Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-351/2025 07.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 348896 nömrəli aktın etibarsız hesab edilərək, abonent koduna hesablanmış 450 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi ev ona məxsusdur. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Hacıqabul EŞnin əməkdaşları onun yaşadığı evə gələrək cərimə yazıb getmişlər. O, bunu araşdırarkən dedilər ki, güya baxış zaman məlum oldu ki, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilir. Ona cərimə yazılmışdır. xx.xx.2024-cü il tarixli 348896 saylı Akt qərəzli və qeyri-qanuni yazılmış, aktı tərtib edərkən, enerji təchizatı müəssisəsinin əməkdaşları bir sıra pozuntulara yol vermişlər. Ona 450 manat cərimə yazılmışdır. xx.xx.2024-cü il tarixli 348896 saylı AKT-da göstərilmişdir ki, “baxış zaman məlum oldu ki, abonent həyətyanı sahədə yerləşən 04 kv-luq dayaqın içərisi ilə əlavə naqil ilə kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. ’’ Ona məxsus fərdi yaşayış evinə SMART kart tipli sayğac quraşdırılmışdır və işlətdiyi enerjinin haqqını kart vasitəsi ilə ödəyir. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 əvvəlcə iddia ərizəsini müdafiə etsə də, məhkəmə iclasının sonrakı gedişatında yaşadığı fərdi yaşayış evinə qanunsuz kənar xəttin qoşulmasını etiraf etmişdir. Lakin hesab edir ki, itirilmiş elektrik enerjisinin dəyəri tənasübsüz şəkildə artıq hesablanmışdır. Qeyd olunan məbləğ düzgün hesablanmadığından yenidən hesablanmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 348896 nömrəli “məişət abonenti (əhali) istehlakçılar qrupu” aktında müəyyən edilir ki, "xxxx" ASC Hacıqabul EŞnin əməkdaşları tərəfindən Hacıqabul rayonu, Meyniman kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirilən zaman sayğacdan kənar xəttin çəkilməsi, elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi aşkar edilmişdir. Həmçinin kənar xəttdən axan yükün 4,6 Amper təşkil etməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğacın sxemdən ayrıldığı və kənar xəttdən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli 348896 nömrəli aktda İddiaçı məxsus (**********00006 nömrəli abonent kodu) Hacıqabul rayonu, Meyniman kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinin aşkar edildiyi qeyd olunmuşdur. İddiaçı özü də sayğaca kənar xətt qoşulmasını etiraf etmişdir. Lakin o, borcun tənasübsüz şəkildə artıq hesablanmasını əsas gətirərək artıq hesablanmış bocun silinməsini məhkəmədən xahiş edir. İş materiallarından müəyyən edildiyi kimi, sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, xəttən axan elektrik enerjisinin yükü 4,6 A təşkil edir. Qeyd olunan fakt və elektrik enerjisindən istifadə qaydalarına müvafiq olaraq 90 günlük hesabat aparıldıqda (4,6Ax0,22x0,7x24saatx90gün=1530 kv/saat, diferensiallığa bölündükdə 200x0,08=16, 300x0,09=27, 1030x0,013=133, 16+27+133=176 manat) müəyyən edilir ki, borc məbləği 176 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, 176 manat aşkar edilmiş kənar xəttdən nəticəsində itirilmiş elektrik sərfiyyatının dəyərinə uyğun olmaqla qalan hissədə hesablanmış borc məbləği, azaldılaraq 176 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul rayonu, Meyniman kəndində yaşayan abonent İddiaçı (abonent kodu: **********00006) elektrik sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 348896 nömrəli akt əsasında hesablanmış 470,84 (dörd yüz yetmiş manat səksən dörd qəpik) manat cərimə borcu azaldılaraq, cərimə borcu 176 (yüz yetmiş altı) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayonu, Meyniman kəndində yaşayan abonent İddiaçı (abonent kodu: **********00006) elektrik sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 348896 nömrəli akt əsasında hesablanmış 470,84 (dörd yüz yetmiş manat səksən dörd qəpik) manat cərimə borcu azaldılsın, cərimə borcu 176 (yüz yetmiş altı) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-351/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-351/2025
07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver