Məhkəmə qərarları › İş №2(071)-592/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-592/2024

24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-592/2024 24.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayır. Ona məxsus fərdi yaşayış evinə göstərilən bütün kommunal xidmətlərlə bağlı sənədləşdirmələr onun adına rəsmiləşdirilmişdir. Həmçinin yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı uzun müddət istifadə olunduqdan sonra, sayğac yenisi ilə əvəz edilmişdir. Qaz sayğacı yeniləndikdən bir müddət ona borcunun olması barədə bildiriş təqdim edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, 27 oktyabr 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilməklə 172,80 manat məbləğdə borc hesablanmışdır. Borcun yaranma əsasını öyrənmək məqsədilə X3 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsinə müraciət etmiş və bundan sonra 27 oktyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt barədə məlumat almışdır. Onun evdə istifadə etdiyi təbii qaza görə heç vaxt borcu olmamış və təbii qazın haqqını həmişə vaxtı-vaxtında ödəmişdir. Həmçinin evdə təbii qazdan daima qənaətlə istifadə etmiş ki, pulunu ödəməyə imkanı çatsın. Həmin aktın tarixində açıq-aşkar görünür ki, payız aylarıdır və əmin vaxt qış aylarına nisbətən qazdan çox az istifadə edilir. O, nümunəvi təbii qaz istehlakçısı olmuş, istifadə etdiyi təbii qazın haqqını həmişə vaxtından əvvəl ödəmiş, ona görə də sayğacı smrat tipli sayğac olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirdi ki, iddia tələbinə yalnız əsassız hesablanmış 172,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun yaşadığı evə quraşdırılmış qaz sayğacı evinin çölündə yerləşir və o sayğaca heç bir müdaxilə etməmişdir. Odur ki, ona əsassız olaraq hesablanmış 172,80 manat məbləğində borcun silinməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı adına qeydə alınmış İtron G4 markalı 1002AQ**********7 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1002AQ**********7 nömrəli sayğacın klapanı işlək deyil, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir. Sayğacın istismara yararsız olduğu göstərilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-9800/Q004 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********7 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejminin aşkar olunmamışdır. Xətaların normadan artıq olması aşakr edilmişdir. Həmçinin sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Eyni zamanda kamera ilə sayğacın daxilinə baxış keçirilərək kənar təsir izləri aşkar edilməmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına rəsmiləşdirilmiş Hacıqabul rayonu Qarasu kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin dekabr ayında akt üzrə 172,80 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən məhkəmənin sorğusuna əsasən elektron kabinet vasitəsilə verilmiş arayışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 172,80 manat borc hesablanmış və həmin borcdan tutulma, hər hansı ödəniş olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Sayğacın çıxarılma səbəbi səyyar istismara yararsız olması göstərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 1 aydan artıq müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Hacıqabul rayonu, Qarasu kəndindəki fərdi yaşayış təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar