Məhkəmə qərarları › İş №2(071)-535/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-535/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-535/2023 20.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında yaşayır. Təbii qaz istifadəçisidir. 2021-ci ilin oktyabr ayınadək smart kart vasitəsilə qaz işlətmiş, ödədiyi pul müqabilində qaz sərf etmişdir. Qeyd edir ki, xx.xx.2021-ci ildə istifadəsində olan qaz sayğacının istismar müddəti bitdiyi üçün yenisi ilə əvəzlənmişdir. Sayğac çıxarılanda hərhansı bir problem olmamışdır. İşlək olmuş, Qaz İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli aktda hər hansı bir çatışmamazlıq qeyd olunmamışdır. Sayğac çıxarılandan bir il 5 ay sonra 2023-cü ilin mart ayında qaz nəzarətçisi ona 1555,20 manat məbləğində cərimə olunduğunu bildirib. Cərimənin yazılma səbəbi onun ünvanından çıxarılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi olmuşdur. Bildirirəm ki, həmin akt qanunsuz yazılmışdır. Sayğaca hər ay pul yükləyib qazdan istyifadə etmişdir. Sayğacda hər-hansı bir qüsur olmadığı çıxarılan zaman mütəxəssislər tərəfindən yerində yoxlanılaraq aktlaşdırılmışdır. Sayğacda qüsur olsaydı bunu sayğacı dəyişən işçilər görər və sayğacın çıxarılması barədə tərtib olunmuş ******* nömrəli aktda qeydlər aparardılar. Sayğac qaz idarəsinin quraşdırdığı yerdə, həyətdən çöldə gözlərinin qabağında qurulmuş, qoruyucu qutuyla təmin olunmamışdır. Ona yazılmış cərimə qanunsuzdur. Sayğac dəyişməmişdən öncə və dəyişəndən sonra 3 ilə təxminən 4000 kub qaz işlətdiyi halda qanunsuz olaraq 3 aylıq cərimə yazıb 12960 kub qaz hesablamaları, bundan əlavə ünvanından toxunulmaz halda çıxarılmış qaz sayğacına görə 1 il 5 ay sonra cərimə olunması absurddur. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun abonent hesabına əsassız olaraq hesablanmış 1555,20 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 oktyabr 2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1402AZ**********61 nömrəli qaz sayğacı yeni Zenner mexaniki tipli, G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müdətinin bitməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1402AZ**********61 nömrəli qaz sayğacının çıxış plastmas borusu deşilib. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-5541-1 nömrəli rəyinə əsasən G4 markalı 1402AZ**********61 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, çıxış plastmas borusu deşilib. Sayğac yararsızdır. Tələbnamədə əsas kimi 30 mart 2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-ci ilin mart ayı üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 13 oktyabr 2021-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1555,20 manat borcu sayğacın çıxış plastmas borusu deşilməsi ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman müdaxilə X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti deyil, qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına akt əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00300) abonent hesabına xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat, iyirmi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar