Məhkəmə qərarları › İş №2(071)-593/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-593/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-593/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, R 324456 nömrəli aktın etibarsız hesab edilərək, **********00873 nömrəli abonent koduna hesablanmış 1211,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sonuncu dəfə elektrik sayğacının kartına pul ödəyərkən 1211,68 manat borcu olduğunu öyrənmişdir. Belə ki, karta yüklədiyi vəsaitin 50 faizi avtomatik olaraq silinmişdir. Onun xəbəri və iştirakı olmadan barəsində akt tərtib edilmiş və yüksək məbləğdə cərimə yazılmışdır. O bildirmişdir ki, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Aktın tərtib olunması haqqında ona heç bir məlumat verilməmişdir. Həmçinin qeyd etmişdir ki, hər ay ən azından iki dəfə tanımadıqları şəxslər tərəfindən kənddə yoxlama-nəzarət aparılır, hansı ki, həmin şəxslər hər ay dəyişilir, belə bir mühitdə elektrik enerjisinə müdaxilə etmək qətiyyən mümkün deyil. Hər ay nəzarətçi tərəfindən onun sayğacı oxunub. hər kəsə eyni vaxtda oxşar formada (abonentin və digər hal şahidlərinin iştirakı və imzası olmadan) akt tərtib edilməsi onu deməyə əsas verir ki, enerji təchizat müəssisəsi itirilmiş enerji dəyərinin balans tarazlığı üçün, istənilən şəxsə sözügedən cəriməni tətbiq etmişdir. O hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT R № 324456 nömrəli akt qanunsuz və əsassızdır. Ona görə aidiyyəti üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddianı dəqiqləşdirmə ərizəsi verərək bildirmişdir ki, iddia tələbinə borcun silinməsi hissəsində baxılmasını və 1211,68 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, 324456 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********00873 nömrəli abonent kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Kənar xətdən axan yük 43 A təşkil etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının xx.xx.2024-cü il tarixli 3-15-2-6/2-Kol-1778-5-290/2024 nömrəli məktubundan müəyyən edilmişdir ki, Hacıqabul rayonu, Kolanı kənd sakinləri X3, X4 və X5 yaşayış evlərində elektrik enerjisinə görə yaranmış borc məbləğlərinin araşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə müraciət etmiş və İddiaçı barəsində bildirilmişdir ki, "xxxx" ASC-nin “Şirvan” RETSİ-dən (RETSİ) təqdim olunan abonent qeydiyyatı X1 adına olan dövriyyə üzrə (kod: **********00873) elektrik enerjisinə görə borcdan 1211,68 manat məbləğin R 324456 nömrəli, xx.xx.2024-cü il tarixli akta görə aparılmış hesabata əsasən yarandığı və ödəniş olunduğundan xx.xx.2024-cü il tarixinə 1201,68 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən hesablaşma elektrik sayğacının dövrədən kənarlaşdırılması və sayğacdan kənar elektrik enerjisindən istifadə olunması ilə bağlı R 324456 nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilərək istehlakçının imzadan imtina etdiyi barədə qeydiyyat aparılmışdır. Akta əsasən faktiki istifadə yükü 43 A nəzərə alınmaqla 60 gün müddətinə, 1211,68 manat məbləğində hesabat aparılaraq dövriyyəyə daxil edilmişdir. Həmçinin qeyd edilmişdir ki, sayğacdan kənar istifadə ilə əlaqədar tərtib edilmiş bütün aktla bağlı təqdim edilmiş videoçəkilişlərdə abonentlər tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verməsi sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş CD disk tədqiq edildikdə müəyyən edildi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğaca kənar xətt qoşulmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 1211,68 manat ümumi borcundan 29,68 manat ödənilmişdir. Qalıq borc 1182 (min yüz səksən iki) manat məbləğində müəyyənləşdirilmişdir. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-593/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6586 nömrəli məktubunda bildirilmişdir ki, 2(071)-593/2024 saylı mülki iş üzrə təyin edilmiş ekspertizanın aparılmasından imtina edilmiş və bununla bağlı 26 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə ekspertizanın aparılmasından imtina edilməsi barədə qərarda bildirilmişdir ki, kommunal xidmət (qaz,su,işıq) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Sayğacdankənar qanunsuz qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Beləliklə, ekspertiza tərəfindən aktda qeyd olunan xüsusatların müəyyən edilməsi mümkün olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, R 324456 nömrəli aktlara əsasən İddiaçı məxsus (**********00873 nömrəli abunə kodu) Hacıqabul rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinin aşkar edildiyi qeyd olunmuşdur. Sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmişdir. Digər tərəfdən, cavabdeh tərəf sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsinin iddiaçının və ya onun ailə üzvlərinin təqsiri olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonent (abonent kodu **********00873) İddiaçı məxsus Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324456 saylı akt əsasında hesablanmış borcdan qalıq qalan 1182 (min yüz səksən iki) manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 31,82 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Abonent (abonent kodu **********00873) İddiaçı məxsus Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacından kənar elektrik xətti vasitəsilə şəbəkəyə qanunsuz qoşulma ilə bağlı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 324456 saylı akt əsasında hesablanmış borcdan qalıq qalan 1182 (min yüz səksən iki) manat borc məbləği silinsin. Cavabdeh "xxxx" ASC-dən 31,82 (otuz bir manat səksən iki qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar