Məhkəmə qərarları › İş №2(071)-554/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-554/2023

03.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-554/2023 03.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq abonent hesabına hesablanmış 1552 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, qazın dəyərini vaxtı-vaxtında ödəyir. Belə ki, xx.xx.2022-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı **********4 saylı qaz sayğacını açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edərək və sayğacı G-4 markalı, **********831 saylı sayğacla əvəz ediblər. xx.xx.2023-cü il tarixdə onu evinə bildiriş gəlib. Dərhal qaz idarəsinə yollanıb, ordan ona dəymiş ziyanın bərpasına dair tələbnamə verib və deyiblər ki, 1552 manat borcunuz var. Həmin tələbnamədə göstərilir ki, sayğaca baxış keçirilib. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Halbuki o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişidir. Buna baxmayaraq, ona əsassız olaraq 1552 manat cərimə hesablamışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun abonent hesabına hesablanmış 1552 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli G4 markalı **********4 nömrəli qaz sayğacı yeni Zenner tipli, G4 markalı **********831nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi abonentin borcu olduğu göstərilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-298- 1 nömrəli rəyinə əsasən G-4 markalı **********4 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Sayğacın göstəricisi 12960 m3 olmuşdur. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-ci il üçün qalıq və aktlar üzrə 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədi ilə 1555,20 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1555,20 manat borcu sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Bununla belə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçının abonent hesabına 1555,20 manat borc hesablanmasına baxmayaraq, iddiaçı tələbində həmin borcun 1552 manat hissəsinin silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona iddiaçı və ya onun ailə üzvləri tərəfindən hər hansı formada müdaxilə olunması müəyyən edilmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti deyil, qaz paylayıcısı olan cavabdeh özü məsuliyyət daşıdığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına akt əsasında hesablanmış borcun 1552 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun 1552 (min beş yüz əlli iki) manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar