Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-505/2024 10.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324465 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1385,44 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi uzun illərdir mülkiyyətində olmaqla ailə üzvləri: bir övladı, həyat yoldaşı, ata və anası onunla birlikdə həmin evdə yaşayır. Özü birinci qrup əlildir. Mülkiyyətində olan fərdi yaşayış evinə Hacıqabul rayonunun Kolanı kəndinə ilk dəfə "xxxx" ASC tərəfindən smarttipli sayğaclar quraşdırılan zaman onun da ünvanına quraşdırılmış və **********00004 nömrəli abonent kodu açılmışdır. Həmin gündən bu günə kimi smartkarta vəsait yükləyib isdifadə edir. xx.xx.2024-cü ildə "xxxx" ASC-nin Şirvan RETSİ-nin satış üzrə rəis müavini Rac Xəlilov, SQUNS aparıcı mühəndisi Səttar Heydərov və mühəndis Hakim Əhədov onun və ailə üzvlərinin iştirakı olmadan sayğaca və həmin sayğaca gələn xəttə baxış keçirmişlər. Ona hər hansı məlumat vermədən ünvanında olan **********9 nömrəli sayğaca gələn elektrik enerjisi xəttin dirəydən açılmasına göstəriş vermişlər. "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən yazılan akta əsasən sayğaca gələn elektrik enerjisi xəttin dirəyindən açılmışdır. Halbuki, əvvəlcədən heç bir xəbərdarlıq və hər hansı bir məlumat vermədən ünvanına gələn elektrik xətti açılmışdır. O, bununla əlaqədar "xxxx" ASC-nin Hacıqabul şöbəsinə getmiş orada ona məlum olub ki, yaşadığı fərdi yaşayış evinə dair "xxxx" ASC əməkdaşları tərəfindən xx.xx.2024-ci il tarixli 324465 nömrəli akt yazılmış və bu akta əsasən 1385,44 manat borc hesablanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o birinci qrup əlil olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və onun abonent hesabına yazılmış borcun əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324465 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00004 nömrəli abonent kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsi ilə X1 edir. Xəttən axan yük 25A təşkil edilməsi göstərilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı abonent hesabına (abonent kodu **********00004) R 324465 nömrəli akt əsasən 1285,44+64+36 ümumilikdə 1385,44 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli R324465 nömrəli aktda İddiaçı məxsus (**********00004 nömrəli abunə kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsinin aşkar edildiyi qeyd olunmuşdur. Xəttən axan yük 25A təşkil edilməsi qeyd edilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmiş və EEİQ-nın 8.17-2-ci bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə iclasında da cavabdeh tərəf pozuntu faktını təsdiq edə biləcək foto və videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacdan kənar xətt vasitəsi ilə X1 edilməsinin iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X1 Qaydalarının tələblərinə uyğun keçirilmədiyindən, məhkəmə sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. İddiaçının abonent hesabına isə məhz həmin akt əsasında borc hesablandığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 1385,44 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 33,85 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Hacıqabul rayonu, Kolanı kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar **********00004 abonent koduna hesablanmış 1385,44 (min üç yüz səksən beş manat qırx dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 33,85 (otuz üç manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-505/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-505/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver