Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-403/2023 22.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 1550 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Kolanı kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış smart tipli qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir qazın dəyərini vaxtı vaxtında ödəyir. 15 fevral 2023-cü il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı **********3 saylı qaz sayğacının açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edərək və sayağacı mexaniki sayağacla əvəz etdilər. O evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacına nəsə etdiklərini görüb və soruşduqda bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdır və həmin aktı özü imza edib. Sonradan onun evinə xəbərdarlıq məktubu gəlib. Orada onların qaza borcu yarandığı göstərilib və yazılıb ki, sayğacın hesablama mexaniki plasmas şüşəsi alt hissədən deşilib, sayğac istismara yararsızdır. Onu da qeyd edir ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq 1550 manat cərimə hesablamışlar. Belə ki, yazılmış cərimə əsassızdır. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Onun təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli olmadığını və yazılmış cərimənin əsassız olduğunu göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Cavabdehini əməkdaşları gəlib sayğacı yoxlayıb müddətinin bitdiyini, onu yenisi ilə əvəz etdiklərini bildiriblər. Sayğac dəyişilən zaman o evdə olmamışdır, həyat yoldaşı evdə olmuşdur. Odur ki, onun abonent hesabından əsassız olaraq hesablanmış 1550 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Sayağac dəyişən zaman yoldaşı işdə olmuşdur. Qaz idarəsindən gələn işçilər sayğacda problem olduğunu bildirib, sayğacı dəyişib aparan zaman, sayğacın dəyişdirilməsi ilə bağlı akt tərtib etdiklərini və aktı ev sahibinin imzalamalı olmasını demişlər. Bu səbəbdən o, akta imza etmişdir. Onlar həyət evində yaşayırlar və qaz sayğacı hasardan bayırda yerləşir. Bir müddət vaxt keçəndən sonra evlərinə bildiriş gəlib, bildirişdə onun həyat yoldaşının adına cərimə borcu aşkar edildiyini biliblər. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15 fevral 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli G4 markalı **********3 nömrəli qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi sayğaca müdaxilə olunduğu göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Zenner tipli G4 markalı **********3 nömrəli qaz sayğacının hesablama mexanizminin plasmas şüşəsi alt hissədən deşilmişdir. Sayğac yararsızdır. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5- 2123-1 nömrəli rəyinə əsasən G4 markalı **********3 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas şüşəsi alt hissədən deşici alətlə deşilib sayğac istismara yararsızdır. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6 x 24 x 90=12960 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 28 fevral 2023cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Kolanı kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-ci ilin fevral ayı üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 15 fevral 2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas şüşəsi alt hissədən deşilib. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1555,20 manat borcu sayğacın hesablama mexanizminin plastmas şüşəsi alt hissədən deşilməsi ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Bununla belə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* nöömrəli akt əsasında iddiaçının abonent hesabına 1555,20 manat borc hesablandığı halda, iddiaçı həmin borcun 1550 manat hissəsinin silinməsini iddia ərizəsində tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona iddiaçı və ya onun ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə olunması müəyyən edilmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti deyil, qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına akt əsasında hesablanmış borcun 1550 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00040) abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun 1550 manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(071)-403/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-403/2023
22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver