əldə edilmiş pulu belə iddiaçılara verməmişdir. Bu səbəbdən mübahisə predmeti olan alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı izahatında bildirmişdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyası tərəfindən onlara verilmiş 5,98 ha torpaq sahəsində əvvəllər pambıq əkmişlər. Təxminən 10 il əvvəl atası ona həmin torpaq sahəsini Natiqə icarəyə vermək istədiyini bildirmişdir. O, torpaq sahəsini onun əvəzinə satması və icarəyə verməsi üçün atasına şifahi razılıq vermişdir. Bundan sonra atası ona torpaq sahəsinə görə pul vermişdir, lakin uzun müddət keçdiyinə görə həmin pulun məbləği yadında qalmamışdır. O, atasına torpağın icarəyə verilməsinə şifahi razılığının olmasını desə də, notariusa getməmiş, etibarnaməyə imza etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, dayısı X4 ilə Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində torpaq sahələri satın alaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşlar. İddiaçı1 2012-ci ildə dayısı Salehə yaxınlaşaraq xüsusi mülkiyyətində olan 5.98 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin vaxt torpağın 1 hektarının qiyməti yerindən asılı olaraq ***-**** manat arasında olmuşdur. 5,98 ha torpaq sahəsinə görə İddiaçı1 5400 manat pul vermişdir. Həmin vaxt onlar torpaq sahələri satın aldıqlarından torpaq sahələrini onun adına etibarnamə alaraq istifadə etmişlər. O, İddiaçı1 satın aldığı torpaq sahəsini xx.xx.2021-ci il tarixdə alqı-satqı edərək, "X12 Təsərrüfatı" MMC-yə satmışdır. O, həmin torpaq sahəsinin pulunu iddiaçılara artıqlaması ilə ödəmişdir, heç bir qeyri-qanuni iş görməmişdir. Onun adına verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməni iddiaçılar öz istəkləri ilə vermişlər. Etibarnamə verilərkən İddiaçı5 da orada olmuş və etibarnəni imzalamışdır. İddiaçılar bu iddianı qaldırmaqla ondan əlavə pul almaq istəyirlər. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdeh X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qohumudur. İddiaçı1 isə Rzaxan kişinin vasitəsilə tanımış və hörmət etmişdir. O, Cavabdeh1 ilə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində torpaq sahələri satın alaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuşdur. İddiaçı1 2012-ci ildə ona yaxınlaşaraq xüsusi mülkiyyətində olan 5,98 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin vaxt torpağın 1 hektarının qiyməti yerindən asılı olaraq ***-**** manat arasında olmuşdur, torpağın 1 hektarının icarə haqqı isə 100-200 manat olmuşdur. 5,98 ha torpaq sahəsinə görə İddiaçı1 5400 manat pul verilmiş, sonradan isə halallıq üçün 400 manat pulu da əlavə olaraq verilmişdir. Həmin vaxt xeyli torpaq sahəsini satın aldıqlarından onlar satın aldıqları torpaq sahələrini əvvəlcə Cavabdeh1 adına etibarnamə alaraq istifadə etmişik, bir neçə torpaq sahəsini aldıqdan sonra isə öz aralarında alqı-satqı edərək, torpaq sahələrini öz adlarına rəsmiləşdirmişlər. İddiaçı1 və ailə üzvləri ümumi birgə mülkiyyətlərində olan Hacıqabul rayonu Axtaçı Şirvan kəndində yerləşən 5.98 ha torpaq sahəsini 5800 manata satmışlar və bununla bağlı sənədləşmənin aparılması üçün xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına etibarnamə vermişlər. Cavabdeh1 həmin etibarnamə əsasında torpaq sahəsini xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən "X12 Təsərrüfati" MMC-nin adına rəsmiləşdirmişdir. Onun İddiaçı1 ilə münasibəti həmişə normal olmuşdur. Həttda iddiaçının oğlu Saleh və Yunus "X12 Təsərrüfati" MMC-də bağda işləmişlər və hər ay 500 manat əmək haqqı almışlar. Lakin 2-3 il əvvəl İddiaçı1 ona zəng edərək, oğlu Yunisin narkotik maddə ilə tutulduğunu bildirmiş və ondan oğlunun buraxılmasına köməklik etməsini istəmişdir. O, iddiaçıya “kimliyindən asılı olmayaraq narkotiklə tutulan adam üçün heç kimdən heç nə xahiş etmərəm, hətda öz oğlum olsa da, narkotikə görə heç kimdən xahiş edə bilmərəm” demişdir. Bundan sonra İddiaçı1 ondan incimişdir. Hesab edir ki, hazırkı iddia ərizəsini də bu səbəbdən vermişdir. İş materiallarında olan AR-İ 119860 nömrəli xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı AR DXK-nin xx.xx.1997-ci il tarixli JN-049 nömrəli qeydiyyat nömrəli, (kod ********) Torpağa Mülkiyyət Hüququna X11 əsasən ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan, Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən kənd təsərüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 5,98 ha torpaq sahəsini 80 il müddətində öz mülahizəsinə görə idarə və istifadə etməyi, həmçinin-satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onların adından ərizə verməyi və digər hərəkətləri yerinə yetirməyi Cavabdeh1 etibar etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) X5 rayonu, Axtaçı-Şirvan kəndində yerləşən onların birgə mülkiyyətində olan 5,9783 ha torpaq sahəsini 5000 manata “X12 Təsərrüfatı” MMC-yə satmışlar. Alqı-satqı müqaviləsini satıcılarından adından onların səlahiyyətli nümayəndəsi kimi X2 imzalamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən 5,98 ha torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinə dair iddiaçılar tərəfindən cavabdeh X1 xx.xx.2012-ci il tarixdə etibarnamə verilmişdir. Həmin vaxt torpaq sahəsinin verilməsinə görə cavabdeh iddiaçılara 5400 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə isə cavabdeh Natiq Dostəliyev həmin etibarnamə əsasında iddiaçıların adından qeyd edilən torpaq sahəsini cavabdeh “X12 Təsərrüfatı” MMC-yə satmışdır. Hazırda iddiaçılar cavabdehlər arasında bağlanmış olan həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər. İddiaçılar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün irəli sürdükləri dəlillərdən biri ondan ibarətdir ki, onlar tərəfindən cavabdeh Natiq Dostəliyevə verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməyə digər iddiaçılar imza etsələr də, Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı imza etməmişdir, etibarnamədəki imza ona məxsus deyildir. Qeyd edilən xüsusatın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1603 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli 7E-228 reyestr nömrəli etibarnamənin arxa tərəfində imza qrafasında “İddiaçı5” yazılarının qarşısında olan imzanın-Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı tərəfindən, X3 tərəfindən, İddiaçı1 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Bundan sonra iddiaçının nümayəndəsinin vəsatəti əsasında mülki iş üzrə təkrar komisyon məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Təkrar komisyon məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 4/444 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 23.01,2012-ci il tarixli 7E-228 reyestr nömrəli “Etibarnamə”nin arxa tərəfində “İmza” qrafasında olan “İddiaçı5” yazıları - Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2012-ci il tarixli 7E-228 reyestr nömrəli "Etibarnamə”nin arxa tərəfində “İmza” qrafasında “İddiaçı5” yazıları qarşısında olan imzanın Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızı tərəfindən, Cavabdeh1 tərəfindən, İddiaçı1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçılar tərəfindən cavabdeh Natiq Dostəliyevə verilmiş xx.xx.2012-ci il tarixli etibarnaməki “İddiaçı5” sözünün qarşısındakı imzanın onun tərəfindən imza edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçıların irəli sürdükləri həmin dəlil məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, hətta etibarnamədəki imzanın İddiaçı5 məxsus olmaması müəyyən edilsə idi belə, yenə də həmin əsasla cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Məhkəmə iclasında tədqiq edilmiş iddiaçı Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızının izahatı ilə müəyyən edilir ki, o, birgə mülkiyyətlərində olan torpaq sahəsinin Natiq Dostəliyeva satılmasına və icarəyə verilməsinə razılıq vermiş, torpaq sahəsi Natiq Dostəliyevə verildikdən sonra atası ona hətta pul vəsaitini də vermiş, lakin uzun müddət keçdiyindən verilmiş pul vəsaitinin məbləği yadında qalmamışdır. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızının torpaq sahəsinin məhz Natiq Dostəliyevə satılmasına və ya icarəyə verilməsinə razılığı olmuş, torpaq sahəsinin verilməsinə görə hətta ona payına görə pul məbləği də verilmişdir. Torpaq sahəsinin Natiq Dostəliyevə verildiyi vaxtdan əqd üzrə icra olunanların (pul vəsaitinin) qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi onun torpaq sahəsinin Natiq Dostəliyevə verilməsinə razılığının olmasına dəlalət edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, etibarnamədəki imzanın İddiaçı5 məxsus olmaması əsası ilə alqı-satqı müqaviləsinin etibarsızlığının tələb edilməsi vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə ziddir. Bundan başqa, iddiaçıların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün irəli sürdükləri digər dəlil ondan ibarətdir ki, onlar birgə mülkiyyətlərində olan torpaq sahəsini cavabdeh Natiq Dostəliyevə 10 il müddətinə icarəyə vermişlər. Lakin, onlar arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmamış, etibarnamə əsasında torpaq sahəsini cavabdehə vermişlər. Cavabdeh Natiq Dostəliyev isə torpaq sahəsini iddiaçılardan 5400 manat pul müqabilində satın aldığını, lakin rəsmiləşdirməni etibarnamə əsasında apardıqlarını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçılar torpaq sahəsinin cavabdehə 10 il müddətinə icarəyə verdiklərini iddia edirlər, cavabdeh isə torpaq sahəsini dəyərini iddiaçılara ödəməklə onlardan satın aldığını bildirir. Yəni, işin mübahisəsiz halı odur ki, əslində iddiaçılar cavabdehə torpaq sahəsinə dair səlahiyyətləri etibar etməmişlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən cavabdehə torpaq sahəsinə görə xx.xx.2012-ci il tarixdə verilmiş etibarnamə yalan əqd olmaqla əhəmiyyətsizdir. İddiaçılar tərəfindən torpaq sahəsinə görə 10 il müddətinə deyil, 80 il müddətinə cavabdehə etibarnamə verilməsi, 10 ildən artıq müddət ərzində iddiaçıların cavabdehə torpaq sahəsindən istifadəyə görə hər hansı formada etiraz etməməsi, torpaq sahəsi ilə maraqlanmaması, torpaq sahəsinin verilməsi zamanı cavabdeh tərəfindən iddiaçılara 5400 manat məbləğində pul vəsaitinin verilməsi, 10 illik icarə haqqının əvvəlcədən iddiaçılara verilməsinin ağlabatan hesab edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə tərəflər əslində torpaq sahəsinin icarəyə verilməsinə dair deyil, alqısatqısına dair razılığa gəlmişlər, lakin alqı-satqı müqaviləsini bir tərəfli əqd kimi etibarnamə verməklə pərdələmişlər. Belə olan vəziyyətdə, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən tərəflər arasındakı hüquq münasibətinə əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni torpaq sahəsinin alqı-satqı qaydaları tətbiq olunmalıdır. Yəni, cavabdeh tərəfindən əslində torpaq sahəsinin dəyəri ödənilməklə iddiaçılardan satın alınması nəzərə alınmalıdır. Belə olan halda, cavabdeh satın aldığı torpaq sahəsini səlahiyyətli şəxs kimi digər cavabdeh “X12 Təsərrüfatı” MMC-yə satmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızının cavabdehlər “X12 Təsərrüfatı” MMC və X1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 234 manat məbləğində pul iddiaçılardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızının cavabdehlər Cavabdeh1 və “X12 Təsərrüfatı” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 234 manat pul İddiaçı1 Ağamməməd oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Xəlilova (Qəfərova) Zümrüd Əjdər qızından alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(071)-33/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-33/2023
11.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver