Məhkəmə qərarları › İş №2(071)-397/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-397/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-397/2022 31.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 28.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli 248494 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun yaşadığı Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış cərimənin onun **********00202 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində mərhum anasına məxsus fərdi yaşayış evində yaşayır. "xxxx" ASC-nin Şirvan RETSİ-nin X3 tərəfindən onun adına səbəbi məlum olmayan cərimə yazılmışdır. 15 fevral 2022-ci ildə yaşadığı evdə elektrik sayğacı X1 əməkdaşları tərəfindən dəyişdirilərək, yeni elektrik sayğacı ilə əvəz edilmişdir. O, sayğacın dəyişdirilməsində iştirak etməmiş və ona sayğacın istismardan çıxarılması və quraşdırılması barəsində akt təqdim edilməmişdir. O, 17 fevral 2022-ci il tarixində elektrik enerjisinə görə ödəniş etdikdə borc qeyd olunmamış, lakin növbəti dəfə 03 mart 2022-ci il tarixində ödəniş etdikdə 620 manat borc yazıldığı məlum olmuşdur. O, bu barədə X2 müraciət etdikdə, ona cərimənin yazılma səbəbi izah edilmədən "xxxx" ASC-nin Şirvan RETSİ-nə müraciət etməsi tövsiyyə etmişlər. "xxxx" ASC-nin Şirvan RETSİ-də ona izah etmişlər ki, istismardan çıxarılan elektrik sayğacı laboratoriya rəyinə əsasən keçən yükü tam hesablamayıb və bu səbəbdəndə 09 fevral 2022-ci il tarixli 248494 nömrəli akt tərtib olunaraq həmin akt əsasında cərimə yazılmışdır. Cərimə yazılmasına baxmayaraq sayğaca heç bir müdaxilə olunmamış və bu barədə aktın və protokolun surətini ona təqdim olunmuşdur. Həmin aktı 09 fevral 2022-ci il tarixində sayğacdan keçən yükün ölçülməsi barədə tərtib etmişlər. O, həmin tarixdə yaşadığı evdə quraşdırılmış elektrik sayğacında heç bir ölçülmə olmadığını, adı çəkilən aktın yerində deyil, müəssisədə tərtib olunduğunu, aktda abonent olaraq onun imzasının olmadığını və aktın imzalanmasından imtina etməsi barədə akt təqdim edilmədiyini göstərmişdir. Cərimənin necə hesablandığına gəldikdə isə 620 manat 7750/kvt/saat elektrik enerjisi edirki, onun 2 nəfərdən ibarət ailəsi heç vaxt o qədər elektrik enerjisi işlədə bilməz. Çünki, yaşadığı fərdi yaşayış evi təbii qazla qızdırıldığına görə elektrik enerjisindən ancaq evin işıqlandırılması bir neçə məişət əşyasının istifadəsi üçün sərf edilir. Bu isə hər ay çox kiçik bir rəqəm təşkil edir. 7750/kvt/saat elektrik enerjisini 2-3 il müddətində ancaq işlədə bilər. Əgər elektrik sayğacı enerjini düzgün hesablamayıbsa hər ay sərfıyyat götürən Hacıqabul EŞ-nin əməkdaşı bu barədə vaxtında şəbəkəyə məlumat verməli idi və sayğac dəyişdirilməli idi. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları R.Qarayev, R.Mehdiyev və A.Nəbiyev tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli 248494 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları 09.02.2022-ci il tarixdə İddiaçı məxsus (**********00202 nömrəli abunə kodu) Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacın keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları R.Qarayev, R.Mehdiyev və A.Nəbiyev imzalamışlar. Aktın tərtibi zamanı abunəçinin iştirakı təmin edilməmişdir. “X4 Təchizatı və Satışı” idarəsi tərəfindən tərtib edilmiş 15.02.2022-ci il tarixli 070138 saylı protokoldan müəyyən edilir ki, İddiaçı məxsus Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış DDS-19 tipli, Y0005782 nömrəli sayğac sayğac sxemindən axan yükü qeyd etməməsi səbəbindən MP-106 tipli, **********35 nömrəli yeni sayğacla əvəz edilmişdir. Azərişıq ASC-nin müştəri xidmətləri idarəsinin rəisi Mahir Abdullayev tərəfindən İddiaçı ünvanlanmış 15.04.2022-ci il tarixli 0199/H-200/3/3042 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış təkrar müraciətinə 13.04.2022ci il tarixdə Azərişıq ASC-də baxılmışdır. İddiaçı **********00202 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş 30.03.2022-ci il tarixində Şirvan RETSİ-nin nəzdində fəaliyyət göstərən komissiyada araşdırılma aparılmış və protokol tərtib edilərək kompüter məlumat bazasında 2622 kVt.s (288,42 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. 22.04.2022-ci və 27.05.2022-ci il tarixli ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı **********00202 nömrəli kod üzrə elektrik enerjisinin dəyərinə düzəliş edilməsindən sonra 22.04.2022-ci il tarixdə "xxxx" ASC-yə 299 manat, 27.05.2022-ci il tarixdə 287,02 manat borcu qalmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 09.02.2022-ci il tarixli 248494 nömrəli akt tərtib edilmiş, aktda İddiaçı məxsus (**********00202 nömrəli abunə kodu) Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilməsi göstərilmiş, baxış zamanı sayğacın keçən yükü qeyd etmədiyi aşkar edilmiş, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli 248494 nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış borc İddiaçı **********00202 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli R 248494 nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış borc İddiaçı **********00202 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar