Məhkəmə qərarları › İş №2(071)-535/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-535/2022

18.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-535/2022 18.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə əsassız olaraq onun abonent hesabına əlavə edilmiş 1.917,56 borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1965-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Hal-hazırda Hacıqabul rayonu Padar qəsəbəsində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin evə “Azərişıq" ASC tərəfindən işıq xətti çəkilərək, sayğac onun adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadıə edir və elektrik enerjisinə olan borcunu onu vaxtı-vaxtında ödəyir. Bu günə kimi onun heç bir borcu olmayıb. 2018-ci ilin noyabr ayında "xxxx" ASC-nin əməkdaşları onun xəbəri olmadan istifadəsində olan mexaniki işıq sayğacını smart tipli sayğacla əvəz etmişlər. O, sonradan kartını almaq üçün İşıq idarəsinə getdikdə ona elektrik enerjisindən istifadəyə görə 1.917,56 manat borcunun yarandığını bildirmişlər. İşıq idarəsindən ona işıq kartını versələr də, hər dəfə ödəniş etdikdə ödənişin 50% məbləği borcuna silinmiş sayğaca isə ödənişin 50% -i yüklənmişdir. İddiaçı hazırda 57 yaşının olduğunu, özünün heç bir yerdə işləmədiyini, 1ci qrup əlil oğlunun olduğunu. Bu vaxta qədər elektrik enerjisindən qanuna uyğun formada istifadə etdiyini, elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu vaxtı-vaxtında ödədiyini, buna baxmayaraq ona əsassız olaraq 1.917,56 manat borc yazıldığını, hazırda smart kart vasitəsilə işıq pulunu ödəməkdə davam etdiyini və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri əsassızdır və maddi hüquqi əsası yoxdur. Belə ki, İddiaçı yaşadığı ev Azərbaycan Respubliksı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə əsasən "xxxx" ASC-nin struktur vahidi olan X1 tərəfindən elektrik enerjisi ilə təchiz edilir. Təchiz edilmiş elektrik enerjisinə görə və sayğac göstəricisinə əsasən qismən ödənişlər edilmişdir. Hətta yaranmış borc məbləği ödənilmədiyi üçün “EEİQ”-nin 9.13.2-ci bəndinin tələblərinə uyğun olaraq müəssisəyə elektrik enerjisi verlişi də dayandırılmışdır. Lakin, buna baxmayaraq istehlakçı elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcu ödəməmişdir .Abonent bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. istehlakçı tərəfindən sayğacla istifadə olunmuş elektrik enerjisinin dəyəri vaxtında ödənilmədiyi üçün "xxxx" ASC-nin maliyyə durumunu pisləşdirməklə bərabər Mülki Məcəlləsinin 385-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, tərəflər arasında keçmiş illərdə və son dövrdə sərf olunmuş elektrik enerjisi üzrə borcun mövcudluğu barədədə bildirişlər təqdim olunmasına baxmayaraq iddiaçı həmin borcun ləğv olması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı və "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin İddiaçı və Azərişıq” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, X3 Təchizatı və Satışı İdarəsi X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18/221 saylı arayışdan müəyyən edilir ki, Hacıqabul rayon Padar qəsəbə sakini İddiaçı şikayəti X1 tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı **********00191 abonent kodu altında şəbəkədə qeydiyyatdadır. Abonent 2022-ci ilin aprel ayına mənzilində istifadə etdiyi elektrik enerjisinə görə 1.917,56 manat borc yaratmışdır. Belə ki, bu borcun 312 manatı "Azərenerji” ASC dövrü, 1.605,56 manatı isə "xxxx" ASC dövrü yaranmışdır. 2018-ci ilin noyabr ayında abonentin mənzilinə quraşdırılmış sayğac yeni müasir PAUD RAAD smart kart tipli sayğacla əvəz olunmuşdur. Hər dəfə abonent ödəniş etdikdə vəsaitin 50% -i borcdan silinir, 50 %-i isə sayğaca yüklənir. Tərəfimizdən İddiaçı məlumatlandırılmışdır ki, 1.605,56 manat "xxxx" ASC dövrü yaranmış borcu ödədikdən sonra qalan 312 manat "Azərenerji” ASC dövrü yaranmış borcu dondurulması üçün Şirvan RETSİ-nə müraciət olunacaqdır. Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı məxsus (abunə kodu **********00191) abunə hesabına heç bir əsaslı səbəb olmadan 1.801,59 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı abunə hesabına (abunə kodu **********00191) heç bir əsaslı səbəb olmadan 1.801,59 manat borc yazılmışdır. "xxxx" ASC-nin İddiaçı abunə hesabına bir dəfəyə bu qədər borc yazması reallığı əks etdirə bilməz. Belə ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu mütəmadi olaraq ödəmiş və bu vaxta kimi İddiaçı elektrik enerjisindən istifadəyə görə 35 manatdan artıq borcu yaranmamışdır. İddiaçı birdənbirə bu qədər borcun yaranması reallığa uyğun deyil və bu səbəbdən də iddiaçının iddiası təmin edilməlidir. xx.xx.2017-ci il tarixdə yazılmasına baxmayaraq bu günə kimi "xxxx" ASC xx.xx.2020-ci ilədək məhkəmədə borc tələbinə dair iddia qaldırmamış və bununla da tələb etmə müddəti də ötürmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə əsassız olaraq İddiaçı abonent hesabına (**********00191 abonent kodu) əlavə edilmiş 1.801,59 borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Padar qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq yazılmış 1.801,59 manat borc İddiaçı abunə hesabından (**********00191 abonent kodu) silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar