Məhkəmə qərarları › İş №2(071)-489/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-489/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-489/2023 13.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 1396,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Hacıqabul rayonu, Nəvahi kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini ödəyir. Belə ki, xx.xx.2018-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış İtron tipli G-4 markalı **********00000 saylı qaz sayğacının açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında akt tərtib ediblər. O evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görüb və soruşduqda bildirdilər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O da şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdır və həmin aktı o özü imza edib. Sonradan onun evinə gələrək və xəbərdarlıq edərək, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacınız hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmir və burada da ******* saylı akt tərtib ediblər. O bu aktı imzalamaqdan imtina edib. Onu da qeyd edir ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 10 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Buna baxmayaraq, ona əsassız olaraq cərimə yazılmışdır. Belə ki, yazılmış cərimə əsassızdır. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Bizim təqsirimiz olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli deyilik. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun verərək, onun abonent hesabına xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 1396,80 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 iyun 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacı yeni İtron mexaniki tipli, G4 markalı 1802AZ**********74 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi elektron ekranın zədələnməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-cüi il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının hesablama mexanizminin örtüyünə sağ tərəfində vurulan blomb sındırılıb yenidən yapışdırılıb. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Qaz sayağacına nəzarət komissiyasının QSN-29/1710-01184-3 saylı rəyindən müəyyən edilir ki, qaz sayğacının nominal qaz sərfi 0.6 m3/saat qış aylarında orta günlük iş rejimi -6 saat, hesabat müdəti 180 gün, RP maksimal saatlıq qaz sərfi 0.8 m3/saat saat qış aylarında orta günlük iş rejimi -18 saaat, hesabat müddəti 180 gün, QSQ maksimal saatlıq qaz sərfi 2.6 m3/saat , qış aylarında orta günlük iş rejimi -8 saat, hesabat müdəti 180 gün qəbul edilməklə (0.6 x 6 x 180=648 m3), (0.8 x 18 x 180=2592 m3), (2.6 x 8 x 180=3744 m3) cəmi 6984 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Nəvahi kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2018-ci ilin avqust ayı üçün qalıq və aktlar üzrə 1396,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 13 iyun 2018-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Tərtib edilmiş aktda çıxarılmış sayğacın elektron ekranının zədələndiyi qeyd edilmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilən zaman isə müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin örtüyünə sağ tərəfdən vurulan blomb sındırılıb yenidən yapışdırılıb. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1396,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1396,80 manat borcu sayğacın hesablama mexanizminin örtüyünə sağ tərəfdən vurulan blombun sındırılması ilə əsaslandırmışdır. Halbuki, sayğacın çıxarılması ilə bağlı tərtib edilmiş aktda bu qeyd edilməmiş, yalnız elektron ekranın zədələndiyi qeyd edilmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1396,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman ona iddiaçı və ya onun ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə olunması müəyyən edilmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti deyil, qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına akt əsasında hesablanmış 1396,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu Nəvahi kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1396,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar