Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-565/2021 28.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X2 qarşı “faktorinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC cavabdeh X2 qarşı “faktorinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 24.07.2019-cu il tarixli 01 nömrəli faktorinq müqaviləsinə və həmin müqaviləyə edilmiş 25.07.2019-cu il tarixli 01 nömrəli əlavəyə əsasən X1 2.610,67 manat əsas borcun və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.641,07 manat pul tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair teleqramını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Çünki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 21.08.2018-cİ il tarixli 154-EMB- 0899-18 nömrəli kredit müqaviləsinə əsasən BOKT "xxxx" QSC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlıqları alınması məqsədilə 24 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh 2.750 manat kredit vermişdir. BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 05.10.2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan X7 avadanlıqların (istehlak mallarının) satışı zamanı 30 gündən yuxarı gecikməsi olan müştərilərin borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT “Embafİnans" QSC qarşısında öhdəlik götürmüşdür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsində qeyd edir ki, 21.08.2018-ci il tarixli 154-EMB-0899- 18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər borcalan Cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 05.10.2015-ci il tarixli əməkdaşlıq haqqında müqavilənin 2.1.6-cı bəndinə əsasən borcalan Cavabdeh 2.610,67 manat gecikdirilmiş kredit borcu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 tərəfindən BOKT "xxxx" QSC-yə ödənilmişdir. BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 24.07.2019-cu il tarixli 01 saylı faktorinq müqaviləsinə və həmin müqaviləyə edilmiş 25.07.2019-cu il tarixli 01 saylı əlavəyə əsasən “Müştəri" adlandırılan X7 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor” adlandırılan BOKT "xxxx" QSC-yə güzəşt etməyi, “Faktor” isə “Müştəri”dən aldığı tələb hüququnun dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına və məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavadehə pul tələbinin güzəşti və borcun ödənilməsinə dair 03.06.2021-ci il tarixli 15514/21 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı BOKT "xxxx" QSC iddia tələbində - X7 21.08.2018-ci il tarixli 154-EMB-0899-18 nömrəli müqavilə üzrə Cavabdeh 2.610,67 manat borcunu ödədiyini, daha sonra isə həmin borcun tələb hüququnun BOKT "xxxx" QSC-yə verildiyini iddia etsə də, bu halı təsdiq edən kassa mədaxil orderini məhkəməyə təqdim etməmişdir. 30.11.2018-ci və 23.07.2019-cu il tarixli kassa mədaxil orderindən müəyyən edilir ki, X5 154- EMB-0899-18 nömrəli müqavilə üzrə Cavabdeh 2.610,67 manat (4+2.606,67 = 2.610,67 manat) borcunu BOKT "xxxx" QSC-yə ödəmişdir. BOKT "xxxx" QSC 03.06.2021-ci il tarixli MA-0021677-21 nömrəli maliyyə arayışından müəyyən edilir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh 21.08.2018-ci il tarixli 154-EMB-0899-18 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 03.06.2021-ci il tarixə əsas borcu yoxdur. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, Cavabdeh 21.08.2018-ci il tarixli 154-EMB-0899-18 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC-yə borcu yoxdur. X4 Cavabdeh əvəzində pul ödədiyini təsdiq edən sübutlar yoxdur. Cavabdeh “BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 24.07.2019-cu il tarixli 01 nömrəli faktorinq müqaviləsi və həmin müqaviləyə edilmiş 25.07.2019-cu il tarixli 01 nömrəli əlavə üzrə BOKT "xxxx" QSC-nin qarşısında hər hansı bir öhdəliyi yoxdur. İddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilmədiyinə görə, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X2 qarşı “BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X7 arasında imzalanmış 24.07.2019-cu il tarixli 01 nömrəli faktorinq müqaviləsinə və həmin müqaviləyə edilmiş 25.07.2019-cu il tarixli 01 nömrəli əlavəyə əsasən X1 2.610,67 manat əsas borcun və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.641,07 manat pul tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-565/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-565/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver