Məhkəmə qərarları › İş №2(071)-38/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-38/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-38/2024 08.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ödənilmiş icarə haqqına nisbətdə fəaliyyətin davam etdirilməsi və ya artıq ödənilmiş 4500 manat pulun, ünvan üzrə notariat ofisi və DƏDK və RPHŞ 13 saylı Şirvan Ərazi idarəsinə texniki pasportun verilməsi üçün ödənilmiş 515 manat xərclərin, 752 manat vergi rüsumlarının və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh icarə müqaviləsinin ləğv edilməsi və iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyri- yaşayış binasının boşaldılaraq qeyri-yaşayış binasının ona təhvil verilməsi haqqında qətnamə qəbul edilməsi barədə Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, uzun illərdir ki, mübahisəli qeyri-yaşayış sahəsində Samsung şirkətinin məhsullarının satışı ilə məşğul olurlar. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdeh xx.xx.2018-ci il tarixdə **********91-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət əldə etdikdən sonra fəaliyyət göstərdikləri qeyri-yaşayış sahəsi üzrə onunla xx.xx.2021 ci il tarixdə icarə müqaviləsi bağlanmışdır, icarə müqaviləsinə əsasən aylıq olaraq 200 manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, həmin vaxtan sonra cavabdeh əsassız və qanunsuz olaraq hər bir neçə aydan bir ona icarə haqqının kifayət etmədiyini bildirirək, icarə haqqının artırılmasını bildirmişdir. Müqavilə bağlandığı tarixdən etibarən müqavilə üzrə icarə haqqı hər ay icarəyə verənə nağd şəkildə ödənilmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinin yerləşdiyi çərgə üzrə yerləşən obyektlərdən birinin təmir edərək genişlənməsi səbəbindən icarə haqqının icarə müqaviləsinin tələblərinə zidd olaraq qaldırması onların iradə ifadəsinə zidd olaraq həyata keçirilmişdir. İcarə haqqının ***-**** manat olacağı barədə tələblərinə cavab vermədikdə cavabdehin mülkiyyətində olan obyektin satılması bəhanəsi ilə digər icarəçilərə baha qiymətə verməsi təhdidləri nəticəsində onun ünvanına icarə müqaviləsinə xitam verilməsi bildirişi göndərmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi zamanı tərəflər arasında sənədləşmə xərclərinin çəkilməsi və həmin xərclərin icarə haqqından çıxılması razılaşsalar da yeni mülkiyyətçi bu xərclərdən icarə haqqı qarşılığında ödənilməsini həyata keçirməmişdir. Bundan əlavə icarə xərclərindən kənar 752 manat vergi xərcini və obyektin sənədləşməsi zamanı 515 manat xərclərini də o ödəmişdir. Hesab edir ki, müqavilə şərtlərinə əsasən hər ay 200 manat hesablanmaqla icarə müqaviləsinin icrası zamanı artıq ödənilmiş 4500 manat məbləğə nisbətdə fəaliyyət davam etdirilməli və ya ödənilmiş məbləğ qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ödənilmiş icarə haqqına artıq ödənilmiş 5800 manat pulun, ünvan üzrə notariat ofisi və DƏDK və RPHŞ 13 saylı Şirvan Ərazi idarəsinə texniki pasportun verilməsi üçün ödənilmiş 515 manat xərclərin, 752 manat vergi rüsumlarının və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müqavilə şərtinə əsasən o, cavabdehə hər ay 200 manat icarə haqqı ödəməli idi. Müqavilədə icarə haqqının 200 manat nəzərdə tutulmasına baxmayaraq, sonradan cavabdeh icarə haqqını birtərəfli qaydada bir neçə dəfə artırmışdır. O, ümumilikdə 2023-cü ilin oktyabr ayına qədər, yəni 30 ay müddətində qeyri-yaşayış sahəsində icarəçi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində o, cavabdehə ümumilikdə 11800 manat məbləğində pul ödəmişdir. Halbuki, müqavilə şərtlərinə əsasən o, cavabdehə 30 ay müddətində cəmi 6000 manat icarə haqqı ödəməli idi. Odur ki, artıq ödənilmiş 5800 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Bundan başqa, icarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün o, 130 manat dövlət rüsumu ödəmişdir. Halbuki, bu rüsumu cavabdeh ödəməli idi. Bundan başqa, icarə müqaviləsi bağlanarkən aralarında olan razılığa əsasən notariat xərci olan 94 manat pulu da o könüllü olaraq ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Bundan əlavə, icarə müddəti ərzində cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunun çıxarılması lazım olmuş və bununla bağlı xərci də cavabdehin ona verdiyi etibarnamə əsasında o ödəmişdir. Belə ki, texniki pasportun alınması üçün o, cavabdehin əvəzinə DƏDRX-nin hesabına 293 manat rüsum ödəmişdir. Həmin xərcin də cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bundan başqa, müqavilə şərtinə əsasən cavabdeh qeyri-yaşayış sahəsinin icarəyə verilməsi zamanı ödəmə mənbəyində vergi ödəməli idi. Lakin, hesablanmış vergi məbləğini də vergi orqanına o ödəmişdir. Bu səbəbdən cavabdehin əvəzindən vergi orqanına ödədiyi 752 manat pul vəsaitini də tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə icarə haqqından əlavə ödənişlər edilmişdir. İddiaçı cavabdehin əvəzinə vergi orqanına da ödəmə mənbəyindən vergi ödəmişdir. Bundan başqa, iddiaçı cavabdehin əvəzindən müqavilənin qeydə alınması, texniki pasportun verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün rüsumlar ödəmişdir. Halbuki, həmin rüsumlar qanunvericiliyə əsasən cavabdeh tərəfindən ödənilməli idi. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər 1 saylı notariat ofisində Cavabdeh (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 73,8 kv.m olan qeyri-yaşayış binasını 10 il müddətinə icarəçiyə icarəyə verir, icarəçi isə aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 10-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəyə verən hər ay aylıq icrarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 5861 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Şirvan şəhər 1 saylı notariat ofisinin hesabına 94 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, X4 adından Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin hesabına müvafiq olaraq 120 manat və 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, X2 mülkiyyətində və İddiaçı icarəsində olan Şirvan şəhəri, İstiqlaliyyət prospekti 23B/1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan texniki vəziyyətinə əsasən texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 67487 nömrəli və xx.xx.2023-cü il tarixli, 67488 nömrəli mədaxil qəbzlərindən görünür ki, Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin hesabına müvafiq olaraq 105 manat və 188 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X2 bank hesabına müvafiq olaraq 400 manat, 600 manat, 600 manat, 600 manat, 700 manat, 700 manat, 700 manat, 700 manat və 700 manat olmaqla, e-manat ödəniş sistemi vasitəsi ilə cəmi 5700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVXnin 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı vergi bəyanamələrinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1800 manat icarə haqqı ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVXnin 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Vergi orqanında mövcud olan bazada məlumatlarına əsasən X4 ilə bağlanmış icarə müqaviləsi üzrə ÖMV üzrə xx.xx.2021-ci il – xx.xx.2023-cü ilədək olan dövr üzrə 840 manat tərəfindən hesablama aparılmış və 148,38 manat vəsait ödənilmişdir. Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə uyğun olaraq ÖMV üzrə hesablama və ödənişlər nəticəsində yaranmış fərq digər tədiyyələr üzrə artıq ödənilmiş vəsaitlərlə əvəzləşdirilmişdir. Beləliklə xx.xx.2023-cü il tarixə İddiaçı şəxsi hesab vərəqəsində ÖMV üzrə borcu yoxdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 661/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, X3 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılması və ona təhvil verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Şirvan şəhəri, X6 küçəsi, 23B/1 saylı ünvanda yerləşən ümumi sahəsi 73,8 kv.m olan qeyri-yaşayış binasına dair xx.xx.2021-ci il tarixdə icarəyə verən (mülkiyyəçi) X4 ilə icarəçi İddiaçı arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icarəçi (iddiaçı) hər ay icarəyə verənə (cavabdeh) 200 manat icarə haqqı ödəməlidir, eyni zamanda icarəyə verən (cavabdeh) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergini ödəməlidir. İcarə münasibətləri zamanı tərəflər arasına mübahisə yarandığından, icarəyə verən (cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqavilənin ləğv edilməsini və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia təmin edilmişdir. 2023-cü ilin oktyabr ayından iddiaçı qeyri-yaşayış sahəsini boşaldaraq cavabdehə təhvil vermişdir. Hazırda iddiaçı 30 aylıq icarə müddətində cavabdehə artıq ödənilmiş icarə haqqı məbləğini, eyni zamanda cavabdehin əvəzinə ödədiyi rüsumları və vergi xərclərini ondan tələb edir. Məhkəmə, iddia tələbinin artıq ödənilmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iddiaçı tələbində və məhkəmə iclasında izahatında bildirmişdir ki, o, cəmi 30 ay cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən icarəçi kimi istifadə etmiş və müqavilə şərtinə əsasən o, hər ay cavabdehə 200 manat icarə haqqı ödəməli idi. Bu hesabla o, cavabdehə 30 ay ərzində cəmi 6000 manat pul ödəməli olduğu halda, cavabdehin dəfələrlə bir tərəfli qaydada icarə haqqını artırması nəticəsində o, cavabdehə 30 ay ərzində cəmi 11800 manat icarə haqqı ödəmişdir. Odur ki, artıq ödədiyi 5800 manat icarə haqqını cavabdehdən geri tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsindən cəmi 30 ay icarəçi kimi istifadə etmiş və daha sonra məhkəmənin qərarına əsasən həmin əmlakı boşaldaraq cavabdehə təhvil vermişdir. İcarə müqaviləsinin şərtinə əsasən o, hər ay cavabdehə 200 manat icarə haqqı ödəməli idi. Bu hesabla iddiaçı 30 ay ərzində cavabdehə cəmi 6000 manat icarə haqqı ödəməli idi. Həmin məbləğdən artıq ödənilmiş vəsaiti iddiaçı əsassız varlanma əsası ilə cavabdehdən geri tələb etmək hüququ var idi. İddiaçı cavabdehə icarə haqqını ödəməsini təsdiq edən 9 ədəd qəbz təqdim etmişdir. Həmin qəbzlərdə olan məbləğləri topladıqda isə cavabdehin hesabına icarə haqqı kimi ödənilən vəsaitin cəmi 5700 manat olduğu müəyyən olunur. Başqa sözlə desək, icarə müqaviləsinin qüvvədə olduğu 30 aylıq müddət ərzində iddiaçı cavabdehə onsuzda 6000 manat icarə haqqı ödəməli idi və təqdim edilmiş qəbzlərə əsasən iddiaçı cavabdehə 5700 manat icarə haqqı ödəmişdir. Məhkəmə iclasında iddiaçı qalan qəbzləri özündə saxlamadığını və itirdiyini bildirmişdir. Sonuncu dəfə isə cavabdehə 1300 manat pul vəsaitinin verilməsini təsdiq edən sübut kimi bir ədəd disk təqdim etmişdir. Həmin diskdə olan video fayla məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər naməlum şəxslə cavabdeh söhbət edir. Həmin vaxt iddiaçı və ya həmin naməlum şəxs tərəfindən cavabdehə 1300 manat verilməsi və ya cavabdehin bunu təsdiq etməsi görünmür. Məhkəmə iclasında təklif edilməsinə baxmayaraq, iddiaçı cavabdehə daha artıq məbləğdə pul vəsaiti ödəməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi artıq ödənilmiş 5800 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia rədd edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin vergi məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müqavilənin 10-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəyə verən hər ay aylıq icrarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməlidir. Həmçinin, 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, X4 ilə bağlanmış icarə müqaviləsi üzrə ÖMV üzrə xx.xx.2021-ci il – xx.xx.2023-cü ilədək olan dövr üzrə 840 manat tərəfindən hesablama aparılmış və Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə uyğun olaraq ÖMV üzrə hesablama və ödənişlər nəticəsində yaranmış fərq digər tədiyyələr üzrə artıq ödənilmiş vəsaitlərlə əvəzləşdirilmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixə İddiaçı şəxsi hesab vərəqəsində ÖMV üzrə borcu yoxdur. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergiləri icarəyə verən (cavabdeh) ödəməlidir və icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində aylıq icarə haqqından ödəmə mənbəyində vergini (840 manat) cavabdehin əvəzinə iddiaçı ödəmişdir. Belə olan vəziyyətdə, cavabdeh iddiaçının onun əvəzində ödədiyi vergi məbləğini ona geri qaytarmalıdır (Mülki Məcəllə 679 və 783.1-cü maddələri). Lakin, iddiaçı tələbində cavabdehdən ödədiyi vergi məbləğinin əvəzi kimi 752 manat pul vəsaiti tələb etmişdir. Odur ki, MPM-in 218.3-cü maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxmadan cavabdehdən ödənilmiş vergi məbləğinin əvəzi kimi 752 manat pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin daşınmaz əmlakın dövlət reyestri xidmətinə ödənilmiş rüsumların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, icarə müqaviləsinin bağlandığı gün, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehin tapşırığına əsasən icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 130 manat dövlət rüsumu ödəmiş, daha sonra cavabdehin tapşırığına əsasən icarə verilmiş əmlakın texniki pasportunun alınması məqsədi ilə daşınmaz əmlakın dövlət reseystri xidmətinin hesabına 293 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 679-cu maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən əmlakın kirayə (icarə) verilməsi ilə bağlı yüklülüklərlə bağlı xərcləri kirayə verən (icarə verən) çəkməlidir. Tapşırığa əsasən bu xərcləri icarəçi çəkmişdirsə, icarəyə verən həmin xərclərin əvəzini onu ödəməlidir. İddiaçı isə cavabdehin tapşırığı əsasında həm icarə hüququnun qeydə alınması xərcini, həm də icarəyə verilmiş əmlakın texniki pasportunun alınması xərcini özü çəkmiş və hazırda çəkdiyi həmin xərcləri cavabdehdən geri tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi haqlı olduğundan təmin edilməli, cavabdehdən daşınmaz əmlakın dövlət reyestri xidmətinin hesabına ödənilmiş dövlət rüsumlarının əvəzi kimi cəmi 423 manat pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin notariat xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanılarkən iddiaçı tərəfindən Şirvan şəhər 1 saylı notariat ofisinin hesabına 94 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında isə iddiaçı izahatında bildirmişdir ki, icarə müqaviləsi bağlanarkən aralarında olan razılığa əsasən notariat xərci olan 94 manat pulu o könüllü olaraq ödəmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsində notariat xərclərinin kimin tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, mülki qanunvericilikdə də icarə müqaviləsi bağlanılarkən icarə müqaviləsinin notarial qaydada təsdiqlənməsi xərclərinin kimin tərəfindən çəkilməsi nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən icarə müqaviləsinin təsdiqlənməsi xərcini ödəməyi iddiaçı könüllü olaraq öhdəsinə götürdüyündən, onun həmin xərci cavabdehdən tələb etməsi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh X1 daşınmaz əmlakın dövlət reyestri xidmətinə ödənilmiş dövlət rüsumları və vergi xərclərinin əvəzi kimi cəmi 1175 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15,90 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 1175 (min yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,90 manat (on beş manat doxsan qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar