Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-538/2021 19.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsi və borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 09.07.2018-ci il tarixli LİZ-1363 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26.08.2020ci il tarixdən 25.06.2021-ci il tarixədək 3.243,46 manat əsas, 653,97 manat mükafat və həmin günə hesablanmış 4.282,89 manat dəbbə pulu, 7.086 manat dəymiş zərər olmaqla, cəmi 15.266,32 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin direktoru R.Ələsgərov 04.10.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2018-ci il tarixli LİZ-1363 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA515812 ban, 0595 mühərrik nömrəli, qara rəngli avtomobil 11.434 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçi Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N°3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,74 manat, ümumilikdə isə 18.708 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl etməmiş, lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, obyektinin qaytarılması, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 748.1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obtektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Hacıqabul rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(071)-484/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, obyektinin qaytarılması, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2018-ci il tarixli LİZ-1363 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmişdir. Cavabdeh 2.772,15 manat əsas, 750,32 manat mükafat və həmin günə hesablanmış 854 manat dəbbə pulu olmaqla, cəmi 3.976,47 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli 2(071)-484/2020 nömrəli qərardadı ilə məhkəmənin tələbbüsü ilə qətnamədə yol verilmiş yalnışlıq düzəldilmiş, Hacıqabul rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(071)-484/2020 nömrəli qətnaməsinin nəticə hissəsində lizinq obyekti olan “Daewo Gentra” markalı, 2013-cü il buraxılışlı, XWB5V319DEA515812 ban, 0595 mühərrik nömrəli, qara rəngli, ** PT *** dövlət qeydiyyat nişanlı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması qərara alınmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllənin 748.1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748.7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İddiaçı MMC iddia tələbində qeyd edir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 25.06.2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli qüsur aktında “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin əsaslı təmir edilməsi üçün yeni ehtiyat hissələrinin alınması üçün 5.596 manat, ümumi xidmət haqqı 1.490 manat olmaqla, cəmi 7.086 manat vəsait tələb olunduğu göstərilmişdir. Buna əsaslanaraq iddiaçı cavabdehin avtomobili yararsız vəziyyətə salmasını və ona 7.086 manat ziyan vurduğunu iddia edir. Həmçinin iddiaçı iddia tələbində lizinq alan Cavabdeh məhkəmə qətnaməsi qəbul edildiyi 26.08.2020-ci il tarixdən avtomobilin şirkətin müvəqqəti duracağına gətirildiyi 25.06.2021-ci il tatixədək lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etməsinə görə 3.243,46 manat əsas, 653,97 manat mükafat və həmin günə hesablanmış 4.282,89 manat dəbbə pulu olmaqla, cəmi 8.180,32 manat borcu yarandığını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının lizinq alan Cavabdeh məhkəmə qətnaməsi qəbul edildiyi 26.08.2020-ci il tarixdən avtomobilin şirkətin müvəqqəti duracağına gətirildiyi 25.06.2021-ci il tatixədək lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etməsinə görə 3.243,46 manat əsas, 653,97 manat mükafat və həmin günə hesablanmış 4.282,89 manat dəbbə pulu olmaqla, cəmi 8.180,32 manat borcu yarandığını iddia etməsi tamamilə əsassız olmaqla, təmin edilə bilməz. Çünki, Hacıqabul rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2018-ci il tarixli LİZ-1363 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmişdir. Cavabdeh 2.772,15 manat əsas, 750,32 manat mükafat və həmin günə hesablanmış 854 manat dəbbə pulu olmaqla, cəmi 3.976,47 manat borc tutularaq İddiaçı MMC-yə ödərilməsi, həmçinin 05.11.2020-ci il tarixli qərardadla lizinq obyekti olan “Daewo Gentra” markalı, 2013-cü il buraxılışlı, XWB5V319DEA515812 ban, 0595 mühərrik nömrəli, qara rəngli, ** PT *** dövlət qeydiyyat nişanlı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv edilmiş və artıq mövcud olmayan 09 iyul 2018-ci il tarixli müqaviləyə istinad etməklə, cavabdehin 3.243,46 manat əsas, 653,97 manat mükafat və həmin günə hesablanmış 4.282,89 manat dəbbə pulu olmaqla, cəmi 8.180,32 manat borcu yaranmasını iddia edə və ödənilməsini tələb edə bilməz. İddia tələbinin digər hissəsi, yəni avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissəsində isə iddia tələbi qismən əsaslıdır. Çünki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli qüsur aktında “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin əsaslı təmir edilməsi üçün yeni ehtiyat hissələrinin alınması üçün 5.596 manat, ümumi xidmət haqqı 1.490 manat olmaqla, cəmi 7.086 manat vəsait tələb olunduğu göstərilmişdir. İddiaçı MMC-nin “problemli aktivlərin idarə olunması şöbəsi”nin problemli kreditlər üzrə mütəxəsisi X2, digər tərəfdən X1 iştirakı ilə tərtib edilmiş 25.06.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilərkən, avtomobilin qabaq kapotu, sağ qanadı, qabaq buferi, radiatoru, beyni, akkumlyatoru, yan güzgüləri, ablisovkası və maqnitafonu daxil olmaqla, cəmi 9 adda ehtiyyat hissəsinin çatışmadığı qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli qüsur aktında göstərilən qiymətlərə üyğun olaraq “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilərkən 25.06.2021-ci il tarixli aktda göstərilən və çatışmayan 9 adda ehtiyat hissəsinin ümumi qiyməti 2.320 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli qüsur aktında “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin 43 adda ehtiyat hissəsinin yenisi ilə əvəz olunmasına ehtiyac olduğu göstərilmiş və bu ehtiyat hissələrinin alınması üçün 5.596 manat tələb olunduğu qeyd edilmişdir. Dəmirçi işinin görülməsinə 400 manat, armaturçu işinə 150 manat, rəngsaz işinə 650 manat, elektrik işinə 150 manat, çilingər işinə 100 manat, razval, balans işinə 40 manat tələb olunduğu qeyd edilir. Məhkəmə qeyd edir ki, cavabdeh yalnız 25.06.2021-ci il tarixli aktda göstərilən və “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanca qəbul edilərkən çatışmayan 9 adda ehtiyat hissələrinin alınması üçün tələb olunan 2.320 manat vəsaitin və həmin ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb olunan vəsaitin, yəni dəmirçi işi üçün 200 manat, rəngsaz işinə 200 manat, eletrik işinə 150 manat olmaqla, cəmi 550 manat üsta haqqı daxil olmaqla, ümumilikdə 2.870 manat həcmində real zərərin ödənilməsi üçün məsuliyyət daşıya bilər. Qalan ehtiyat hissələrinin alınması və işlərin görülməsi üçün cavabdeh məsuliyyət daşımır. Çünki, iddiaçı iddia tələbində avtomobilin tamamilə əsaslı təmirinə, yəni yenilənməsinə tələb olunan xərcin ödənilməsini tələb edir. Lakin avtomobilin tamamilə yararsız vəziyyətə salınmasında, yəni dəyişilməli olan 43 adda ehtiyat hissəsinin cavabdeh tərəfindən yararsız hala salınmasını təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə 09.07.2018-ci il tarixli təhvil-təslim aktında da İddiaçı MMC-nin “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh hansı vəziyyətdə təhvil verməsi öz əksini tapmamışdır. (tam yararlı vəziyyətdə olması göstərilməmişdir). Bundan başqa, 19.10.2021-ci il tarixdə “TURBO AZ” saytından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, 2013-2014-cü il istehsalı olan “Daewoo Gentra” markalı avtomobillərin satış qiymətləri 2021-ci ilin oktyabr ayı üçün 6.500-9.500 manat arası göstərilmişdir. Yəni, iddiaçının iddia tələbində göstərilən 7.086 manat vəsait normal vəziyyətdə olan 2013- 2014-cü ilitn avtomobillərin satış qiymətindən də yüksək göstərilmişdir. Bu isə iddiaçıya məxsus olan avtomobilə vurulmuş zərərin məbləğinin 7.086 manat göstərilməsinin real olmadığını təsdiq edir. Məhkəmə qeyd edir ki, “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 25.06.2021-ci il tarixdə saxlanca qəbul edilərkən avtomobildə 9 adda olmaqla, ümumilikdə 2.320 manat dəyərində ehtiyyat hissəsi mövcud olmamış, sonradan İddiaçı MMC tərəfindən avtomobilə dəyən zərər qəsdən şişirdilərək 43 adda ehtiyyat hissəsinin olmaması və ümumilikdə avtomobilə 7.086 manat zərər dəyməsi göstərilməklə, avtomobilin əsaslı təmir edilməsi məqsədi güdülmüşdür. Halbu ki, bu məbləğə normal işlək vəziyyətdə olan 2013-2014-cü il istehsalı olan “Daewoo Gentra” markalı avtomobil almaq mümkündür. Odur ki, məhkəmə hesab edir ki, “Daewoo Gentra” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş real zərərin məbləği 7.086 manat həcmində deyil, 2.320 manat ehtiyat hissəsinin olınması və 550 manat təmir pulu olmaqla, cəmi 2.870 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.07.2018-ci il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən lizinqə aldığı və İddiaçı MMC-nin mülkiyyətində olan “Daewo Gentra” markalı, 2013-cü il buraxılışlı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş real maddi zərərin əvəzi olaraq 2.870 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.900 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - Cavabdeh İddiaçı MMC-nin xeyrinə 09.07.2018-ci il tarixli LİZ-1363 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26.08.2020-ci il tarixdən 25.06.2021-ci il tarixədək 3.243,46 manat əsas, 653,97 manat mükafat və həmin günə hesablanmış 4.282,89 manat dəbbə pulu, avtomobilə dəymiş zərərin əvəzi kimi 4.216 manat ödənilməsi hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09.07.2018-ci il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən lizinqə aldığı və İddiaçı MMC-nin mülkiyyətində olan “Daewo Gentra” markalı, 2013-cü il buraxılışlı, XWB5V319DEA515812 ban nömrəli, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 2.870 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.900 (iki min doqquz yüz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-538/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-538/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver