Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-590/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli AKT R № 324457 və xx.xx.2021-ci il tarixli AKT R № 239315 nömrəli aktların ləğv edilməsini, cərimənin və debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı barəsində 239315 nömrəli və 324457 nömrəli aktlar ilə, uyğun olaraq, 457,03 manat və 242,03 manat əsassız olaraq cərimə tətbiq edilmiş, həmçinin istifadə etmədiyi enerjiyə görə 468,51 borc yazılmışdır. 2021-ci ildə yazılmış cərimə barədə ona nəzarətçilər bildirmişdir ki, yazılmış cərimə formal xarakter daşıyır və ondan heç bir məbləğ tələb edilməyəcək. Smart kart tipli sayğacda olan vəsait çatışmazlığı bilinənə qədər, ondan "xxxx" ASC tərəfindən heç bir borc məbləği tələb edilməyib və heç bir akt verilməyib. Smart kart tipli sayğac ilə təmin olunduqdan sonra, hər dəfə karta vəsaiti yüklənib və kartda olan vəsaiti sayğaca yükləmişdirlər, amma, nə qədər məbləğin sayğaca yükləndiyini bilməmişdirlər. Sonuncu dəfə, oğlu - Nümayəndə1 tərəfindən kartdakı vəsaiti sayğaca yükləyəndə, ona bildirmişdir ki, İddiaçı borcu yaxud cəriməsi olduğu üçün, sayğaca yüklənən məbləğin 50 faizi avtomatik olaraq silinmişdir. Oğlu - Nümayəndə1 tərəfindən hesab.az internet portalında axtarış apardıqda, aydın olmuşdur ki, İddiaçı barəsində 239315 və 324457 iki akt tərtib edilib və əlavə olaraq da debitor borc yazılıb. O bildirmişdir ki, sayğaca onun və ailə üzvlərinin iştirakı olmadan sayğaca və həmin sayğaca gələn xəttə baxış keçirmişlər. İddiaçı barəsində tərtib edilmiş aktlarda qeyd edilmiş kənar xəttin onun fərdi yaşayış evinə heç bir adiyyatı yoxdur. Belə ki, mülkiyyətinə aid olan sayğacdan hər hansı bir qanun pozuntusu aşkar edilməmiş, "xxxx" ASC tərəfindən ümumi istifadə üçün çəkilən xəttə hər hansı bir müdaxilə olunmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixində məhkəməyə iddianı dəqiqləşdirmə ərizəsi verərək bildirmişdir ki, iddia tələbinə borcun silinməsi hissəsində baxılmasını və 1361,77 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddiasını müdafiə edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 239315 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus (**********00005 nömrəli abonent kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Kənar xətdən axan yük 26 A təşkil etmişdir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 324457 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00005 nömrəli abonent kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Kənar xətdən axan yük 64 A təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filalının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, abonentin dövriyyə üzrə elektrik enerjisinə görə borcdan 164,15 manat məbləğin xx.xx.2015-ci il tarixinə inteqrasiya dövr borcuna, 743,84 manat məbləğin xx.xx.2016-cı il tarixdə daxil edilmiş protokola görə, 680,77 manat məbləğin R239315 nömrəli 08 dekabr 2021-ci il tarixli akta görə aparılmış hesabata, 242,23 manat məbləğin R 324457 nömrəli 18 fevral 2024-cü il tarixli akta görə aparılmış hesabata əsasən yarandığı və ödəniş olunduğundan xx.xx.2024-cü il tarixdə 1361,77 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən hesablaşma elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunması ilə bağlı R239315 nömrəli 08 dekabr 2021-ci il tarixli akt tərtib edilərək istehlakçının imzadan imtina etdiyi barədə qeydiyyat aparılmışdır. Akta əsasən faktiki istifadə yükü 26A nəzərə alınmaqla 60 gün müddətinə 680,77 manat məbləğində hesabat aparılaraq dövriyyəyə daxil edilmişdir. Pozuntu halı ilə bağlı akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbi pozulmuş, hal şahidlərinin iştirakları təmin edilməmişdir. Sonradan nümayəndələr tərəfindən hesablaşma elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunması ilə bağlı R 324457 nömrəli 18 fevral 2024-cü il tarixli akt tərtib edilərək istehlakçının imzadan imtina etdiyi barədə qeydiyyat aparılmışdır. Akta əsasən faktiki istifadə yükü 64 A nəzərə alınmaqla 8 gün müddətinə 242,23 manat məbləğində hesabat aparılaraq dövriyyəyə daxil edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı adına olan dövriyyə üzrə protokol və hesabat sənədinin təqdim edilməsi, protokola əsasən yaranmış borc məbləğinə, inyeqrasiya dövr borc məbləğinə və aktlara əsasən aparılmış hesabatlara sayğac göstəricilərinin düzgün daxil edilməməsi nəticəsində yaranmış əlavə dəyər məsələsinə qanunvericiliyə uyğun baxılması üçün "xxxx" ASC-yə göndərilmiş məktuba cavab olaraq, İddiaçı adına olan dövriyyə üzrə protokol saxlanılmadığı üçün hesabata baxılmasının mümkün olmadığı, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 164 manat məbləğin xx.xx.2024-cü il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi, həmçinin tərtib edilmiş bütün aktalara görə aparılmış hesabatların isə Qaydalara uyğun olduğu bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca kənar xətt qoşulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-590/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki obyektlərin tədqiqi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6588 nömrəli məktubunda bildirilmişdir ki, 2(071)-590/2024 saylı mülki iş üzrə təyin edilmiş ekspertizanın aparılmasından imtina edilmiş və bununla bağlı 26 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə ekspertizanın aparılmasından imtina edilməsi barədə qərarda bildirilmişdir ki, kommunal xidmət (qaz,su,işıq) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Sayğacdankənar qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, R 239315 və xx.xx.2024-cü il tarixli, R 324457 nömrəli aktlara əsasən İddiaçı məxsus (**********00005 nömrəli abunə kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinin aşkar edildiyi qeyd olunmuşdur. Sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsinin iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarından yəni Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filalının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, akt tərtib edilərkən pozuntu halına yol verilmiş, bundan başqa akt qeyd olunan xüsusatlarla bağlı ekspertiza keçirilməsinə bağmayaraq, obyektiv hallarla bağlı mümkün olmamışdır. Göründüyü kimi, aktda qeyd olunan hallar sübuta yetirilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abonent (abonent kodu **********00005) İddiaçı məxsus Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş aktlar əsasında və debitor borc olaraq hesablanmış 1361,77 (min üç yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 33,61 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent (abonent kodu **********00005) İddiaçı məxsus Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş aktlar əsasında və debitor borc olaraq hesablanmış 1361,77 (min üç yüz altmış bir manat yetmiş yeddi qəpik) manat məbləğ silinsin. Cavabdeh "xxxx" ASC-dən 33,61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-590/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-590/2024
01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver